"Gənclər dövrün çağırışlarının dərindən fərqinə varmalıdır" ÖZƏL-MÜNASİBƏT
"2 fevral – Azərbaycan Gənclər Günü, himnində “Namusunu hifz etməyə, Bayrağını yüksətməyə, Cümlə gənclər müştaqdır” deyilən respublikamızın əziz günlərindən biridir. Gənclərin təqvimin hər gününü bu Vətən, bu dövlət, bu xalq üçün unudulmaz etməyə qadir olduğuna inanıram”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, bu inamı bizə əhalimizin böyük hissəsinin uşaq, yeniyetmə, gənc və rəsmi gənclik yaşına yaxın vətəndaşlardan ibarət olması, gənclərimizin vətəpərvərliyi, sönməz Azərbaycan eşqi, minlərlə gənc şəhidimizin yarımçıq qalmış işlərinin məsuliyyətinin də dərk olunması bəxş edir: “Əgər bu idrak, bu inam olmasaydı, məsələn, gənc şəhid hərbçilərimiz Mübariz İbrahimov, Fərid Əhmədov, Əhməd Abdullayev fenomeni də olmazdı; 2016-cı ilin aprel şəhid və qaziləri, qəhrəmanları da olmazdı və s.
Mən Gənclər Günündə ilk növbədə ön cəbhədə keşik çəkən əsgərlərimizi, şəhid ailələrindəki gənc övladları, Vətənimizin bayrağını dünyanın dörd yanında ucaldan, minlərlə insanı Himnimizin sədası altında ayağa qaldıran gənclərimizi, öz intellekti ilə üzümüz ağ edən elm sahəsinin gənc fədakarlarını, yaradıcı gənclərimizi, bir sözlə, Azərbaycan gəncliyini təbrik edirəm!
Dövlət başçımızın gənclərə üz tutaraq etdiyi duyğulu, səmimi, anlamlı, təsirli və öyrədici çıxış, inanıram, gənclərimizin yadından uzun müddət çıxmayacaq, özəlliklə, siyasi yetkin gənclər Prezidentin gənclər siyasətini öyrənəcək, onun daha effektli tətbiqində iştirak edəcək, töhfələr verəcəklər.
İnanıram ayrı-ayrı əməli çalışma sahələrinin təmsilçisi olan bütün gənclər, dövlət başçısının etimadını yüksək qiymətləndirəcək, Gənclər Gününə həm də bir hesabat günü kimi dəyər verəcək. 2 fevral həm hesabat, həm təcrübə alış-verişi, həm uğurların çoxalması, problemlərin azalması mahiyyətində bir gün kimi xarakterizə oluna bilər. – Yəni məsul qurum və quruluşlar da, toplumumuz, hər bir düşünən vətəndaşımız da, dövlət başçımızın qarşıya qoyduğu aydın vəzifələrin, eləcə də, dünyada, bölgədə gedən proseslərin, dövrün çağırışlarının dərindən fərqinə varmalıdır.
Fürsətdən istifadə edib, cənab Prezidentin Sərəncamı ilə dünən təltif olunan gənclərimizi və gənclər hərkatının veteranlarını təbrik edir, yeni uğurlar arzulayıram! Növbəti Gənclər Günlərimizi işğaldan azad edəcəyimiz Qarabağ torpaqlarında qeyd etmək uca Tanrıdan təmənnamız və sarsılmaz inamımızdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB