İtaliyanın Mafiya ilə Mübarizə üzrə baş prokuroru Françesko Mandoi Avropada qeyri-qanuni orqan ticarətinin Balkan mafiyası tərəfindən təşkil edildiyini, ticarət mərkəzlərindən birinin də Türkiyə olduğunu iddia edib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İtaliyanın mərkəzində yerləşən Kampobasso şəhərində təşkil edilən Beynəlxalq Adriatik Təhlükəsizlik və Əməkdaşlıq Konfransında çıxış edən baş prokuror son illərdə qeyri-qanuni orqan ticarətinin sürətlə böyüdüyü və orqanların şərq ölkələrindən gətirildiyini söyləyib.
Bir böyrəyin 2 min avroya alınaraq qərb ölkələrində 50 min avroya satıldığını deyən F.Mandoi Moldova, Gürcüstan və Azərbaycan başda olmaqla şərq ölkələrindən donorların olduğunu qeyd edib. Onun sözlərinə görə, bu insanlar Kosovaya aparılaraq şəbəkəyə xidmət edən tibb mərkəzlərində əməliyyat olunur.
Qeyri-qanuni orqan ticarəti şəbəkəsi ilə bağlı kifayət qədər məlumatların olduğunu vurğulayan Mandoi sözügedən ölkələrlə hüquqi sahədə əməkdaşlıq olmadığı üçün istintaq aparılmadığını söyləyib. Baş prokuror "İtaliyada aparılan istintaqla bağlı ifadə almaq üçün beynəlxalq icazə lazımdır. Bu da yolumuzu bağlayır" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə