Yəhya Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, universitetin sabiq rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Cəfər oğlu Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş "Riyaziyyat və Mexanikanın aktual problemləri" adlı beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransdan öncə BDU-da əməkdar elm xadimi, dövlət mükafatı laureatı Y.Məmmədovun adını daşıyan auditoriyanın açılışı olub. Auditoriya 25 müasir tipli kompüter, həmçinin müxtəlif yeni avadanlıqlarla təchiz olunub.

Daha sonra "Riyaziyyat və mexanikanın aktual problemləri" adlı beynəlxalq konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Abel Məhhərəmov Y.Məmmədovun həyat və yaradıcılığına ətraflı nəzər salıb. O bildirib ki, Y.Məmmədov seçki vasitəsilə seçilən yeganə rektor olub. Onun heç zaman vəzifəsindən sui-istifadə etmədiyini deyən rektor qeyd edib ki, Y.Məmmədov Azərbaycanda gözəl elmi məktəb yaradıb.

"Naxçıvan şəhərində dünyaya göz açan Yəhya Məmmədovun uşaqlığı çox acınacaqlı keçirib. O, 1966-cı ildə fizika-riyaziyyat elmlər doktoru, 1967-ci ildə professor, 1981-ci ildə Azərbaycanın əməkdar elm xadimi, 1983-cü ildə isə Azərbaycan AE-nın müxbir üzvü olub. O, 1965-2000-ci illərdə Azərbaycan Dövlət Universitetində "Hesablama riyaziyyatı" kafedrasının müdiri, 1971-1987-ci illərdə Azərbaycanın Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.
Yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olub. Onun rəhbərliyi altında 9 ölkənin 32 nəfər nümayəndəsi namizədlik dissertasiyası və onlardan 7 nəfəri isə doktorluq dissertasiyası müdafiə edib. O, 109 elmi məqalənin, 5 dərsliyin və 7 monoqrafiyanın müəllifidir. Y.C.Məmmədov Xalqlar dostluğu ordeni, akademik Vavilov adına medalla, SSRİ Ali Təhsil Nazirliyinin medalları ilə, Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunub. O, 1981-ci ildə ABŞ-ımn Minneopolis şəhərinin Fəxri vətəndaşı adına layiq görülüb. Universitetdə də onun xatirə hər zaman əziz tutulur. Universitetdə onun berelyef açılıb, onun adına aidutoriya yaradılıb, həmçinin tələbələr üçün Y.Məmmədov adına təqaüd kəsilib", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edən mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov "Görkəmli alim, ictimai xadim" mövzusunda məruzə ilə çıxış edib. Konfransın davamında çıxış edən qonaqlar alim haqqında öz fikirlərini və xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə