“Qardaşlığımız əbədidir”

“Bu gün qardaş Türkiyə Cümhuriyyətinin yaradılmasının 95 ildönümüdür. Böyük öndər Mustafa Kamal Atatürkün silahdaşlarının qurduğu Türkiyə Cümhuriyyəti bütün Türk dünyasına bir örnəkdir.” Bunu “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri və Milli Qeyri Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Çingiz Bayramov SIA-ya açıqlamasında deyib.

QHT sədri qeyd edib ki, bu Cümhuriyyət Türkiyə xaricində yaşayan türklərin də vətənidir. Biz qardaş Türkiyədə təhsil almış Türkiyənin müxtəlif universitetlərində məzun olan azərbaycanlılar Türkiyə Cümhuriyyətinin bu gözəl bayramını öz bayramımız kimi hər il qeyd edirik: “Sevindirici haldır ki, Atatürk ideyalarına bağlı olan milyonlarla bu gün dünyada gənc vardır. Bu ideyalar əbədidir və bu gün Türkiyə Cümhuriyyətini idarə edənlər, o cümlədən, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən layiqincə davam etdrilir. Ulu Atatürkün qurduğu Türkiyə Cümhuriyyəti bu gün regionun və dünyanın söz sahibi olan dövlətinə çevrilib. Azərbaycan vətəndaşı olaraq qardaş Türkiyənin inkişafını öz inkişafımız kimi görürük və fəxr edirik. İzmirdə açılan “Star” Neft Emalı zavodu Azərbaycan-Türkiyə qardaşlığının iqtisadi təntənəsinə çevrilib. Azərbaycan dövləti və Azərbaycan vətəndaşı öz sərmayəsini Türkiyəyə yatırmaqlıdır ki, qardaş Türkiyənin iqtisadiyyatı daha da güclənsin. Bu bizə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən miras qalan “Bir millət iki dövlət” ideyasına həm də sadiqlikdir. Türkiyə bu 95 ildə çox keşməkeşli yollar keçib. Ən yaxın tarixdə Feto terror təşkilatının Türkiyədə çevrilişə cəhd etməsi və böyük Türk milləti tərəfindən qarşısının alınması Türk insanının Cümhuriyyətə və Atatürk ideyalarına sadiqliyinin bariz nümunəsidir.”

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə