Print-media ətrafında süni gərginlik yaratmaq cəhdi uğursuz seçimdir AKTUAL
Yaxud, sosial şəbəkələrdə ajiotaj törətmək məqsədi ilə media mənsubları arasında fikir çaşqınlığı yaratmaq istəyənlər bilməlidirlər ki...
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib və bu iclasda digər məsələlərlə yanaşı, çap mediası ilə bağlı müzakirələr aparılıb və müəyyən qərarlar qəbul edilib. Qəbul edilən qərarlardan biri də budur ki, KİVDF tərəfindən maliyyə yardımı alan qəzetlərin tirajı minimum 5 min olmalıdır. Belə ki, əvvəl bu tələb 2500 idi. Eyni zamanda, qəzetlərin yayımının mindən (1000) iki minə (2000) çatdırılması barədə də qərar qəbul olunub. Bu baxımdan, hansı qəzetlər qoyulan bu tələblərə uyğun gələcəksə, onlara maliyyənin ayrılması davam etdiriləcək.
Həmçinin, xarici dildə yayımlanan, tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər də maliyyə yardımı ala biləcəklər. Qurumdan bildirilib ki, qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı qərar mart ayının sonunda veriləcək.
Lakin iclasın məlum qərarı ictimailəşdirildikdən sonra, təəssüf ki, sosial şəbəkələrdə süni ajiotaj yaratmaq məqsədi ilə media mənsubları arasında fikir çaşqınlığı yaratmaq istəyənlər də tapılıb.
Bu məsələ KİVDF-nin səlahiyyətində deyil!
Məsələni kontekstdən çıxararaq, guya 20-dən çox çap mediasına maliyyə yardımının dayandırılması ilə bağlı irəli sürülən iddiaların əsassızlığı isə, ölkənin bir sıra aparıcı media kapitanları tərəfindən sübuta yetirilib. Qeyd olunub ki, süni səs-küylər yaradıb, mətbuat işçiləri arasında müəyyən çaxnaşma salmağa cəhd edənlər bilməlidirlər ki, hansı qəzetin maliyyələşəcəyi, yaxud maliyyələşməyəcəyi ilə bağlı son qərarın verilməsini indidən bəlli etmək mümkün deyil. Çünki hər hansı print-medianın bağlanıb-bağlanmaması qərarını KİVDF icra etmir, əksinə, bu qurum uzun illərdir ki, hətta ən az tirajlı qəzetlərin belə, dövlət tərəfindən maliyyələşməsinə şəraitlər yaradıb, bu istiqamətdə uğurlu fəaliyyətini davam etdirib və hazırda da etdirməkdədir.
Print-medianın gələcək fəaliyyəti eyni zamanda, biznes rəqabətindən asılıdır
Lakin daha bir məsələ də budur ki, hazırda Azərbaycan da daxil olmaqla, bütün dünyada müxtəlif profillərdə, sahələrdə o cümlədən, mətbuatda, xüsusilə, print-mediada rəqabətlər aparılır. Qəzetlər mövcud biznes mühitindən maksimum şəkildə yararlanmağa, bu vasitə ilə çap mediasını inkişaf etdirməyə çalışırlar. Nəzərə alarsaq ki, Azərbaycanın media sahəsində mövcud olan KİVDF modeli hətta ən aparıcı dünya ölkələrində mövcud deyil, bu zaman ölkəmizdə medianın, jurnalistika sahəsinin inkişafına göstərilən diqqətin nə qədər yüksək səviyyədə qurulduğunu vurğulaya bilərik.
Ancaq digər amillər də var ki, çap mediasının elektron media ilə əvəzlənməsini tələb edir. Əbəs deyil ki, ölkəmizdə kifayət qədər saytlar, portallar fəaliyyət göstərirlər və hətta onların bir çoxu, hələ bu qərar verilməmiş qəzet kimi fəaliyyətlərini dayandıraraq, sayt, portal vasitəsi ilə oxucularının qarşısına çıxırlar.
Bu, həm də bir reallıqdır
O cümlədən, print-mediadan elektron mediaya keçid edən aparıcı mətbuat adamları da etiraf edirlər ki, çap vasitələrinin qiymətləri durmadan artır, qəzet bazarı isə get-gedə zəifləyir. Qəzetlərin satışı da getdikcə azalır, bütövlükdə isə, print-media rentabelliyini itirir. Nəticədə əlavə vaxt, enerji, maliyyə itkiləri qəzet biznesi ilə məşğul olan tərəflərə həm də maddi ziyanlar vurur. Bu baxımdan, mediada rəqabət mühitindən daha səriştəli, daha əlverişli üsullarla yararlanmaq şərti meydana gəlir.
Beləliklə, fakt budur ki, bəzi insanlar hər hansı bir qərarın tam mahiyyətini anlamadan ajiotajlar yaratmağa çalışırlarsa, bu heç də bütövlükdə mətbuatımıza baş ucalığı gətirməyən hal kimi qiymətləndirilməlidir. Ən azından, o da nəzərə alınmalıdır ki, bu gün Qərb ölkələrinin bir çoxunda print-mediadan imtina olunur. Sadəcə, öz işlərinin öhdəsindən məharətlə gələn qəzetlər, çap mediası qismində oxucularının qarşısına çıxmaqda davam edirlər. Daha dəqiq desək, bu mühitdə özü-özünü maliyyələşdirə biləcək qəzetlər əlbəttə ki, fəaliyyətlərini davam etdirəcəklər. Bu həm də bir reallıqdır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB