"Paşinyandan soruşulmalıdır ki..." QRİQOR BARSEQYAN

"Paşinyandan soruşulmalıdır ki..." QRİQOR BARSEQYAN

Erməni alim “qan ağlayır”

“Ermənistan qiymətsiz və nadir təcrübə əldə edib. Elə bir təcrübə ki, ölkə nəinki talançı hakimiyyətlər, xalqın seçimi ilə hakimiyyətə gəlmişlərin - kadr seçimində öncədəngörmə qabiliyyəti olmayanların vasitəsi ilə dağıla bilər”. SİA xəbər verir ki, bu barədə Ermənistanın largir.am saytında “Erməni mütəxəssisləri şurası”nın sədri, elmlər doktoru, Mariya Küri adına beynəlxalq elmi mükafat sahibi Qriqor Barseqyan Nikol Paşinyan hakimiyyətinin buraxdığı səhvlərlə bağlı məqaləsində yazıb: “Bundan dərs götürərək qənaətə gəlməliyik ki, növbəti dəfə kimsə rükzakla kiüçələrə çıxıb inqilab edəcəksə, ondan soruşulmalıdır. Qardaş, sən ölkənin inkişafını necə görürsən və bu inkişafı kiminlə etdirəcəksən”.

“Bu hal 8 aylıq dövrdə uzana-uzana getməkdədir”

“Elmdəki vəziyyətə nəzər salaq”, deyə yazan erməni elm adamı qeyd edir: “Əvvəlki hakimiyyət elmi necə idarə edirdi. Onlar brutal şəkildə və həyasızlıqla öz adamlarını hakimiyyətə bağlı olan elmi mövqelərə - Elmlər akademiyasına, nazirliyə, Elmi komitəyə təyin edirdilər. Məmurlardan elmi problemlərin anlayışı, bilikləri və nəzər nöqtələri ətrafında heç bir tələblər olunmurdu və onlara hakimiyyət piramidalarında hər şeyə icazə verilirdi. Nəticədə elmi reanimasiya küncünə göndərdilər.

Bax, belə vəziyyətdəki elmi Nikol Paşinyan öz naziri Araik Arutunyanla birgə qəbul edib. Hər hansı bir görüntü yarandımı? Yox. Hər hansı işin anlayışı ilə bağlı bir nümayiş oldumu? Yox. Heç bir düşüncə nə yazılı, nə də şifahi halda təqdim edilmədi və bu hal 8 aylıq dövrdə uzana-uzana getməkdədir. Bundan əlavə, mən (beynəlxalq elmi mükafatın sahibi) Arutunyana islahatlar sxemini təqdim etdim. Tam şəkildə rədd edildi. Heç bir müzakirə və heç bir reaksiya belə olmadı”.

“Bu da sizə mütəxəssislə məmur arasındakı fərqin göstəricisi!”

Qriqor Baresqyan xatırladıb ki, onun elmi islahatlar sxemləri İngiltərənin, Çinin universitetlərində, Gürcüstanın Elmlər akademiyasında məruzə edilərək, müzakirələrə çıxarılıb: “Lakin Araik Arutunyan isə sən demə qaldırılmış məsələləri müzakirəyə çıxarmaq istəmirmiş. Bundan əlavə, nazir elmi yazıq vəziyyətə gətirənlərdən birini və əsas təqsirkarı (Samvel Arutunyanı) komitəyə sədr təyin edib. Nazirin məni anlamaması səviyyəsini nümayiş etdirmək üçün onunla keçirdiyim 40 dəqiqəlik görüşümdə epizod olaraq, yeganə fikrini çatdırmaq istərdim: “baxın görün, Samvel Arutunyanın nə qədər yaxşı CV-i (karyera məlumatları) var”. Mən ona dedim ki, bu CV ilə tanışam və onun sahibi faktiki avantüristliyi əks etdirir. Ardınca, mən ona çoxkomponentli fikirlərimi əsaslı şəkildə izah etdim. Bax, bu da sizə mütəxəssislə məmur arasındakı fərqin göstəricisi!”.

Erməni alim yazısında ölkədə elmin məhv olduğunu qeyd etməklə yanaşı, hazırkı hakimiyyətin bu məhvi sürətləndirdiyini yazıb, eləcə də mətbuatı, ictimai rəyi sözügedən məsələdə fəal olmağa, hakimiyyətdən, nazirdən hesab soruşmağa çağırıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə