Pakistanın nüfuzlu “The Diplomatic İnsight” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc olunub

Pakistanın nüfuzlu “The Diplomatic İnsight” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc olunub

Pakistan İslam Respublikasında ingilis və ərəb dillərində dərc olunan nüfuzlu "The Diplomatic İnsight" jurnalının 2010-cu ilin dekabr ayı üzrə xüsusi buraxılışında Azərbaycanla bağlı geniş məqalə dərc olunub.

SİA-nın xəbərinə görə, Azərbaycanın Pakistandakı səfirliyindən bildiriblər ki, məqalədə ölkəmizin tarixi, siyasi sistemi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda insan hüquqlarının, media və vətəndaş cəmiyyətinin inkişafı, Heydər Əliyev Fondunun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Jurnalda Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğu, min ilə yaxın bir dövr ərzində Qafqaz və Yaxın Şərqin Türk sülalələri tərəfindən idarə olunduğu, Qaraqoyunlular, Ağqoyunlu, Səfəvilər, Əfşar və Qacar sülalələrinin Azərbaycan Türkü olduqları, daha sonra Çar Rusiyasının ХIX əsrdən başlayaraq Araz çayından şimaldakı Azərbaycan torpaqlarını işğal etdiyi qeyd olunub.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınıb, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi oxucuların diqqətinə çatdırılıb. Münaqişənin tarixi və hüquqi cəhətlərinə toxunularaq bildirilib ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və ənənəvi olaraq bu diyarı Azərbaycan türklərinə mənsub sülalələr idarə ediblər. Məsələnin hüquqi tərəfi də məqalədə izah edilib; belə ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının, İslam Konfransı Təşkilatının, Avropa Şurasının və Avropa Parlamentinin qətnamələrində öz əksini tapmış və bu torpaqlardan geri çəkilməsi erməni işğalçılarından tələb olunub.

Vurğulanıb ki, təcavüzkar Ermənistan isə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq sülh istəməmək siyasətini davam etdirir.

Məqalədə Azərbaycanın insan hüquqları və demokratiya, habelə media azadlığı sahəsində əldə olunmuş uğurlarından bəhs olunmuş, 1993-cü ildə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən Azərbaycanda ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkənin bütün sahələrdə sürətlə inkişaf etdiyi, 2001-ci ilin yanvarında isə Avropa Şurasının tamhüquqlu üzvü olduğu barədə dolğun məlumat verilib. 1995-ci ildə qəbul olunmuş yeni konstitusiyanın demokratiya, insan hüquqları, qanunun aliliyi prinsiplərinə təminat verdiyi, 1998-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə media üzərində senzuranın bütün növlərinin ləğv edildiyi vurğulanıb.

Jurnalda Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar olunması yolunda önəmli məsafə qət edildiyinə bariz nümunə olduğu, Fondun ölkə daxilində və beynəlxalq aləmdə çox mühüm layihələri reallaşdırdığı bildirilib.

Heydər Əliyev Fondunun 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində baş vermiş zəlzələdə tamamilə dağılmış bölgədə Rara Qızlar Məktəbini tikməsi ümumilikdə Pakistan təhsilinə dəstək kimi qiymətləndirilib.

"Diplomatic İnsight" jurnalında Azərbaycanın siyasi sistemi haqqında da məlumat verilib, demokratik prinsiplərə, müasir və milli dəyərlərə əsaslanan Konstitusiyanın ölkənin idarəçiliyində rəhbər tutulduğu, hakimiyyətin xalq tərəfindən seçkilər vasitəsilə formalaşdırıldığı ətraflı izah edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə