"Bu, dövlət başçısının sahibkarlara dəstəyinin bariz formasıdır" RƏY-ÖZƏL

"Bu, dövlət başçısının sahibkarlara dəstəyinin bariz formasıdır" RƏY-ÖZƏL

“Ticarət Mərkəzində baş verən yanğın nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənməsi ilə bağlı verilən tapşırıq dövlət başçısı cənab İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O bildirib ki, dünyanın heç bir ölkəsində bu cür hadisələrdə dəyən ziyan dövlət tərəfindən ödənmir: “Bu hadisədən dərs götürüləsi məsələlər çoxdur”.

T. Mirkişilinin sözlərinə görə, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir: “Amma məsələnin əsas iqtisadi tərəfi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamalara görə, malların illik sığorta haqqı dəyərin 0.3% i həcmindədir. Yəni, bir mağazada 50 000 manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməklə sahibkar bu cür yanğın hallarında yanan malın tam dəyərini əldə edə bilər”.

Deputat qeyd edib ki, sığorta ilə bağlı sahibkarların maariflənməsinə ciddi ehtiyac var.

Xatırladaq ki, martın 26-da Nizami rayonu ərazisində yerləşən “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Baş vermiş yanğınla əlaqədar martın 28-də prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib. Bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə