Neft emalı zavodunda yanğın baş verib, 18 nəfərdən 5-nin öldüyü ehtimal olunur

Neft emalı zavodunda yanğın baş verib, 18 nəfərdən 5-nin öldüyü ehtimal olunur

Ötən gün Bakı vaxtı ilə saat 23:25 radələrində Rusiyanın cənubunda yerləşən Zabaykal vilayətində neft emalı zavodunda yanğınla nəticələnən partlayış baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə vilayətin Dauriya yaşayış məntəqəsində hazırda tikilməkdə olan "Zabaykal neft emalı şirkəti" ASC-yə məxsus zavodda qeydə alınıb. Zavodun nasos stansiyası ərazisində baş vermiş partlayış nəticəsində içərisində təxminən 2 min ton mazut olan anbar alovlanıb. Hadisə zamanı zavodda olan 18 nəfərdən 5-nin öldüyü ehtimal olunur. Onların Çin vətəndaşları olduğu bildirilir.

 

Yanğının ümumi sahəsi barədə məlumat verilmir. Yanğınsöndürmə işlərinə xeyli sayda texnika, o cümlədən 2 yanğınsöndürən qatar cəlb edilib. Yaxınlıqda yaşayan sakinlərin təhlükəsizliyi təmin edilib. Hazırda yanğınla mübarizə davam edir.

 

Qeyd edək ki, partlayışın gücündən həmin ərazidən təxminən 300-500 metr aralıda yerləşən bir neçə yaşayış evinin pəncərələri sınıb. İlkin ehtimala görə, hadisəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə