Mehman Hüseynov ondan imtina etmiş qardaşına nəyi eyham vurub? ANALİTİK
Yaxud, qrant marağı bu insanları hətta doğmalıqdan da kənarda saxlayır
Məlum olduğu kimi, həbsdə olan bloqer Mehman Hüseynov onun guya aclıq aksiyası keçirməsindən “narahat” olan şəxslərlə bağlı ictimaiyyətə məktub vasitəsi ilə müraciət edib və həmin məktubunda barəsində sosial şəbəkələrdə irəli sürülən və həqiqəti əks etdirməyən informasiyalara qarşı etirazını bildirib. Barəsində sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlardan atasının və yaxınlarının mənəvi əziyyət çəkdiklərini yazan bloqer bildirib ki, hər kəs həm etdiyi hərəkət, həm də yazdığı yazının məsuliyyətini özü daşımalıdır.
Emin Hüseynovun iddiaları heç bir həqiqəti əks etdirmir...
Lakin ortada diqqət çəkən məqamlardan biri də budur ki, digər fikirləri ilə yanaşı, o qardaşı Emin Hüseynovun sözügedən vəziyyətdən şəxsi dividentləri xətrinə yararlanması cəhdlərinə də toxunub. Daha dəqiq desək, M.Hüseynov, Avropada “siyasi mühacir” adı altında yaşayan qardaşı Emin Hüseynovun baş verənlər ətrafındakı fəaliyyətinə qarşı etirazlı fikirlərini də diqqətə çatdıraraq yazıb ki, nə onun özü, nə də doğma qardaşı Emin onu istəyən və istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımır. Nəticədə bəlli olan budur ki, M.Hüseynov, ölkənin aparıcı hüquq müdafiəçiləri ilə görüşünün ardınca, yəni onun aclıq aksiyası keçirmədiyi faktı öz təsdiqini tapdıqdan sonra, qardaşı E.Hüseynovun yenidən sosial şəbəkələrə çıxıb guya həmin aksiyanı davam etdirməsi iddialarını irəli sürməsi heç bir həqiqəti əks etdirmir.
Xatırlatmaq yerinə düşərdi ki, E.Hüseynov hər vəchlə M.Hüseynovun “ac” qaldığını heç bir əsasa söykənməyən fikirləri ilə ictimailəşdirməyə çalışıb. Misal üçün, o deyib ki, Mehman qida qəbul edərkən, bir çörəyi bütöv yeyirmiş, indi isə yarım çörək yetir və s. Maraqlıdır, yarım çörək yemək nə zamanda ac qalmaq hesab olunur? Yaxud, iddiada o da bildirilir ki, Mehman ağartı məhzulları və yoğurt yeyir. Məgər ağartı məhsulları və yoğurtu qida qismində qəbul edərkən, bunu “aclıq aksiyası” kimi qəbul edirlər?
Göründüyü kimi, M.Hüseynov sözügedən məktubunda dolayısı ilə qardaşı E.Hüseynovu bu məsələ ətrafında süni ajiotaj yaratmamağa səsləyib.
Lakin fakt budur ki, bu günün özündə belə, hətta əlyazması və imzası ilə təsdiq etdiyi məktubuna necə deyərlər, “nırx” qoymağa çalışan qaragüruhçular yığnağı hələ də öz lüzumsuz iddiaları ətrafında onlara nələrsə vəd edən xarici təşkilatlar qarşısında “quyruq bulayırlar”. Söz yox ki, E.Hüseynovun doğma qardaşı üzərində oynamağa çalışdığı çirkin oyun da belə deməyə əsas yaradır ki, qrant marağı bu insanları hətta doğmalıqdan da kənarda saxlayır.
Belə kampaniyaların isə ömrü heç vaxt uzun çəkməyib və iflasa uğrayıb
Bu arada, onu da xatırlatmaq yerinə düşərdi ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub. Görüşdə Aİ-nin Bakı nümayəndəliyinin rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir.
O cümlədən, fotoşəkildən də hər şey aydın formada görünür ki, M.Hüseynov normal şəkildədir və heç bir probleminin olmadığı göz önündədir. Eyni zamanda, Avropa İttifaqı üzv ölkələrinin diplomatları yaradılmış şəraitə çox məmnun qalıblar və bu görüşün təşkilinə və nümayiş etdirilən şəffaflığa görə Azərbaycan Respublikası hökumətinə təşəkkürlərini ifadə ediblər.
Nəticə etibarilə bu cür qənatə gələ bilərik ki, M.Hüseynovun təcridxanada olduğu müddət ərzində ombudsman, hüquq müdafiəçiləri ziyarət edib, indi də qərb diplomatları gördük ki, onun səhhəti və saxlanma şəraiti qaydasındadır. Bütün bunlar növbəti dəfə Azərbaycana qarşı başlanılan uğursuz və əsassız kampaniyadan xəbər verir. Belə kampaniyaların isə ömrü heç vaxt uzun çəkməyib və iflasa uğrayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB