"2018-ci il Azərbaycan tarixində daha bur uğurlu il kimi qaldı" MÖVQE-ÖZƏL

"2018-ci il Azərbaycan tarixində daha bur uğurlu il kimi qaldı" MÖVQE-ÖZƏL

“Azərbaycan başa çatan 2018-ci ildə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də bu məqamları geniş şəkildə vurğuladı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Ölkə başçısının rəhbərliyi ötən il ölkəmizdə bütün sahələrdə əhəmiyyətli addımların atıldığı və nəticə etibarı ilə mühüm nailiyyətlərin əldə edildiyini deyən deputat söyləyib ki, ümumilikdə 2018-ci ilə nəzərə saldıqda, geridə qalan ilimizin Azərbaycan tarixinə daha bur uğurlu il kimi daxil olduğunu görə bilərik.

Onun sözlərinə görə, ötən il həm də mühüm hadisələrlə yadda qaldı: “Xatırladım ki, 2018-ci il Azərbaycan Prezidentinin sərəncamı ilə “Cümhuriyyət ili” elan olunmuşdu. Təbii ki, buna səbəb Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tamam olması idi. Ötən il müddətində həm AXC-nın, həm ordumuzun həm də digər qurumlarımızın 100 illiyi münasibətilə təntənəli yubiley tədbirlər keçirildi, hərbi paradlar təşkil olundu”.

2018-ci ilin Azərbaycanın siyasi həyatında da önəmli il kimi yadda qaldığını xüsusi vurğulayan N. Cəfərov deyib ki, ötən il ölkəmizdə növbəti prezident seçkiləri keçirildi, Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək cənab İlham Əliyevə yenidən etimad göstərdi: “2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələri Azərbaycanda dövlət başçısı İlham Əliyevin nüfuzunun kifayət qədər yüksək olduğunu bir daha təsdiqlədi. Bu seçim xalqın öz liderinə olan inamının mühüm göstəricisi idi”.

Deputat əlavə edib ki, ötən il Azərbaycan həm də iqtisadi, sosial sahələrdə də böyük nailiyyətlərə imza atdı: “Bu uğurların göstərici il ərzində əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlardan da görmək mümkündür. Bütün görülən işlər yeni ilin də Azərbaycan üçün daha da uğurlu il olacağını və xalqımızın sabitlik və firavan şəkildə yaşayacağından xəbər verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə