"Almaniya ilə Azərbaycan arasında həm iqtisadi, həm də siyasi münasibətləri genişləndirmək üçün perspektivlər kifayət qədərdir. Bu baxımdan Almaniyanın Konsleri Angela Merkelin Azərbaycana səfəri ilk növbədə münasibətlərin qarşılıqlı faydalılıq prinsipi əsasında inkişafına töhfə verə bilər". Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, səfər çərçivəsində enerji və nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələrin aparılması da gözlənilir: "Baxmayaraq ki, Almaniya kansleri səfərdən öncə Rusiya qazının daha ucuz olduğunu vurğulayıb, amma hesab edirəm ki, bu yanaşma daha çox iqtisadi məsələlərin müzakirəsi müstəvisində əlverişli mövqe əldə edilmək üçün sərgilənib.
Çünki “Şimal axını-2" layihəsinin Avropa İttifaqı tərəfindən bloklanması perspektivinin yüksək olması, Almaniyanı alternativ enerji mənbələri axtarışına sövq edə bilər. Bütün hallarda Almaniya kanslerinin ölkəmizə səfərini iki ölkə arasında dialoqun möhkəmləndirilməsi baxımından önəmli hadisə kimi qiymətləndirmək lazım gəldiyini düşünürəm”.
E. Mirzəbəyli qeyd edib ki, Almaniya əhalisinin sayına Avropa İttifaqının birinci dövləti, Avropanın birinci, dünyanın dördüncü iqtisadiyyatıdır: "Lakin sön dövrlərdə, xüsusilə də Birləşmiş Ştatların Almaniyanın ənənəvi iqtisadi tərəfdaşlarına sanksiyalar tətbiq etməsindən sonra ölkənin ümumdaxili məhsulunda (ÜDM) ənənəvi artım nəzərə çarpmayıb. 2018-ci ilin ilk 6 ayının yekunlarına görə, ÜDM-də 2011-2017-ci illərin rekord göstəricilərinə rəğmən geriləmə baş verib. Digər tərəfdən, Almaniyanın Avropanın əsas qazpaylayıcı şəbəkəsinə çevrilməsini nəzərdə tutan ”Şimal axını-2" layihəsinin taleyi sual altındadır. Bu layihə Avropa İttifaqının üçüncü enerji paketi ilə ziddiyyət təşkil etməklə yanaşı ittifaqın üzvü və strateji tərəfdaşı olan ölkələrə ciddi ziyan vura biləcəyi üçün gündəlikdən tamamilə çıxarıla bilər. Bütün bunlar, eyni zamanda Almaniyanın müstəqil güc mərkəzi kimi qlobal proseslərə qatılmaq niyyəti kansler Angela Merkelin Cənubi Qafqaza səfərini əsaslandıran amillərdən biridir. Qeyd edim ki, səfər haqqında rəsmi məlumatların yayıldığı zaman kəsiyindən bir müddət öncə Merkel dünya düzəninin ciddi təzyiq altında olduğunu və Almaniyanın baş verənlərə müşahidəçi qalmayacağını bildirmişdi. Qənaətimə görə, Almaniya kanslerinin Cənubi Qafqaza səfərində sadaladığım bütün amillər rol oynayır".
Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Abxaziya və Cənubi Osetiya problemini əsas gətirməklə Gürcüstanın yaxın zamanlarda NATO-ya üzv ola bilməyəcəyini vurğulaması da diqqətə alınmalıdır: " Almaniya kanslerinin Gürcüstanda verdiyi bəyanatlardan ən önəmlisi isə hesab edirəm ki, ərazi bütövlüyü prinsipi ilə bağlıdır. Rusiya ordusunun Cənubi Osetiya və Abxaziyadan çıxarılmasına çağırış da bu konteksdən Gürcüstan üçün mühüm önəm daşıyır. Ümid edirəm ki, beynəlxalq hüququn təməl prinsiplərinə münasibətdə Gürcüstanda səsləndirlən mövqe Azərbaycanda da nümayiş etdiriləcək. Əks təqdirdə Almaniyanın, Merkelin də bəyan etdiyi kimi qlobal düzəni təzyiq altından çıxarmağa heç bir şansı olmayacaq. Cənubi Qafqazda iqtisadi baxımdan Almaniya üçün önəmli olan yeganə dövlət Azərbaycandır. Nə Gürcüstan, nə də Ermənistan Almaniyanın maraqlarını cəlb edə biləcək iqtisadi potensiala malik ölkələr deyillər. Adlarını vurğuladığım ölkələri Almaniyanın və Avropa İttifaqının maliyyə dəstəyi və uzunmüddətli yatırımları daha çox maraqlandırır. Səfər şübhəsiz ki, həm iqtisadi, həm də siyasi motivlidir. Bu, Almaniya kanslerinin səsləndirdiyi bəyanatlarda da öz əksini tapıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB