Yaxud, üç ölkədən ən önəmlisi – yekun seçim Azərbaycandır
Məlum olduğu kimi, Almaniya Federativ Respublikasının kansleri, Avropanın növbəti dəmir ledisi statusunu qazanmış Angela Merkelin Gürcüstan və Ermənistanın ardınca, avqustun 25-də Azərbaycana səfəri reallaşacaq. Artıq istər post sovet məkanında, istərsə də Avropada xanım Merkelin Cənubi Qafqaz səfəri ətrafında bir sıra maraqlı nüanslar qeyd edilməkdədir. Daha çox diqqət cəlb edən amil isə Almaniya kanslerinin siyasi turnesi fonunda Azərbaycanla bağlı daha çox materialların yer almasıdır. Bu isə əbəs deyil, belə ki, məhz Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olaraq tanınır və qəbul edilir. Məhz bu baxımdan, almaniyalı dəmir ledi regiona səfərini Azərbaycanla yekunlaşdırmağı planlaşdırıb.
Önəmli qərarlar Azərbaycanla məsləhətləşdiriləcək
Yəni yekun seçim və bu seçimdə veriləcək önəmli qərarlar Azərbaycanla məsləhətləşdiriləcək. Əslində, belə bir addım beynəlxalq siyasi kuluarlarda da nəzərə alınır və Almaniyanın Cənubi Qafqaz ölkələri sırasında Azərbaycana verdiyi önəmi isbatlamış olur. O cümlədən, Almaniyanın Avropa Birliyi ölkələri arasında xüsusi çəkiyə və siyasi üstünlüyə malik olması da bütövlükdə Azərbaycan üçün bir sıra mühüm siyasi və s. dividentlər qazandırmış olur.
Onu da qeyd etmək yerinə düşərdi ki, Almaniya ilə Azərbaycan arasında siyasi-diplomatik münasibətlərin rəsmi tarixi 1992-ci ilin 20 fevral tarixinə təsadüf etsə də, həmin münasibətlərin inkişafı 1993-cü ilin yayından sonraya söykənir. Daha dəqiq desək, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi fonunda, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, Azərbaycanın Avropa ölkələri ilə xarici əlaqələr qurmasında köklü dəyişikliklərə start verilmiş oldu.
Heydər Əliyev Avropaya yönəlik siyasətində daim Almaniyanı əsas ölkə olaraq qiymətləndirib
Halbuki, həmin dövrə qədər hakimiyyətdə olmuş AXC-Müsavat iqtidarının naşı siyasəti, xarici diplomatik uğursuzluqları demək olar ki, Avropa qitəsini, bütövlükdə isə Qərbi ölkəmizə qarşı qərəzli siyasət aparması ilə nəticəsni tapmışdı. Eyni zamanda, Heydər Əliyev Avropaya yönəlik siyasətində daim Almaniyanı əsas ölkə olaraq qiymətləndirib. Ona görə də, 1993-cü ildən etibarən Almaniya-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atıldı, müxtəlif və çoxşaxəli istiqamətlərdə əlaqələrin qurulmasına başlanıldı. 1995-1996-cı illərdə ölkələr arasında mədəniyyət, iqtisadiyyat və s. sahələri əhatə edən dövlətlərarası sazişlər imzalandı. Xüsusilə, 1995-ci il dekabrın 22-də Almaniya Federativ Respublikası ilə bağlanan "Mədəni əməkdaşlıq haqqında Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında saziş" qarşılıqlı əməkdaşlığın imkanlarını genişləndirdi, mübadilə məsələlərinə diqqət yetirildi. Məsələn, Almaniyanın Bremen Muzeyinə məxsus olan 14 rəsm əsəri 40 ildən artıq bir dövrdə (1947-ci ildən etibarən) Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılırdı. Həmin rəsm əsərlərinin 1999-cu il noyabrın 16-da Prezident Heydər Əliyevin Sərəncamı ilə öz vətəninə - AFR-ə ödənişsiz qaytarılması iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Nəticədə rəsmi səviyyədə əldə edilən razılaşmalar, davamlı əməkdaşlıq qərarları öz səmərəli nəticəsini vermiş oldu. Misal üçün, 1996-cı ilin mayında Bakıda Almaniya günləri, 2001-ci ilin yayında isə Köln şəhərində Azərbaycan günləri keçirildi və bu ənənə hazırkı zamanlarımızda qədər davam etdirilməkdədir.
Prezidenti İlham Əliyev daim ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq bağlarına önəm verib
Söz yox ki, Almaniya Federativ Respublikasının kanslerinin Azərbaycana xüsusi önəm verməsini həm də ölkəmizin son dövrlərdə əldə etdiyi nəhəng iqtisadi uğurları ilə də əlaqələndirilə bilər. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev daim ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq bağlarına önəm verib. Onun Almaniyaya işgüzar və rəsmi səfərləri çərçivəsində ölkələrimiz arasındakı münasibətlər barədə irəli sürdüyü əhəmiyyətli fikirləri hər zaman Almaniyanın aparıcı siyasi dairələri, eyni zamanda alman ictmaiyyəti tərəfindən alqışlarla qarşılanıb.
Onu da qeyd etmək yerinə düşərdi ki, rəsmi Bakı reallaşdırdığı enerji, nəqliyyat layihələri əsasında daim Avropa ölkələrinin iştirak etməsi mümkünlüyünü bəyan edib, həmin layihələrin təşəbbüskarı olaraq, bu istiqamətdə müxtəlif çağırışlar olunub. Əlbəttə, Almaniya Avropanın söz sahibi ölkələri sırasında birinciliyini əldə saxlamaqla yanaşı, öz yerini möhkəmləndirmək, daha sabit saxlamaq və inkişaf etdirmək marağındadır. Bu mənada, Azərbaycanla həmin sferada əlaqələri genişləndirmək Federativ Respublikanın siyasi çəkisini, nüfuzunu daha da artırmış olur.
Almaniya daim torpaqlarımızın 20 faizinin işğal edilməsi məsələsində ərazi bütövlüyü prinsipindən çıxış edib
Lakin digər tərəfdən, o da sirr deyil ki, xanım Merkel Qarabağ probleminin həllində daim maraqlı tərəf kimi çıxış edib. Həmçinin, rəsmi Berlinin Qarabağ danışıqlarında vasitəçi olması ideyasını Bakı daima dəstəkləyib. Çox yəqin ki, Angela Merkelin Bakı səfərində bir daha ölkəmizin ərazi bütövlüyü dəstəklənəcək, Azərbaycana qarşı yürüdülən işğal faktoru isə pislənəcək. Əsası isə budur ki, Almaniya daim torpaqlarımızın 20 faizinin işğal edilməsi məsələsində ərazi bütövlüyü prinsipindən çıxış edib. O da əbəs deyil ki, Almaniya müxtəlif münaqişələrin həllində Avropa ölkələri sırasında daha fəaldır görünməkdə, qiymətləndirilməkdədir.
Merkel: “Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiyanın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaq”
Növbəti diqqət çəkən mühüm məqam xanım Merkelin şəxsi olaraq, Prezident İlham Əliyevlə olan dostluq münasibətinə önəm verməsidir. Misal üçün, bu məqamda biz 2017-ci ilin aprelində almaniyalı kanslerin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı dövlət başçımıza göndərdiyi məktubu xatırlaya bilərik. Sözügedən məktubda xanım Merkel vurğulayır ki, hələ 200 il bundan əvvəl ilk şvab mühacirləri müasir Azərbaycanın ərazisində məskunlaşıblar. O, münasibətlərimizin canlı və hərtərəfli olduğunu Prezident İlham Əliyevin 2016-cı ilin iyun ayında Almaniyaya səfəri ilə birmənalı olaraq təsdiq etdiyini xüsusilə qeyd edib. “Almaniya olaraq Sizin ölkəmiz ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Avropanın dəyərlər icmasına qoşulmaq iradənizi alqışlayır”, deyə qeyd edən kansler vurğulayıb: “Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiyanın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaq”.
Beləliklə, xanım Merkelin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində yekun olaraq Azərbaycanı ziyarət etmək planı mühüm siyasi amillərə söykənir. Bu siyasi amillər həm Almaniyaya həm də Azərbaycana münbit, səmərəli və davamlı uğurlar vəd edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB