AŞ-nın İşgəncələrə Qarşı Komitəsi gələn il Azərbaycana səfər edəcək

AŞ-nın İşgəncələrə Qarşı Komitəsi gələn il Azərbaycana səfər edəcək

İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftarın və ya Cəzanın qarşısının Alınması üzrə Avropa Komitəsi 2011-ci il üçün ölkələr səfər proqramını açıqlayıb. SİA-nın xəbərinə görə, komitənin yaydığı sənəddə İQK "vaxtaşırı səfərlərdən" başqa lazım bildiyi təqdirdə üzv ölkələrə "Ad hoc" səfərlər də həyata keçirmək hüququna malik olduğunu sənəddə xüsusi vurğulayır. Komitənin hökumətlər tərəfindən həbs edilmiş insanların saxlanıldıqları yerlərə hər an baş çəkmək hüquqları var.

 

Eyni zamanda İQK nümayəndələri üçüncü şəxsin müdaxiləsi olmadan həbs edilmiş şəxslərlə təklikdə, həmçinin onlara hər hansı bir lazımı məlumatları verə biləcək insanlarla da görüşmə hüququna malikdirlər. Hər səfərdən sonra İQK özünün həyata keçirdiyi missiya ilə bağlı məxfi hesabatı səfər etdiyi ölkə nümayəndələrinə göndərir. Bu hesabat həbs edilmiş insanların ləyaqətini alçaldan rəftarlarından və işgəncələrdən qorunması sahəsində İQK ilə milli hökumətlər arasındakı dialoqun təməlini daşıyır.

 

Qeyd edək səfər ediləcək ölkələr arasında Azərbaycanın da adı var. Eyni zamanda İQK Azərbaycana indiyə kimi beş səfər edib. Komitə ölkəyə son səfərini 2008-ci ilin dekabr ayında edib və 2009-cu ilin noyabrında Azərbaycan üzrə sonuncu hesabatını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə