İlham Əliyev: "Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur".
Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafı, ölkədə hökm sürən siyasi sabitliyin məntiqi nəticəsi olaraq, bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Bu layihələrə dövlət dəstəyinin olması milli dəyərlərimizin daha geniş bir şəkildə təbliğinə meydan verir. Azərbaycanda dini abidələrin dövlət tərəfindən qorunması, bərpası və tikintisi milli dəyərlərimizə olan münasibətin təzahürüdür. Müstəqillik dövründə 2 mindən artıq dini abidələrin bərpası və tikintisi fikrimizi əsaslandırır. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" Kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır.
Ölkəmizdə mövcud olan dini abidələrin, ziyarətgahların təmir və bərpa edilməsi, inşası milli mənlik şüuru hissinin parlaq təzahürüdür. Təbii ki, müsəlman məbədləri ilə yanaşı, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri də həyata keçirilmişdir ki, bu da Azərbaycanda dini tolerantlığın nümunəsidir. Bu, Azərbaycanda dövlət-din münasibətlərinin, dinlərarası dialoq, tolerantlıq, multikulturalizmin nümunəsi kimi səciyyələnir və dövlət siyasətinin real mənzərəsini əks etdirir.
"BİZ ÖZ MİLLİ-MƏNƏVİ, DİNİ DƏYƏRLƏRİMİZƏ SADİQİK, ONLARI QORUYURUQ, EYNİ ZAMANDA, MÜSƏLMAN ALƏMİNDƏ HƏMRƏYLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİ ÜÇÜN SƏYLƏRİMİZİ ƏSİRGƏMİRİK"
Zidiyyətlərlə zəngin iyirmi birinci yüzillikdə, Azərbaycan ənənələrinə sadiq qalaraq, milli-mənəvi dəyərlərə önəm verərək islamofobiya, islam adından sui-istifadə edərək, qırğınlar törədənlərə malik olduğu dəyərləri ilə çağırışlar edərək, onları sülhə və dostluğa dəvət edir. Torpaqlarının 20 faizinin erməni ekstremistləri tərəfindən işğal edildiyi halda, Azərbaycan dinlər və sivilizasiyalararası dialoqa dair nüfuzlu beynəlxalq tədbirlər keçirir, milli-mənəvi irsimizlə yanaşı, bəşəri dəyərlərə sahib çıxır. Çağırışları ilə bütün dünya xalqlarına, bütün dünya dövlətlərinə Azərbaycanın bugünkü həqiqətlərini bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli-mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik".
Bəli, dini ocaqlar, olan münasibət Azərbaycanın bugünkü həqiqətlərinin təzahürüdür. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Məlumdur ki, Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu.
"Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəm olsun", - deyən Cənab Prezident bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb: "İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun xətti ilə onlarla tədbir keçirilmişdir. Deyə bilərəm ki, bu gün müsəlman aləmində, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır. Biz bundan sonra da, çalışacağıq ki, öz siyasətimizlə, o cümlədən, diplomatik səylərlə müsəlman ölkələri arasındakı ixtilafları aradan götürək, gərginliyi azaldaq və bu, bizim borcumuzdur. Biz bunu belə qəbul edirik. Azərbaycanda bütün müsəlmanlar bir ailə kimi yaşayırlar".
AZƏRBAYCAN-ŞİMALİ OSETİYA XALQLARI ARASINDA MƏNƏVİ VƏHDƏT RƏMZİ OLAN MUXTAROV MƏSCİDİNƏ YENİDƏN HƏYAT VERİLDİ

Azərbaycanın həyata keçirdiyi layihələr sırasında bu günlərdə Azərbaycan Prezidentinin yardımı sayəsində Vladiqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidini qeyd etməliyik. Bu, Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından, xüsusi əhəmiyyət daşıyan bir hadisədir. Azərbaycan Prezidentinin qayğısı sayəsində yenidən qurulmuş Muxtarov məscidi xalqlarımız arasında mənəvi dostluq abidəsi olaraq qiymətləndirilir. Bu məscid binası 1908-ci ildə azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilib, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edir. Mənbələrdə qeyd olunur ki, «Priazovskiy kray» qəzetinin məlumatına görə, 80 min rubla başa gələn məscidin 50 min rublunu, məhz Bakı neft milyonçusu Murtuza Muxtarov verib. Bu səbədən, məbədə Muxtarov məscidi adı verilmişdir. Məscidin tikintisində layihə müəllifi İosif Ploşko qotik üslubundan istifadə etmişdir. Tikinti zamanı istifadə olunan əhəng daşı Bakı ətrafındakı karxanalaradan aparılmışdır. Bəzək və rəssamlıq, əsasən də, X-XII əsr Qahirə məscidlərini xatırladır. Dekorasiyasında ərəb əlifbası ilə Qurani-Kərimdən ayələr işlənmişdir. 1934-cü ildən etibarən tarixi abidə statusu alaraq qorunur. Xatırladaq ki, Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığı simvolizə edən mənəviyyat abidəsi olaraq tarixdə yer alan bu məscid 1996-cı ildə partlayış zamanı ciddi dağıntıya məruz qalmışdır. Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan bu məscidə yenidən həyat verildi. Bu, bir daha təsdiqlədi ki, ölkəmizin daxilində və xaricində dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlət başçısı qlobal miqyasda multikulturalizm, islam həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış edir. Bu hadisə xalqımızın xeyriyyəçilik fəaliyyətini, xalqlar arasında dostluğun möhkəmlənməsinə böyük töhfələr verməsindən xəbər verir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər: "Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB