“2010-cu ildə Gəncədə törədilən cinayət hadisələrinin 90 faizinin üstü açılıb”
"Gəncədə kriminogen vəziyyət sabitdir və şəhər polisi ictimai asayişin tam qorunmasını həyata keçirir. Törədilən cinayətlərin 90 faizinin üstü açılıb". Bunu SİA-nın bölgə müxbirinə açıqlamasında Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev bildirib.
İdarə rəisi qeyd edib ki, yola salmaq ərəfəsində olduğumuz 2010-cu il ərzində Gəncə şəhərində 154 cinayət hadisəsi qeydə alınıb: "Nəticədə törədilən cinayətlərin 90 faizinin üstü açılıb. Cari il ərzində hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz istifadəsi, satışı və qəbulu ilə bağlı 85 fakt aşkar edilib, 60 kq-a yaxın narkotik maddə isə dövriyyədən çıxarılıb".
"Sevindirici haldır ki, bir ildə quldurluq və oğurluq halları qeydə alınmayıb. İlin ən diqqət çəkən hadisələri arasında Gəncədə mütəşəkkil dəstəyə rəhbərlik edən Şöhrət Quliyevin və onun havadarlarına hökm oxunmasıdır. Qeyd edək ki, məhkəmə müxtəlif qətllərdə təqsirli bilinən Şöhrət Quliyevə, həmçinin Anar Rzayevə və kriminal aləmdə "çənə" Mehman kimi tanınan şəxsə ömürlük həbs cəzası verib, bu cinayətlərdə əli olan 7 nəfər isə 14 il azadlıqdan məhrum olunub. İl ərzində polis əməkdaşlarının uğurlu əməliyyat tədbirləri nəticəsində ötən əsrin 90-cı illərin əvvəllərində Gəncə şəhərində törədilən 11 cinayətin üstü açılıb. Respublikanın ikinci böyük şəhərində insan alveri ilə bağlı mübarizə istiqamətində də ciddi tədbirlər görülməkdədir. Belə ki, Gəncədə insan alveri ilə bağlı iki fakt aşkar edilib", R. Musayev deyib.
Gəncə polisi, həmçinin əxlaqsız yuvalarının yığışdırılması istiqamətində də öz səylərini davam etdirir deyən İdarə rəisi bildirib ki, il ərzində Daxili İşlər Nazirliyinin xətti ilə Gəncə Polis İdarəsinə peşəkər kadrların cəlb olunmsı istiqamətində də əməli işlər həyata keçirilib: "İşləmək üçün quruma yeni əməkdaşlar cəlb olunub. Ümumilikdə 2010-cu ildə baş verən cinayətlərin sayı ötən illə müqayisədə azdır. Daha əvvəl qeyd olunduğu kimi bu il ərzində 154 cinayət hadisəsi baş veribsə, ötən il bu rəqəm 200-250 olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB