Siyavuş Novruzov: “Bu gün Heydər Əliyev irsi hərtərəfli şəkildə davam etdirilir”

Siyavuş Novruzov: “Bu gün Heydər Əliyev irsi hərtərəfli şəkildə davam etdirilir”

“Dünyada çox az ölkələr var ki, onlar müstəqil siyasət həyata keçirir. Azərbaycan da bu az ölkələr sırasındadır. Təbii ki, bütün bunları Ümummilli Liderin əsasını qoyduğu siyasət nəticəsində əldə etmək mümkün olub”. SİA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP-ın icra katibinin müavinin sözlərinə görə, tarixə nəzər salsaq görərik ki, ən acınacaqlı müstəqillik 15 respublika arasında Azərbaycana qismət olub: “Baxmayaraq ki, Azərbaycan digərlərindən güclü idi, amma ölkəmiz ən çətin və ağır müstəqillik dövrü yaşayıb. Çünki, o vaxtki rəhbərlikdə olan insanlar fəaliyyətlərini xalqın rifahına, müstəqil dövlətin qurulmasına deyil, Ümummilli Liderin əvvəlki dövründəki fəaliyyətinin təhlilinə həsr edirdilər. Onlar ordu yaratmaq əvəzinə şər, böhtan atmaqla məşğul idilər. Lakin Ulu Öndər hakimiyyətə gəldikdən sonra bunlara son qoyuldu. Ulu Öndər Heydər Əliyev fəaliyyəti ilə bir daha sübut etdi ki, əgər bir şəxs qarşısına dövlətə xidmətçilik etməyi qoyubsa ona heç kim və heç nə mane ola bilməz. Bu gün bəziləri öz xidmətlərini başqa cür təqdim etməyə çalışırlar. Həmin şəxslər guya həmin dövrdə mövcud olan sistemin, dövlət quruluşunun düzgün olmadığı üçün fəaliyyətlərini təqdim edə bilmədiklərini bildirirlər. Lakin Ulu Öndər bunun üzərindən xətt çəkdi və sübut etdi ki, xidmət göstərmək üçün istəmək lazımdır”.

Ulu öndər Heydər Əliyevin tələbələrin xaricdə oxuması istiqamətində əvəzolunmaz addımlar atdığını deyən S.Novruzov söyləyib ki, Azərbaycançılıq ideologiyası Ümummilli Lider tərəfindən hazırlanıb: “O kiçik bir dövlətin böyük prezidenti idi. Bütün ölkələrdə Ulu Öndərə olan hörmət çox yüksək idi. Ümummilli lider Azərbaycanı yüksək şəkildə təqdim edirdi. Onun atdığı ən gözəl addımlardan biri hakimiyyətinin davamlılığını təmin etməkdir. Bu, ilk növbədə YAP-ın yaradılması idi. Partiyanın ilk təşkilatı Bakı Dövlət Universitetində yarandı və daha sonra bütün rayonlara səpələndi”.

Millət vəkili qeyd edib ki, Ulu Öndərin hakimiyyətə gəldiyi zamanla indiki Azərbaycanı müqayisə etsək yerlə göy qədər fərqi görə bilərik: “Prezident İlham Əliyev də Ulu Öndərin siyasi xəttini uğurla davam etdirir. Ümummilli lider özü də bildirirdi ki "Mən İlham Əliyevə güvənirəm və əminəm ki, O mənim yarımçıq qoyduğum işləri davam etdirəcək ".

Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunduğunu xüsusi vurğulayan S. Novruzov vurğulayıb ki, qazanılan uğurlar Prezident İlham Əliyevin cəsarətli addımları nəticəsində əldə olunub: “Bu gün biz Heydər Əliyev irsinin hərtərəfli şəkildə davam etdiyini görürük və buna dəstək verməliyik ".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə