Hər il bayram ərəfəsində dəmir yollarında vəziyyətin gərginləşdiyinin şahidi oluruq. SİA bu il bayramda dəmir yollarındakı vəziyyəti araşdırıb.
Respublikamızın paytaxtında rayonlardan işləmək üçün gələn insanların, universitetlərdə oxuyan tələbələrin sayı çoxdur. Məsələn, bəzi universitetlərdə tələbələrin 60%-i rayonlardan oxumaq üçün gələnlərdir. Bakıda oxuyan tələbələrin də 85%-i bayram vaxtlarında öz rayonuna, ailəsinin yanına gedir. Amma belə vaxtlarda "bilet qıtlığı" kimi problem baş qaldırır. Belə ki, sərnişinlər bilet tapa bilmək üçün saatlarla, hətta bəzən bir gün növbədə dururlar. Növbəsi çatan sərnişlər arasında kassirə yaxınlaşdığı zaman biletlərin bitdiyi xəbərini eşidən də az olmur. Bir sözlə növbədə duran sərnişinlər birmənalı şəkildə bilet azlığından şikayət edir.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə müraciət etdik. QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov süni bilet qıtlığının qarşısını ala bilmək üçün bir sıra tədbirlər gördüklərini deyib: "Bayram ərəfəsində hər il olduğu kimi, bu il də biletlərdə qıtlıq nəzərə çarpır. Normal günlərdə 2500-3000 bilet satılırdısa indi bu rəqəm 5000-ə çatıb. Bunun qarşısını ala bilmək üçün bir sıra istiqamətlərdə yeni qatarlar artırılıb. Böyük Kəsik istiqamətində ayın 28-dən yanvarın 5-nə kimi qatarlar işləyəcək. Eyni zamanda Bakı-Tiflis istiqamətində də artırma qatarlar buraxılacaq. Ən çox sərnişin axını Qərb istiqamətindədir. Dəmir Yolları dekabrın 23-dən yanvarın 6-na kimi gücləndirilmiş iş rejimində işləyəcək".
Bununla yanaşı digər bir problem də dəmir yollarında biletlərin əldə satışıdır. Bilet tapa bilməyən sərnişinlər məcbur olub əldə satılan biletlərə üz tutur. Bunlar da bəzi hallarda problemlərə səbəb olur. Bəzən yoxlanışın ciddi keçirildiyi vaxtlarda əldə satılan biletləri alan sərnişinlərə ciddi problemlər yaranır. Məsələ burasındadır ki, nəzarət sistemi qurulsa da bunu stabil saxlamaq qeyri-mümkündür. Çünki əldə billet satan alverçilər normal geyimlərdə olur və lazım olanda elə ortadan yox olurlar ki onları tapmaq mümkün olmur.
Məsələ ilə əlaqədar Nadir Əzməmmədov deyir ki, bu cür üsullarla əldə edilən biletlər keçərsiz sayılır: "Əldə satılan biletləri alanlar əslində özünü aldadır. Çünki biz kompyuterləşdirilmiş sistemlə işləyirik. Bilet alan şəxslər kassaya yaxınlaşan zaman şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçir. Daha sonra qatara minəndə biletlər yoxlanılır. Hansı biletlər kompyuter qeydiyyatından keçməyibsə, onlar qəbul olunmur. Bu da sərnişinlərin vaqonlardan endirilməsinə səbəb olur. Yəni, biz əlimizdən gələn artırmaları edirik. Saxta yollara ehtiyac yoxdur. Buna ehtiyac görən insanların işləri onsuzda uğursuz alınır. Amma təbii ki, biz əldə bilet satanlara qarşı nəzarət və cəza tədbirləri də görürük, amma nə qədər çalışsaq da nəzarət işi tam səviyyədə istədiyimiz kimi olmur".
Sonda isə bütün sərnişinlərə, eyni zamanda bütün Azərbaycan xalqına qarşıdan gələn yeni ildə problemlərinin həllini, həyatlarının firavan olmasını arzulayıram! Sabah 2010-cu ilin son günüdür. Bu ildə baş verən bütün uğursuzluqları geridə buraxmalı, yeni ili ümidlərlə dolu bir sabahla açmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB