"Dünya tarixinin Azərbaycanlı Dahisi" mövzusunda elmi konfrans keçirilib

"Dünya tarixinin Azərbaycanlı Dahisi" mövzusunda elmi konfrans keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, rayon icra hakimiyyəti və AMEA-nın Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Dünya tarixinin Azərbaycanlı Dahisi" mövzusunda elmi konfrans keçirilib. Konfrans iştirakçıları rayon təşkilatının foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra "Müasir Azərbaycanın qurucusu" adlı sərgi ilə tanış olublar.

Konfransı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ümummilli Lider Heydər Əliyevin sovet dövründəki fəaliyyətindən, Azərbaycana yenidən rəhbər gəldikdən sonra xilaskarlıq missiyasından danışıb: "Ulu Öndər Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu Öndərin qurduğu Azərbaycan bu gün Onun siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyinin layiqli üzvü kimi müstəqil siyasət həyata keçirir".
Konfransda çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev deyəndə, həmişə müstəqil dövlətçiliyimizi, ölkəmizdə yaradılmış möhkəm sabitliyi, əmin-amanlığı, inkişaf və tərəqqini düşünürük. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqı, milləti və Vətəni qarşısında xidmətləri ölçüyəgəlməzdir.
Y.Mahmudov onu da bildirib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.
Tədbirdə çıxış edən Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov müstəqilliyin qorunub-saxlanmasında Ümummilli Liderin xidmətlərini vurğulayaraq, ərazi baxımından kiçik bir dövlət olan Azərbaycanın Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən BDU-nun tarix fakültəsinin dekanı Azad Rzayev Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən danışıb.
Sonra partiya sıralarına qəbul olan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Müasir Azərbaycanın Qurucusu" adlı sərginin iştirakıları diplomla təltif ediliblər. BDU-nun tarix fakültəsinin bir qrup müəllim və tələbəsinə Heydər Əliyevə həsr olunmuş kitablar təqdim edilib.
AMEA-nın Tarix İnstititutu tərəfindən isə YAP Yasamal rayon təşkilatına Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar hədiyyə olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə