Oqtay Əsədov Litva Seyminin Xarici işlər komitəsinin sədrini qəbul edib

Oqtay Əsədov Litva Seyminin Xarici işlər komitəsinin sədrini qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov Litva Seyminin Xarici işlər komitəsinin sədri Emanuelis Zingerisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, spiker qonağı səmimi salamlayaraq Azərbaycanın Litva ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi.

Qeyd edildi ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlığımız keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Müstəqil Azərbaycanın Avratlantik məkana inteqrasiyası ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir.

Litva Seymi ilə birlikdə həyata keçirilən Tvinninq layihəsi Azərbaycan qanunvericiliyinin Avropa Birliyinə üzv ölkələrin qanunvericiliyinə uyğunlaşdırılmasında əhəmiyyətli rol oynayır. Biz parlamentlər səviyyəsində əlaqələrimizi yüksək dəyərləndirir və bunu təcrübə, informasiya mübadiləsi baxımından önəmli hesab edirik.

Azərbaycanın yerləşdiyi regionda dinamik inkişaf edən ölkə olduğunu vurğulayan Spiker Dağlıq Qarabağ münaqişəsinin bölgənin ümumi tərəqqisinə və Avropa strukturlarına inteqrasiyasına böyük maneə törətdiyini söylədi. Bildirildi ki, Azərbaycanın qısa müddət ərzində əldə etdiyi uğurları hətta onun düşmənləri belə etiraf edir. Çox təəssüf ki, erməni siyasətçiləri öz işğalçılıq ambisiyalarından əl çəkmək istəmirlər. Bu isə öz növbəsində Avropa təhlükəsizlik arxitekturasını da təhdid edir.

Biz Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar Almaniya və İtaliya parlamentlərində qəbul olunmuş qətnamələri ədalətli hesab edirik. Litva parlamentində də Dağlıq Qarabağla bağlı belə bir qətnamənin hazırlanmasını yüksək qiymətləndiririk. İnanırıq ki, Litva gələcəkdə də münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəkdir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycanda keçirdiyi görüşlərdən məmnun qaldığını ifadə etdi. Qeyd edildi ki, bu görüşlərdə Tvinninq layihəsi çərçivəsində əldə edilmiş uğurlar və gələcək planlar barədə geniş fikir mübadiləsi aparılıb.

Litva Azərbaycana Avropa strukturlarına inteqrasiyası istiqamətində gələcəkdə də lazımi köməklik göstərmək niyyətindədir. Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak edirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə