Politoloq: “Ermənistanda hadisələr gərgin vəziyyət alıb" ÖZƏL-MÖVQE

Politoloq: “Ermənistanda hadisələr gərgin vəziyyət alıb" ÖZƏL-MÖVQE

“Ermənistanda hadisələr gərginliyə doğru irəliləməyə başlayıb. Nikol Paşinyanın “Qarabağ klnanı”na qarşı açdığı savaş artıq bu cinayətkar qruplaşmanın havadarlarını hərəkətə keçməyə məcbur etdi. Keçmiş prezident Robert Koçaryanın və Serj Sarkisyanın ən yaxın qohumlarının həbsi Rusiyanı dilə gəlməyə vadar etdi. Rusiya xarici işlər naziri Sergey Lavrov Koçaryanın həbsi ilə bağlı narahatlılıqlarını dilə gətirdi. Hadisələrin gedişi zamanı Rusiya Ermənistana bəyanatsız, lakin hərbi və iqtiasadi basqılarla təzyiq edirdisə, bu dəfə siyasi bəyanat verərək onu əməllərindən çəkinməyə çağırdı”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi Ermənistan nümayəndəsi Manvel Xaçaturyan həyata keçirir: “O isə 2008-ci il mart hadisələrində dövlət çevirilişndə ittiham olunaraq həbs edilib. Bu həbs əslində Rusiyanın təsir dairəsində olan bir qurumun rəsmi olaraq çökməsi ilə sonunclana bilər. Əslində bu qurum Rusiyanın siyasi nüfuzu üçün çox vacibdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir müddət daha mövcud olması üçün Rusiyanın Ermənistana ehtiyacı var. Rusiyalı ekspertlər Manvel Xaçaturyanın həbsini Rusiyanın üzünə tüpürmək kimi qiymətləndirirlər. Təsəvvür edirsinizmi necə vəziyyət yaranıb? Məsələn, NATO üzvü olan bir ölkədə siyasi hakimiyyət dəyişir və onlar NATO-nun baş katibini həbs edirlər.

Bütün bu proseslərlə yanaşı Rusiyada ciddi olaraq Ermənistanla münasibətlərə yenidən baxmaq planları da var. Bəzi Rusiyalı ekspertlər hesab edirlər ki, Qərb tərəfindən şirnikləndirilən Ermənistan onsuz da yaxın gələcəkdə Avropa İttifaqına qoşulmağa çalışacaq. O zaman perspektivsiz bir müttəfiqliyi davam etməyə də lüzum görmürlər.

Rusiya son 25 -30 ildə xarici siyasətində yalnız antidemokratik ölkələrə sıx müttəfiqlik siyasəti yürüdərək ətrafında bir diktatura kəməri formalaşdırıb. Yaxın onillikdə isə bu kəmərin qırılması ehtimalı böyükdür. O zaman niyə Putin Türkiyə və Azərbaycan kimi Rusiyaya qarşı normal münasibətlərə meyilli dövlətlərlə strateji müttəfiqlik qurmasın.

Ermənistanın Avropa Birliyinə qoşulmaq istəyi heç də göründüyü kimi sadə deyildir. Avropa Birliyi isə ərazilərində münaqişə olan dövlətləri öz sırasına qatmağa meyilli deyil. Bu səbəbdən də ilk növbədə Etmənistandan Dağlıq Qarabağ münaqişəsini birdəfəlik həll etməyi tələb edə bilərlər. Bütün beynəlxalq normativlərə əsasən isə problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Belə olan halda niyə Rusiya qabaqlayıcı faktor kimi bu məsələni kökündən həll etməsin. Hesab edirəm ki, Rusiyanın regionda güclü və ədalətli ölkə obrazını qazanması üçün müttəfiqləri ilə vassal kimi davranmağı buraxmalıdır. Gürcüstan və Ukraynada buraxdığı səhvləri davam etdirmək ən yanlış siyasətdir. Saakaşvilinin Putinlə ilk görüşü zamanı baş vermiş insident bu münasibətlərin birdəfəlik pozulmasına gətirib çıxardı. O görüşdə Gürcüstanı vassal olaraq görməyə adət edən Putin Saakaşviliyə bir siyahı verərk həmin adamları nazir təyin etməyi istəmişdi.

İndiki halda Rusiyanın əlinə Qafqazda ən etibarlı tərəfdaş qazanmaq şansı düşüb. Azərbaycanla həqiqi müttəfiqlik Rusiya üçün bir şansdır. Putin bu şansı düzgün dəyərləndirərsə regionda böyük iqtisadi sıçrayış baş verəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə