“Gənclər böyük həvəslə hərbi xidmətə yollanırlar" ÖZƏL-RƏY

“Gənclər böyük həvəslə hərbi xidmətə yollanırlar" ÖZƏL-RƏY

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında ildə dörd dəfə Sərəncam imzalayır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda Orduya çağırış çox yüksək səviyyədə təşkil olunub: “Bizim gənclər böyük həvəslə hərbi xidmətə yollanırlar. Artıq hərbidən yayınma halları yox səviyyəsindədir. Hətta gənclərimiz hərbi xidmətə getmək üçün özləri müraciət edirlər. Bu Azərbaycanda olan vətənpərvərlik ruhunu göstərir. Hətta bəzən belə hallar da baş verir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılarkən onlar yenidən sənədlərini toplayıb təlim-tədris mərkəzinə gedərək müddətdən artıq xidmət üçün imtahanlar verirlər və müqavilə əsasında öz xidmətini davam etdirirlər. Təbii ki, bu da Azərbaycan Respublikasının Silahlı Qüvvələrində olan nizam-intizamın göstəricisidir. Bu gün hərbi hissələrdə olan ab-havanın göstəricisidir ki, bizim keçmiş əsgərlər yenə də öz xidmətini və gələcəyini Ordu ilə bağlamaq istəyirlər. Ona görə də bu gün Azərbaycan Silahlı Qüvvələri ən nüfuzlu statistik beynəlxalq qurumlarda 136 dövlət arasında 53-cü yer tutub.

Hətta cənab Prezident çıxışlarının birində demişdir ki, Azərbaycan artıq 50 ən güclü Silahlı Qüvvələri olan dövlətlərin içərisindədir. Əlbəttə ki, bu ilk növbədə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin şəxsi qayğısı altında olan ordumuzun inkişafıdır, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin ən yeni müasir texnika, döyüş sursatı ilə təmin olunmasıdır. Bildiyiniz kimi biz 20-dən artıq ölkədən müasir döyüş texnikası və silah-sursat alırıq. Bütün bunları görən gənclərimiz hərbi xidmətdə böyük həvəslə qulluq etmək istəyirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə