"Ölkəmizə qarşı başladılmış iyrənc kampaniya yenə iflasa uğrayacaq" ÖZƏL-ŞƏRH
"Azərbaycanda baş tutacaq istənilən beynəlxalq tədbir öncəsi ölkəmizə qarşı qeyri-obyektiv, qərəzli, həqiqəti əks etdirməyən, reallıqdan uzaq kampaniya həyata keçirilir. Xatırlayırsınızsa hər bir qlobal beynəlxalq tədbirlər keçirilən ərəfədə, konkret olaraq nümunə olaraq göstərsək, 2012- ci ildə Eurovision, 2015- ci ildə Avropa Oyunları, 2016- cı ildə İslam Həmrəyliyi Oyunları keçirilən ərəfədə də bu cür qara piar təşkil edilmişdi".Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Sədrin sözlərinə görə, Azərbaycan mühüm enerji və nəqliyyat layihələrini reallaşdıran zaman da, həmişə ölkəmiz analoji çirkin kampaniyaların hədəfində olub: "Guya ölkəmizdə insan hüquqları pozulur, guya insanların təhlükəsizliyi ilə bağlı narahatçılıq mövcuddur və sair. Bu dəfə də aparılan təbliğatın əsas tezisi insan hüquqları ilə bağlıdır. Azərbaycanda polislərin insanlara qarşı münasibəti ilə Fransada sarı jiletlilərin təşkil etdiyi aksiyalar zamanı polislərin addımını müqayisə etmək belə mümkün deyil. Və yaxud, ABŞ kimi dövlətdə polis şübhəli şəxsə qarşı silahdan istifadə edir, günün günorta vaxtı şübhəli şəxsi qətl edir. Azərbaycanda belə faktlar varmı? Ümumiyyətlə insan hüquqları məsələsinin UEFA-nın tədbirinə nə aidiyyatı var? Həmişəki kimi bu iddianın heç bir əsası yoxdur.
Bu dəfə yeni iddialar da mövcuddur. Guya qonaqların viza alması ilə bağlı problem var, viza alınması proseduru çətindir. Halbu ki, cənab Prezidentin şəxsi təşəbbüsü ilə Azərbaycanda milli brend olaraq "ASAN Xidmət" istifadəyə verilib və bu xidmətin tərkibinə həm də asan viza daxildir ki, çox sadə bir prosedur icra edilməklə hər kəs ölkəmizə giriş vizasını asanlıqla ala bilir. İstənilən turist vizanı həm elektron yolla ala bilər. Həm də turistlər hava limanında uzağı 20 dəqiqəyə viza ilə təmin edilir. Hansı ki, biz Avroapaya səfərimiz zamanı viza prosedurunu ən tez halda 3 günə həll edə bilirik. Göründüyü kimi viza ilə bağlı iddia tam əsassızdır.
Aviabiletlərin və otellərin baha olması ilə bağlı narahatçılıq ortaya qoyulub ki, əslində bu iddia da həqiqəti əks etdirmir. Birincisi aviabiletlərin qiymətini dövlət tənzimləmir, bu tələb və təkliflə bağlı məsələdir. Hətta AZAL Böyük Britaniyaya uçuş xərclərində xeyli ebdirimlər edib. Vaxtaşırı xarici səfərlərdə olan biri kimi deyə bilərəm ki, əslində otellərimiz ən müasir səviyyədədir və qiymətlər də Avropa qiymətlərindən heç də baha deyillər, əksinə xeyli əlçatandırlar.
Cari ilin may ayının 29-da Bakıdakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında iki ingilis komandası - “ Arsenal” və “Çelsi” arasında keçiriləcək oyuna görə hətta absurd olaraq Britaniya Xarici İşlər Nazirliyi də müvafiq bəyənatla çıxış edib. Hansı ki, Britaniyanın ölkəmizdə diplomatik korpusu mövcuddur, bu dövlətin ölkəmizdə böyük korporasiyaları fəaliyyət göstərir və onlar ən azından reallığı bilirlər. Bakıda indiyədək xarici turistlərə qarşı hansısa soygunçuluq hadisəsi, ciddi qarşıdurma halları baş verməyibsə, nədən Britaniya kimi bir dövlətin xarici siyasət idarəsi ingilis futbol fanatlarına Bakıda “əcnəbilərin baş çəkdiyi barların ətrafında soyğunçuların hücumlarına məruz qala biləcəkləri” haqda müraciət etsin?
Digər bir “narahatçılıq” “Arsenal”ın erməni əsilli hücumçusu Henrix Mxitaryan barədədir. “Daily Mail”ın məlum və həqiqətdən uzaq iddiasının hansısa əsası varmı? Azərbaycanda indiyədək erməni əsilli idmançılar səfərlər ediblər, hətta, cənab Prezident qalib erməni idmançısına mükafatı şəxsən təqdim etməklə böyüklüyünü, alicənablığını nümayiş də etdirmişdi. Hər şeydən xəbərdar olan “Daily Mail”ın qeyd olunan hadisədən xəbərsiz olması mümkündürmü?
Mötəbər idman oyununa gələn istənilən əcnəbinin təhlükəsizliyinə Azərbaycan dövləti rəsmi olaraq təminat və zəmanət verdiyi halda təhlükəsizliklə bağlı uydurmaların mənbəyi haradandır? Fikirləşirəm ki, bu müstəqil, milli maraqlarını üstün tutaraq siyasət yeridən Azərbaycana qarşı qısqanc mövqe tutan qərbdəki ənənəvi qüvvələrin iyrənc təzyiq metodudur. Xatırlayıram ki, 2014-cü ildə Dünya Gənc Alimlərinin ilk Bakı Forumu öncəsi Sorbon Universitetində təqdimat edərkən bir fransız xanımın Azərbaycanın müharibə gedən dövlət, Bakının kriminal paytaxt şəhəri olması ilə bağlı iddiası var idi. Hətta, o xanım ilk günlər Bakıda çantasını xüsusi mühafizə edirdi. Lakin, növbəti günlərdə ölkəmiz haqqında indiyədək yanlış informasiyaya malik olduğunu, Bakının ən təhlükəsiz şəhərlərdən biri olması qənaətinə gəldiyini ifadə edərək xalqımıza qarşı böyük rəğbət və ehtiramla geri döndüyünü bildirdi. Deməli, Azərbaycana qarşı məqsədli şəkildə, xüsusi qərəzlə bu tip kampaniya aparılır. Əminəm ki, hər dəfə olduğu kimi, bu dəfə də UEFA Avropa Liqasının final qarşılaşması yüksək səviyyədə reallaşacaq, ölkəmizə qarşı başladılmış iyrənc kampaniya növbəti dəfə iflasa uğrayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB