Qədim şəhərin “yaraşıqlı binaları”- FOTOSLAYD

Qədim şəhərin “yaraşıqlı binaları”- FOTOSLAYD

Görüntülər müharibə baş verən ərazilərdən yox, Gəncənin mərkəzi küçələrində yerləşən binaların giriş və dəhlizlərindən çəkilib. Yəni ilk baxışdan aldanmağa ehtiyac yoxdur. Çünki dəhlizlər baxımsızlıqdan bu kökə düşüb. İndi bura baxdıqda səliqə-səhman yerinə qırılan qapılar, sınıq pəncərələr diqqəti çəkir. Üstəlik qaranlıq və insanı vahiməyə salan dəhlizlərə hər kəs istədiyi məqsəd üçün girir və istədiyi işi görür. Necə deyərlər yiyəsiz maldan kim gəldi, necə istədi istifadə edə bilir.

Binalarda yaşayanlar yaranan vəziyyətdən təngə gəlib. Elə ki, qaranlıq çökdü heç kim bayıra çıxmağa cəsarət etmir. Sakinlərin sözlərinə görə, sonuncu dəfə binaların dəhlizlərinə aidiyyəti qurumların nə vaxt "əl gəzdirdiyi" yaddaşlardan silinib. Nəzərə alsaq ki, qış qapımıza dayanıb və belə olan təqdirdə problemin fəsadları birə-beş artır.

Qısa arayış verək ki, hazırda ölkənin ikinci böyük şəhərində keçmiş sovetlər dönəmində təxminən 50-ə yaxın çoxmərtəbəli bina tikilib. Hansı ki, sözügedən binaların əksəriyyətinin giriş dəhlizləri biabırçı vəziyyətdədir. Ən acınacaqlı hal isə bu cür binaların əksəriyyətinin şəhərin mərkəz hissəsində yerləşməsidir. Yəni bu dırnaqarası yaraşıqlı, göz oxşayan dəhlizlərimiz Gəncəyə gələn qonaqların diqqətini çox tez özünə cəlb edir. Belə olan halda əcnəbi vətəndaşların Gəncə haqqında hansı düşüncələrə qapıldığını təsəvvür etmək elə də çətin olmur.

Məsələyə münasibət bildirən Gəncə şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Zahid Məmmədov SİA-nın bölgə müxbirinə bildirib ki, bu istiqamətdə bir sıra tədbirlərin görülməsinə başlanılacaq.

Hər halda biz yazdıq və göstərdik. Verdiyi vədə əməl etmək isə səlahiyyətlilərin üzərinə düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə