İsraillə Türkiyə arasında yeni diplomatik qalmaqal baş verib

İsraillə Türkiyə arasında yeni diplomatik qalmaqal baş verib

İsraillə Türkiyə arasında yeni diplomatik qalmaqal yaşanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa Diplomatiya Akademiyasının Brüsseldə "Yaxın Şərqdə geosiyasi vəziyyətinin yenidən formalaşdırılması" mövzusunda təşkil etdiyi beynəlxalq konfransa Türkiyə və İsrailin Avropa Birliyindəki səfirləri dəvət edilsələr də, İsrail səfiri Tamar Samaş tədbirə gəlməyib. Belə ki, səfirin əvəzində konfransda İsrail dövləti adından Efim İmbar adlı müəllifin ötən il çap edilən məqaləsi oxunub. Məqalədə Türkiyə-İsrail münasibətləri yalnız Türkiyədə baş verə biləcək hökümət dəyişikliyi nəticəsində düzələ biləcəyi göstərilib.

 

Eyni zamanda səfir Tamar Samaşın konfransa gəlməməsini pisləyən Türkiyənin Avropa Birliyindəki səfiri Səlim Kuneralp, İsrailin bu hərəkətinin diplomatiyanın etik qaydalarına zidd olduğunu vurğulayıb.

 

Qeyd edək ki, rəsmi Ankara ilə Tel-Əviv münasibətlərində gərginlik İsrail əsgərlərinin ötən ilin may ayında Qəzzaya humanitar yardım aparmaq istəyən "Mavi Mərmərə" gəmisinə hücum etməsi nəticəsində yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə