Prezident İlham Əliyev: "Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq"
Məlum olduğu kimi, fevralın 12-də Prezident İlham Əliyev Real televiziya kanalına geniş müsahibə verərək ölkəmizin inkişaf istiqamətləri, həyata keçirilən mühüm tədbirlərin məqsədi, geosiyasi mövqelərimiz, o cümlədən, media-dövlət münasibətlərinə dair əhəmiyyətli fikirlər səsləndirmişdir. Mətbuatla münasibətlərinin həmişə yüksək olduğunu vurğulayan ölkə başçısı bildirmişdir ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır: "Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən, bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır".
Prezident daha çox xarici mediaya müsahibə verməsinin səbəbini də məntiqlə əsaslandırmışdır. Onun sözlərinə görə, xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, ölkə başçısı bildirmişdir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq: "Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır".
Prezident bildirir ki, Onun yerli mətbuatdan gizli saxlayacağı ictimai əhəmiyyətli heç bir xəbər, hadisə yoxdur: "Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin, müntəzəm olaraq, keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı, müntəzəm olaraq, öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır".
Cənab Prezident vurğulayır ki, ötənilki prezident seçkilərində xalqın Ona yenidən etimad göstərməsi ölkənin inkişafı naminə yeni və genişmiqyaslı islahatların aparılmasını zərurətə çevirib. Bu islahatlar Azərbaycanın bir dövlət kimi daha da inkişafına və qüdrətlənməsinə xidmət edir: "2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır".
Müsahibədə xüsusi vurğulanır ki, aparılan islahatlara uyğun olaraq, ölkəmizin maliyyə resursları davamlı olaraq artmışdır. Məhz bunun nəticəsidir ki, ötən həftə minumum əmək haqqının ciddi şəkildə artırılması reallaşmışdır. Ölkəmizin başçısının sözlərinə görə, bu, hələ son deyildir və ölkə vətəndaşlarının rifah halının yüksəlməsi istiqamətində işlər davam etdirilir: "Siz bilirsiniz ki, bu yaxınlarda minimum əməkhaqqının qaldırılması ilə bağlı çox ciddi addım atılmışdır, digər sosialyönümlü addımlar atılmışdır. Biz nəyin hesabına buna nail ola bilmişik? Ona görə ki, bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır".
Prezident İlham Əliyev aparlan islahatların əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən Onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qoyulduğunu bildirərək, bu siyasi və iqtisadi kursun bu gün də davam etdiyini bildirib. Ulu Öndərin torpaq islahatı, senzuranın ləğvi, bütün xarici təzyiqlərə rəğmən "Əsrin müqaviləsi"nin imzalanması və sair bu kimi digər qətiyyətli addımlar atması ölkəmizin müstəqilliyini möhkəmləndirdi, onun beynəlxalq aləmdəki mövqelərini gücləndirdi: "2003-cü ildən isə islahatların yeni mərhələsi başlandı və hesab edirəm ki, o vaxt ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Çünki bu proqram bizə imkan verdi ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirək və qısa müddət ərzində, çox güclü infrastruktur bazasının yaradılması işində nəticələr əldə edək".
Prezident müsahibədə, qısa müddətdə, ölkədə həyata keçirilən infrastruktur layihələr barədə məlumat verərək, bildirib ki, vaxtıilə ölkəmiz infrastruktur baxımından çox geridə idi. Onun sözlərinə görə, elektrik enerjisi ilə bağlı böyük problemlər, fasilələr var idi, elektrik enerjisi saatlarla verilirdi: "Bu gün Azərbaycan, nəinki özünü təmin edir, eyni zamanda, böyük həcmdə elektrik enerjisini ixrac edir. Bölgələrdə qaz təchizatı yox idi. Bakı şəhərində qaz təchizatı təqribən, 50 faiz səviyyəsində idi. Bu gün ən ucqar rayonlara, hansılar ki, heç Sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İçməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır, böyük sosial məsələdir. 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilməz".
Azərbaycanda aparılan iqtisadi islahatların beynəlxalq maliyyə təşkilatları və reytinq agentliklərinin də diqqətini çəkdiyi vurğulayan Prezident bu amilin ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirmişdir: "Biz birinci dəfə Dünya Bankının "Doing Business" hesabatına 2006-cı ildə düşmüşük. O vaxt biz təqribən, 90-cı, 95-ci və ya 96-cı yerdə idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi islahatdır. Bu, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatdır. Baxın, biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Bu, çox ciddi məsələdir. Ona görə islahatların bugünkü mərhələsi əvvəlki dövrlərdə aparılmış islahatların məntiqi nəticəsidir".
Müsahibədə digər önəmli və diqqətçəkən məqam Prezident İlham Əliyevin ölkə vətəndaşının problemlərinə diqqət və qayğı ilə yanaşması, onların aradan qaldırılması istiqamətində mümkün vasitələrdən kifayət qədər yararlanmasıdır. O, bir dövlət başçısı kimi, bu işlərə şəxsən nəzarət edir, ölkə vətəndaşının hər biri ilə təmsada olmağa çalışır, onların problemlərini öz dillərindən eşitmək istəyir. Prezident İlham Əliyev müsahibədə səmimiyyətlə bildirir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır".
Azərbaycan dövlətinin qüdrəti xalqla ölkə başçısının həmrəyliyindədir. Bu həmrəylik ölkəmizə siyasi sabitlik, sosial-rifah və yeni uğurlar gətirir. Xalq öz dövlətini və onun başçısını necə dəstəkləyirsə, dövlətimizin başçısı İlham Əliyev də daim xalqın rifahının yüksəlməsi istiqamətində çalışır. Bunun bariz nümunəsi ötən həftə Şamaxıda baş verən zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin bu rayona səfər etməsi və orada evləri zərər görmüş insanlarla görüşüdür. Həmin görüşlərdə insanlar öz Prezidentinə güvəndiklərini və Onun zərər çəkmiş əhalini heç vaxt darda qoymayacağı barədə səmimi söhbətləri bütün ölkəmizdə dövlətimizə və onun rəhbərinə qarşı xoş hisslər yaratmışdır. Prezident müsahibəsində bu barədə deyib: "Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq".
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB