“Son illər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün keçirilməsi ilə bağlı subyektiv əngəllər var idi. Lakin Qırğız Respublikasında keçirilən prezident seçkilərindən sonra yeni rəhbərliyin qarşıya qoyduğu məqsəd sayəsində ötən gün Qırğızıstanda zirvə görüşünün keçirilməsi mümkün oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Növbəti sammitin Bakıda keçiriləcəyini deyən politoloq söyləyib ki, sammit ərəfəsində türkdilli dövlətlər arasında müzakirə olunan məsələlər bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, sammit eyni zamanda ikitərəfli əlaqələrin inkişafı baxımında da böyük önəm kəsb edir: “Bildiyiniz kimi illər öncə Özbəkistan bu formata qoşulmurdu. Məhz ölkələr arasında ikitərəfli əlaqələr sayəsində Özbəkistan ilk dəfə olaraq zirvə toplantısında təmsil olundu. Bu da təbii ki, qurumun əhəmiyyətini və formatın çəkisini daha da artırır”.
Politoloq söyləyib ki, Şuraya daxil olan ölkələrinin sayının artması bu ölkələr arasında həyata keçirilən layihələrin də əhəmiyyətini artırmış olur: “Ölkələr arasında həyata keçirilən layihələrin əsasını iqtisadi layihələr təşkil edir. Amma eyni zamanda burada humanitar, mədəni sahədə olan layihələr də vacib yerə malikdir. Bildiyiniz kimi türkdilli ölkələrin ümumi tarixi hazırlanaraq 5 ölkədə dərslik kimi çap olunub və tədris metodiki bazaya daxil edilib. Bundan başqa türkdilli dövlətlərin tarixi, mədəni irsinin öyrənilməsi əsasında mühüm layihə ortaya qoyulub ki, bu layihə sayəsində vahid turistik marşrutları tərtib olunur. Eyni zamanda vahid İnformasiya kanalının yaradılması layihəsi də gündəmdədir”.
Türkdilli ölkələr arasında nəqliyyat sahəsində layihələrin həyata keçirilməsinin önəmli məsələ olduğunu deyən İ.Vəlizadə vurğulayıb ki, qarşılıqlı investisiyaların həyata keçirilməsi bu ölkələr üçün vacib məqamlardan biridir: “Bildiyiniz kimi indiyə qədər Mərkəzi Asiya ölkələrində Türkiyə tərəfindən qoyulan investisiyaların həcmi böyük idisə, artıq bir çox Mərkəzi Asiya, eləcə də Azərbaycanın iri təsərrüfat obyektləri qardaş ölkədə investisiya yatırımı edərək, böyük müəssisələr almağa nail olurlar. Ölkələr arasında həyata keçirilən proseslər əlbəttə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının siyasi çəkisinin daha da artmasına gətirib çıxarır”.
Politoloq qeyd edib ki, Macarıstanın baş nazirinin toplantıya qatılması göstərdi ki, format təkcə regional deyil, eləcə də Avrasiya səviyyəsində çox təsirli formata çevrilir: “Hesab edirəm ki, görülən işlər nəticəsində iri həcmli siyasi təşkilat olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nüfuzu bundan sonra daha da artacaq”.
Formatın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, politoloq deyib ki, Şuraya daxil olan ölkələrin münaqişənin həlli ilə bağlı mövqeyində mühüm dəyişikliklər hiss olunur: “Əgər 1990-cı ilin əvvəllərində Qazaxıstan və Qırğızıstan kimi ölkələr münaqişənin həlli ilə bağlı neytral mövqe nümayiş etdirirdilərsə, son illər onların Azərbaycanın mövqeyini dəstəklədiklərini görmək mümkündür. Özbəkistanın bu formata qoşulması da Azərbaycanın mövqeyinin möhkəmlənməsindən xəbər verir. Özbəkistan açıq şəkildə etiraf edir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”.
Formatın genişlənməsi məsələsinə toxunan İ.Vəlizadə əlavə edib ki, gələcək də Türkmənistan da bura üzv ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB