Ekologiya və Təbii Sərvətlər Nazirliyində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi ilə bağlı xatirə günü keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi ilə bağlı xatirə günü keçirilib

Azərbaycan Prezidenti­ İlham Əli­yevin "Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 08 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə 07 dekabr 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində xatirə günü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Təhsil Nazirinin müavini İradə Hüseynova, Azərbaycan Respublikası Prezidenti­ yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə, Bakı Dövlət Universitetinin professorları Vasif Babazadə, Müseyib Müseyibov və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov dünya şöhrətli alimin neft və onunla bağlı sahə­lərdəki araşdırmalarının istər respublikamızda, istər postsovet məkanında, istərsə də dünyanın ən nüfuzlu elm mərkəzləri yerləşən xarici ölkələrdə xüsusi olaraq dəyərləndirildiyini qeyd edib, neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmət­ləri olan Şəfaət Mehdiyevin gərgin zəhmət hesabına yazdığı kitablar, monoqrafiyalar, dərsliklərin uzun illərdir ki, müxtəlif nəsil tələbə, alim və oxucular tərəfindən sto­lüstu də­yərli elmi vəsait kimi istifadə olunduğunu bildirib.

Daha sonra tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti A.Əlizadə, BDU-nun professoru V.Babazadə, Təhsil Nazirinin müavini İ.Hüseynova və ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ə.Kərimov akademik Şəfaət Mehdiyevlə bağlı xatirələrindən, onun geologiya elminin fundamental istiqamətlərinin inkişafında əvəzsiz xidmətlərindən, Azərbaycanın geotermal şəraitinin, neft və qaz yataqlarının hidrologiyası və geoloji baxımdan rayonlaşdırılması və s. sahələrdə apardığı tədqiqatlardan və keçdiyi şərəfli yoldan danışıblar.

Sonda Ş.Mehdiyevin oğlu A.Mehdiyev tədbir iştirakçılarına akademik haqqında deyilən fikirlərə, xoş xatirələrə görə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə