"Gəncliyimiz həm özünü, həm də dünyanı tanımalıdır” ÖZƏL-MÜNASİBƏT
“Bu gün bizim gəncliyimiz ümumdünya gəncliyinin bir parçasıdır. Ona görə də gəncliyimiz ümumdünya gəncliyinin bir parçası olaraq həm inteqrasiya olunmalıdır, həm də özünəməxsusluğunu qorumalıdır. Bu dildə asan məsələ olsa da bunun çox geniş izaha ehtiyacı var”. Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direkrtoru Mehman İsmayılov deyib.
Fondun İcraçı direkrtorunun sözlərinə görə, məsələlərə ikiyönümlü yanaşmaq hər zaman bu məsələlərə aydınlıq gətirməyimiz baxımından mühüm rol oynaya bilər: “Qloballaşma mövzusu həm tənqid olunur, həm də təqdir edilən bir məsələdir. Tənqid ona görə olunur ki, özü ilə cəmiyyətlər, o cümlədən həmin cəmiyyətin hərəkətverici qüvvəsi olan gənclər üçün bir çox təhdidlər gətirib. Digər tərəfdən qloballaşama ona görə təqdir olunur ki, bu cəmiyyətlər, o cümlədən həmin cəmiyyətin hərəkətverici qüvvəsi olan gənclər üçün geniş fürsətlər verib. Ona görə də biz qloballaşmanı pisləmək yox əksinə bunu təqdir yönümündən xarakterizə etməliyik. Biz qarşılaşdığımız hər bir məsələdən mütləq təsirlənirik. Dünyada gedən proseslər zəncirvari şəkildədir.
Bu gün dəyərlərin qorunması son dərəcə vacibdir. Amma bir şeyi unutmaq lazım deyil ki, dəyərlər də bir neçə yerə bölünür. Dəyişən və dəyişməyən dəyərlər var. Biz dəyişən dəyərlərin dəyişməməzliyi üzərində çox dayana da bilmərik. Məsələn, şəhidlik bizim üçün dəyişməyən bir dəyərdir. Bunu hər hansı bir şəkildə müzakirə etmək mümkün deyil. Qloballaşma eyni zamanda bizə öz dəyərlərimizi tanıtmaq imkanı da verir. Gəncliyimiz həm özünü, həm də dünyanı tanımalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB