Deputat: "Azərbaycanla Belarus arasında hərbi əməkdaşlıq Ermənistanı narahat edir" ŞƏRH-ÖZƏL
“Azərbaycanla Ermənistandan başqa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr arasında münasibətlər hər zaman yaxşı olub və bu münasibətlər getdikcə də yaxşılaşır”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələsinə münasibətini bildirərkən deyib.
Deputatın sözlərinə görə, bu gün Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın genişləndirilməsi düşmən ölkəni narahat etməyə başlayıb: “Çünki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri ilə bağlı iddiası var. Düşmən ölkə Azərbaycan-Ermənistan sərhədində təxribat törətdikdə belə bu təşkilatın üzvlərinin diqqətini cəlb etməyə çalışmaqla yanaşı, hətta onlardan kömək də umur. Lakin Ermənistanın bu istəkləri ürəyində qalıb”.
Avqustun 12-də Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanmasının Ermənistanı məyus etdiyini xatırladan E.Məmmədov söyləyib ki, bu sənədin imzalanmasında iştirak edən Qazaxıstan və Rusiya da KTMT-də düşmən ölkə ilə birgə üzv ölkələrdir: “Cənab Prezident imzalanma mərasimində də qeyd etdi ki, sənədi imzalayan 5 Xəzəryanı ölkə bir-birinin ərazisinin bütövlüyünə hörmətlə yanaşmalı, bu istiqamətdə dəstək olmalıdır. Bunun özü də Ermənistanı məyus edən fakt oldu”.
İşçi qrupunun üzvü qeyd edib ki, Ermənistan bütün sahələrdə olduğu kimi bu gün Azərbaycan-Belarus münasibətlərinin yaxşılaşmasında da uduzan tərəfdir: “Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər onun məğlubiyyəti qaçılmaz olacaq. Azərbaycan-Belarus hərbi əməkdaşlığından narahat olan Ermənistana təsir edən ən mühüm amillərdən biri Belarusun onlara silah verməməsidir. Bildiyiniz kimi illər ərzində düşmən ölkə açıq-aşkar bir neçə dəfə Belarus prezidenti Lukaşenkoya müraciət edərək, onlara silah verməsini istəyib. Lakin həm Belarusun, həm də Qazaxıstanın prezidenti Ermənistanın işğalçı olduğunu və onların bir təşkilatda üzv olmasının Azərbaycanla münasibətlərinə heç bir xələl gətirməyəcəyini bəyan ediblər. Hər iki dövlət başçısı hər zaman Azərbaycanı dost, qardaş ölkə kimi dəstəkləyib və bu dəstəklərini də müxtəlif əməkdaşlıq münasibətlərində bir daha ortaya qoyublar”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti "ARMY-2018" Beynəlxalq hərbi-texniki sərgisində iştirak edir. Sərgi çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri cənab Roman Qolovçenko arasında görüş keçirilib. Tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi-texniki sahələrdə əməkdaşlığın vəziyyətini müzakirə ediblər.
Daha sonra general-polkovnik N.Sadıkov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisəni ziyarət edərək oranın rəhbərliyi ilə görüşüb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti bu ölkənin hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə maraqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB