Ermənistan xarici işlər nazirinin müavini: “Qarabağın müstəqilliyinin tanınması münaqişəni həll etməyəcək”

Ermənistan xarici işlər nazirinin müavini: “Qarabağın müstəqilliyinin tanınması münaqişəni həll etməyəcək”

"Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması münaqişəni həll etməyəcək". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Savarş Köçəryan parlamentdə çıxışında deyib. Ermənistanın Dağlıq Qarabağın beynəlxalq tanınmasına can atdığını deyən xarici işlər nazirinin müavini Miras Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Stepan Safaryanın fikirləri ilə razı olmadığını söyləyib.

 

İndiki vəziyyət üçün Dağlıq Qarabağın tanınmasının uyğun olmadığını vurğulayan S.Köçəryan eyni zamanda bildirib ki, bu məsələnin gündəlikdən çıxarılması anlamına gəlməməlidir: "Qarabağın təhlükəsizliyinə və Qarabağ insanlarının hüquqlar müdafiəsinə Ermənistanın verdiyi zəmanət qətiyyən şühhə altına alına bilməz. Ermənistan həmçinin Qarabağ vətəndaşlarının təhsil və səhiyyə xidməti ilə bağlı problemləri həll edir".

 

Qeyd edək ki, Stepan Safaryan, eləcə də Miras Partiyasının digər üzvləri Dağlıq Qarabağın tanınmasını münaqişənin açarı hesab edir. Miras partiyası dekabrın 9-da Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınmasını nəzərdə tutan qanun layihəsini parlamentin müzakirəsinə çıxarmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə