“Milli mənəvi dəyərlər və azərbaycançılıq ideologiyası” TƏDBİR+FOTOLAR
Milli Mənəvi Dəyərlərimizə Dəstək İB-nin bu mövzuda tədbiri keçirilib
Bu gün Yasamal rayonunun Heydər Əliyev Mərkəzində Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı Dövlət Universitetinin, Bakı Avrasiya Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Universitetinin və Bakı İslam Universitetinin tələbə-gəncləri iştirak ediblər.
Öncə tədbirdə Azərbvaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Milli Mənəvi Dəyərlərimizə Dəstək Fondu İB-nin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski qeyd edib ki, qarşıdan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir və hər bir azərbaycanlı üçün belə bir tarixin önəmi vardır. “Bilirik ki, müasir və müstəqil Azərbaycanımızın banisi Ulu öndər Heydər Əliyevdir və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün belə bir tarixə təsadüf etməsi Onun siyasi təcrübəsinin və müdrik ideologiyasının məntiqi nəticəsidir”, deyən Elvin Talışinski həmçinin bir sıra mühüm aspektlərə toxunaraq bildirib ki, artıq dünyanın bir çox ölkələrində Azərbaycan diaspora təşkilatları fəaliyyət göstərir və bu təşkilatlarda gənclərimiz də xüsusi fəallıqları ilə seçilməkdədirlər.
“Bütün bu kimi fəaliyyətlər əlbəttə ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqq səsinin dünya birliyinin diqqətinə çatdırılmasında önəmi rol oynayır. Bu, həm də Ümummilli Liderimiz Heydər Əliyevin bizlərə miras qoyduğu ideologiyadır ki, hər birimiz milli mənəvi dəyərlərimizə sahib çıxmaqla, onu inkişaf etdirib yaşatmalıyıq”, deyə E.Talışinski bildirib.
Çıxış edən Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək bildirib ki, bu kimi tədbirlərin keçirilməsi və gənclərə milli mənəvi dəyərlərimizin əhəmiyyətinin aşılanması çox önəmlidir. “Belə bir günün tarixi əhəmiyyəti həm də ondadır ki, məhz hər il 31 dekabr tarixində dünyada yaşayan soydaşlarımız Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli həmrəylik ideologiyasını daha dərindən öyrənir bu faktorun qorunub-saxlanılmasında fəaliyyət göstərirlər”, deyə qeyd edən Ramil Cəbrayılova görə, hər bir azərbaycanlının borcudur ki, bu ideologiyanın təbliğində fəal olsun.
Çıxış edən Dünya Azərbaycanlılarının Həmrəyliyi İctimai Birliyinin prezidenti Tofiq Əlizadə isə öz növbəsində xarici ölkələrdə yaranmış diaspora təşkilatları və Ümummilli Lider Heydər Əliyevin xarici səfərləri zamanı diaspora üzvləri ilə görüşləri barədə tarixi məqamlara toxunub və bildirib ki, artıq bu gün beynəlxalq aləmdə Azərbaycan ən nüfuzlu ölkələr sırasında yer almaqdadır. “Söz yox ki, bu amillər bu gün dünyada hər bir azərbaycanlıları bir araya gətirilməsində, milli həmrəyliyimizin qorunub-saxlanılmasında, inkişafında önəmli bir hadisədir. Bizlər bu reallığı daim diqqətimizdə saxlamalı, bu işdə yaxından iştirak etməliyik”, deyə Tofiq Əlizadə qeyd edib.
Tədbir mövzu ətrafında aparılan müzakirələrlə başa çatdırılıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB