İran Ermənistanın “nəfəs borusu” rolundan imtina edir ANALİTİKA
Nikol Paşinyanın İrana gözlənilən səfəri nəticəsiz qalacaq
Son zamanlar Ermənistanın daxili və xarici siyasi uğursuzluqlara məruz qalması, daha dəqiq desək, bu ölkənin istər qonşuları, istərsə də digər xarici ölkələrlə münasibətlərində heç bir irəliləyiş əldə edə bilməməsi artıq bir çox danılmaz faktlara əsaslanır. Məhz bu məsələdə, Ermənistanın İran İslam Respublikası (İİR) ilə münasibətlərində də ciddi soyuqluqlar müşahidə eidlməkdədir. Xüsusilə, qonşu İranın Azərbaycanla münasibətlərinin uğurla inkişaf etdirilməsi Ermənistanı ciddi şəkildə müxtəlif siyasi-iqtisadi proseslərdən kənarda qoymağa başlayıb. Halbuki, vaxtilə Ermənistanın “nəfəs borusu” kimi təqdim edilən İİR artıq bu rolu oynamaqdan imtina etdiyini göstərməkdədir. Əbəs deyil ki, İİR-nın rəsmi dövlət informasiya agentliyi olan İRNA-da “İran və Azərbaycan Respublikası yaxın qonşular və regional müttəfiqlər” adlı müsbət məqalə dərc olunub. Bu məqalədə bir sıra məqamlara toxunulub, o cümlədən, yaxın qonşuluq siyasətindən tutmuş regional müttəfiqliyə qədər inkişaf edən münasibətlər əsas prizma olaraq götürülüb.
General-leytenant Məhəmməd Baqeri: “İran Azərbaycanı özü üçün qonşu, dost və qardaş ölkə hesab edir”
Daha bir ilginc nüans isə, İİR-nın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqerinin ötən ay Azərbaycana etdiyi səfəri çərçivəsində mühüm məqamlara toxunaraq ölkələrimiz arasındakı yüksək münasibətlərə toxunmasıdır. “Son illər Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə mühüm irəliləyişlər əldə olunub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, eləcə də İran İslam Respublikası qurulandan bəri İrandan Azərbaycana ilk dəfə hərbi və müdafiə sahəsində yüksək səviyyəli nümayəndə heyətinin səfəri müvafiq sahələrdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir”, deyə bəyan etmiş iranlı yüksək rütbəli zabit əlavə etmişdi ki, İran Azərbaycanı özü üçün qonşu, dost və qardaş ölkə hesab edir: “Lakin biz münasibətlərimizin bu səviyyədə olması ilə kifayətlənə bilmərik. İki ölkə arasında müştərək layihələr, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi, Rəşt-Astara dəmir yolu xəttinin çəkilişi, eləcə də digər infrastruktur və yol-nəqliyyat layihələri icra olunmaqdadır. Bu layihələr icra olunduqdan sonra iki ölkə arasında iqtisadiyyat və ticarət sahələrində əlaqələr daha da genişlənəcək və inkişaf edəcək. İran Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır”.
Məhəmməd Baqeri eyni zamanda qeyd etmişdi ki, İran, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması, məcburi köçkünlərin və qaçqınların problemlərinin həll olunması, onların doğma yurd-yuvalarına qayıtması məsələsinin həll olunmasını istəyir. Beləliklə, hərbi, iqtisadi sahələrlə yanaşı, bütün sahələrdə əlaqələrin yüksək xətlə inkişaf edəcəyindən əmin olduğunu vurğulayan Məhəmməd Baqerinin xüsusilə, İranın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Dağlıq Qarabağın işğal olunması faktına toxunması artıq ölkələrimiz arasında yeni və daha güclü mərhələnin başlanğıcının növbəti anonslarıdır.
İran, Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi səfərindən heç də məmnun görünmür
Belə olan halda, İranın Ermənistanla münasibətlərə yenidən baxa bilməsi mümkünlüyü daha da artmağa başlayıb. Bu isə, Ermənistana yaxşı heç nə vəd etmir.
Yeri gəlmişkən, o da bəllidir ki, fevralın 27-də erməni baş nazir Nikol Paşinyanın Ermənistana rəsmi səfəri gözlənilir, lakin İranda bu səfərdən məmnun qalınmayacağı artıq bəri başdan görünməkdədir. Məsələ həm də ondadır ki, İran regionda öz təhlükəsizliyinə ola biləcək zərbəni məhz Ermənistandan ala bilər. Hətta bu barədə qonşu dövlətin əlində məlumatlar da mövcuddur. Həmin məlumatlardan biri ABŞ-ın Ermənistanda fəaliyyət göstərdiyi və regionda ən böyük hesab edilən səfirliyində İrana qarşı kəşfiyyat işlərinin aparılması məsələsidir.
Habelə, son zamanlar Ermənistanda İran vətəndaşlarına məxsus bank hesablarının dondurulması ilə bağlı olan xəbərlər də iranlı siyasətçilərin və iqtisadçıların hiddətinə səbəb olmaqdadır. Ümumiyyətlə, İran tərəfi artıq Ermənistanın yaxın qonşuluq prinsiplərindən tamamilə kənar olduğunu anlamağa başlayıb. Əlbəttə ki, bu kimi amillərdə ermənilərin tarixlər boyu İran ərazisində törətdikləri vəhşiliklər, qırğınlar da unudulmayıb. Bütün bu detallar İranın mövcud siyasi dairələrində nəzərə alınıb və qeyd edilən faktlar Paşinyanın İrana rəsmi səfərinə köklü şəkildə kölgə salmağa başlayıb.
İran tərəfi yaxşı bilir ki, Ermənistan onlara heç bir səmərə verə bilməz
Bu arada, İİR tərəfi yaxşı bilir ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti onu regionda rəsmi Bakının təşəbbüsləri ilə reallaşdırılan layihələrdən kənarda qoyub. Hazırda Ermənistanın İrana heç bir səmərə verməyəcəyini sübut edən daha bir məsələ regional layihələrdə digər dövlətlərin də Ermənistana bel bağlamamaları reallığıdır. Misal üçün, "Şimal-Cənub” dəmiryolu layihəsinin gerçəkləşdirilməsi ilə bağlı son günlər mətbuatda yer alan yazılar, heç şübhəsiz erməni tərəfini ciddi narahat etməyə başlayıb. Bunun ardınca İranın Ermənistandakı səfiri Seyid Kazem Sacadinin verdiyi bəyanat deyilənləri bir daha təsdiq edir. Belə ki, iranlı siyasətçi-diplomat Yerevan Dövlət Universitetində çıxışı zamanı iki ölkə arasında ortaq nəqliyyat layihəsinin mümkünlüyü haqda danışsa da, ölkəsinin şərtlərini də ortaya qoyub: "İran tərəfi onu Ermənistanla birləşdirən dəmir yolunun açılışına hazırdır. Ancaq bir şərtimiz var. Əgər İrəvan investor tapsa, biz dəmir yolunu işə sala bilərik. Sadəcə, bu sahəyə birgə sərmayələr qoyulmalıdır. İlk addımı siz atın, növbətini biz atarıq”.
Bəs bu fikirlərdən daha hansı nəticəyə gəlmək olar? Nəticə budur ki, iranlı səfir Ermənistanın belə mühüm və regional əhəmiyyət daşıyan layihələr üçün maliyyəsinin olmadığını yaxşı bilir. Həminin o da bəllidir ki, artıq Ermənistanın müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən diasporaları əvvəlki illərdə olduğu kimi, hakimiyyətə sədəqə yığmaq, yəni marafonlar keçirmək ənənəsindən imtina edib və o cümlədən, heç bir digər ölkə hakimiyyət dəyişikliyi baş vermiş Ermənistanda layihələrdə iştirak üçün maliyyə xərcləməyə razı olmaz. Çünki mövcud Paşinyan hökuməti “məxməri inqilab”dan sonra verdiyi heç bir vədlərini yerinə yetirə bilməyib. Bu baxımdan, İranın Ermənistandakı səfirinin fikirlərini rədd cavabı kimi də qiymətləndirmək olar.
İran Azərbaycan dövlətinin apardığı siyasətə güvənir, ölkəmizin etibarlı tərəfdaş olduğunu yüksək səviyyədə qiymətləndirir, bu dəyərləndirmələr strateji əməkdaşlığa doğru sürətlə irəliləyir
Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistandan fərqli olaraq, İran artıq var gücü ilə Azərbaycanla sıx siyasi-iqtisadi əlaqələrə malik olmaq arzusunu gizlətmir. Burada isə, söz yox ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasətin də ciddi təsiri var. Məsələn, Azərbaycan İrana kredit verən ölkələr sırasında yer alır. Ölkəmiz, Astara-Rəşt dəmiryolunun çəkilməsi üçün İrana 500 milyon dollar kredit verib. Belə əlaqələrin sayı isə artıq müsbət nəticələrini verir – İran Azərbaycan dövlətinin apardığı siyasətə güvənir, ölkəmizin etibarlı tərəfdaş olduğunu yüksək səviyyədə qiymətləndirir, bu dəyərləndirmələr strateji əməkdaşlığa doğru sürətlə irəliləyir.
Nəticə olaraq həm də belə bir qənaətə gələ bilərik ki, İran Ermənistanın ərazisində hansısa infrastruktur yollar tikməklə, uzun müddətli layihələr həyata keçirməklə, yüklərin daşınmasında bu ölkənin ərazilərindən istifadə etməklə, strateji maraqlarını uduza bilər. Ancaq etibarlı və yüksək səviyyəli qonşuluq münasibətləri yalnız Azərbaycanla inkişaf etdirilə bilər. Rəsmi Tehran bütün mənalarda siyasi, iqtisadi maraqlarını, dünyaya çıxışını rəsmi Bakı vasitəsi ilə reallaşdırmaq imkanını itirmək istəməz. Yerevan isə, əlbəttə ki, itirə-itirə gedir və işğalçıların növbəti itirəcəkləri mövqe bilavasitə Azərbaycanla münasibətlərini gücləndirən, inkişaf etdirən İran İslam Respublikasıdır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB