Paşinyanın hafizəsi yerində deyil XATIRLATMA

Paşinyanın hafizəsi yerində deyil XATIRLATMA

“Azərbaycanın hər hansı bir statusda KTMT-yə üzvlük məsələsi yoxdur”, - SİA erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. “Bu barədə söhbətlər və yazılar var. Ermənistanın mövqeyi dəqiqdir. Bənzər məsələlər konsensusla həll olunur və təbii ki, mövcud hərbi-siyasi vəziyyətdə bu barədə danışmaq belə məntiqsizdir”.

Erməni baş nazir parlamentdəki çıxışında bir az da irəli gedərək, siyasi həyasızlığa yol verib və Azərbaycan tərəfinə qarşı ittihamla çıxış edib: “Ermənistan heç vaxt onun yaşayış məntəqələrini atəşə tutan ölkənin bizim ümumi hərbi-siyasi təşkilatımıza üzv edilməsinə razılıq verməyəcək”.

Görünən isə budur ki, Nikol Paşinyanın başı Yerevan küçələrindəki mitinqlərinə o qədər aludə olub ki, artıq hafizəsi də yerində deyil. Görünür, Paşinyan münaqişənin 30 il öncə məhz Ermənistan tərəfindən başladıldığını, təmsil etdiyi ölkənin təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-ni işğal edildiyini, işğal faktının BMT də daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanındığını, habelə, erməni hərbi birləşmələrinin Xocalıda vəhşicəsinə törətdikləri soyqırımı faktını və bu faktın da beynəlxalq aləm tərəfindən tanındığını, Ermənistan ordusunun Azərbaycanla sərhəd bölgələrində mülki vətəndaşlara açdığı atəşlərini, nəticədə uşaq, qadın və qocaların öldürülməsini unudub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə