Nikoldan növbəti siyasi blef TƏHLİL

Nikoldan növbəti siyasi blef TƏHLİL

Ermənilər özləri də baş nazirin qondarma oyunlarının fərqindədirlər

Bu dəfə erməniləri "küçə demokratı" tamam yanlış bir yola saldı və ermənilər heç vaxt olmadığı kimi bərk aldandılar. Kütləyə demokratiya vədi verərək hakimiyyətə gəlməsini hiyləgərliklə təmin edən Qərb cəsusu Nikol, erməninin olmayan tarixində görünməmiş manipulyator olduğunu təsdiqlədi.

Siyasətdən uzaq, idarəçilikdən xəbərsiz beli çantalı küçə nümayişçisinin maskası cırıldıqca altından saqqallı bir radikal çıxır ki, artıq ermənilərin özləri belə bu “sifət”dən yaxa qurtarmaq niyyətindədirlər. Daha doğrusu “sifət” deyilən bu hiyləgər düşdüyü müstəvidə buqələmundan da böyük “məharət” göstərir və təkcə rəngini yox, formasını da dəyişməkdə bir erməni kimi çox mahir olduğunu təsdiq edir. Hətta, öz hiyləgərliyinin, çoxbilmişliyinin girovuna çevirdiyi erməni xalqına verdiyi suverenlik, müstəqillik, demokratiya və nəhayət kardinal dəyişikliklər, köklü islahatlar barədə vədlərinin qarşısında gözdən pərdə asmaq üçün bir tərəfdən Qərbi əlində saxlamağa, digər tərəfdən də davranışları ilə qıcıqlandırdığı Rusiyanın könlünü almağa cəhd edir və beləliklə də hiyləgərlikdə hər bir ermənini qabaqlayır.

Ermənistan heç vaxt müstəqil siyasət yürütmək, geosiyasi strategiya müəyyənləşdirmək iqtidarında olmayıb, olmayacaq da

Ermənistanın xarici siyasət kursunun dəyişəcəyinə ümid verən Paşinyana inanan ermənilər bərk yanılırlar. Ermənistanın müstəqil dövlət kimi öz istədiyi siyasəti yürüdəcəyini, öz strategiyasını özü müəyyənləşdirəcəyini düşünənlər səhv edirlər. Buna ümid etmək ağılsızlıqdır. Çünki hazırki şəraitdə, mövcud şərtlər daxilində bu mümkünsüzdür. Hiyləgərliyini, torpaq iddialarını, lobbiçilik fəaliyyətini, bir sözlə məkirli oğurlama, mənimsəmə siyasətini nəzərə almasaq, Ermənistan heç zaman müstəqil siyasət yürütmək, geosiyasi strategiya müəyyənləşdirmək iqtidarında olmayıb. Bu gedişlə heç olmayacaq da. Çünki, Ermənistan deyilən bir dövlətin nə təməlini ermənilər qoyub, nə də əldə etdiklərində, daha doğrusu oğurladıqlarında, mənimsədiklərində erməni xalqının rolu olmayıb. Ermənistan dövləti də, bu dövlətin ərazisi hesab olunan, əslində isə Azərbaycandan oğurlanmış, mənimsənilmiş torpaqlarımız da rusların onlara hədiyyəsidir.
Ermənistan Rusiya tərəfindən qondarılmış bir ölkədir və rusların Qafqazda sırf öz himayəsi altında saxladığı dövlətdir. Bölgədə öz mövqelərini qorumaq məqsədilə, heç bir təbii ehtiyatlara, sərvətlərə malik olmayan, heç bir divident gətirməyən, öz mövcudluğunu belə təmin edə bilməyən bir ölkəni əsrlər boyunca təmin edən Rusiya onu Avropaya verərmi? Yaxud, Qafqazda nəzarəti əldən verməmək üçün bu qədər uzun bir dövr ərzində bir növ sərmayə qoyduğu Ermənistanı şapkasını tərsinə qoyan nümayişçi, manipulyator Nikolun şıltaqlıqlarına, ərköyünlüklərinə qurban verərmi? Əlbəttə yox. Real baxış bucağından, düzgün prizmadan baxdıqda nə yaxın, nə də uzaq perspektiv üçün bu mümkün görünmür.

Paşinyan demokratik yolla deyil, dövlət çevrilişi ilə hakimiyyətə gəlməsini ört-basdır etməyə çalışır

Artıq Ermənistan vətəndaşları Nikol Paşinyanın özünün də səmərəli bir addım atacağına, uğur qazanacağına ümidlərini kəsiblər. Sosial şəbəkələrdə bununla bağlı ermənilərin fikirlərinə nəzər salanda bəlli olur ki, ermənilərin özləri də baş nazirin yalanlarının, qondarma oyunlarının fərqindədirlər. Doğrudur, erməni KİV-ləri N.Paşinyanın Brüssel səfəri ətrafında müzakirələr aparmağa, bu səfərin xarici siyasətə hansı təsirlər edə biləcəyi ilə bağlı optimist fikir formalaşdırmağa çalışırlar. Lakin, buna nə dərəcədə nail olması müzakirə mövzusu belə ola bilməz. Çünki, beynəlxalq ictimaiyyət, hətta Ermənistan cəmiyyəti də real vəziyyət barəsində dolğun və müfəssəl məlumata malikdir.

Ermənistanın baş nazirinin bu kimi fəaliyyəti, yəni ermənilərin gözünə kül üfürmək üçün xarici səfərlərə yer ayırması, beynəlxalq təşkilatlarda iştirak etmyə can atması, görüşlərə səy göstərməsi yalnız daxili auditoriyaya hesablanıb və qeyri-legitim hakimiyyətini qorumaq məqsədi daşıyır. Küçə nümayişçisi Nikol Ermənistanla heç bir əlaqəsi olmayan demokratiya və insan hüquqlarından danışaraq özünün demokratiya deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsini ört-basdır etməyə çalışır. Elə bir eyforiya yatarmağa çalışır ki, güya o demokratik yolla, xalqın tələbi ilə öz postuna oturub və fəaliyyəti də məhz erməni xalqının namı üçündür. Əslində isə bu fəaliyyəti, indi də Ermənistan sərhədddindən kənarda oynadığı oyunları, qurduğu səhnəcikləri, ifa etdiyi rolları fırıldaqçı küçə nümayişçisinin özünə və öz əməllərinə bəraət qazandırmaq üçün cabalarıdır.

Ermənistanın Aİ və NATO ilə əlaqələrinin dərinləşməsi üçün tutarlı bir fakt, hansısa zəruri şərait ortada yoxdur

Paşinyanın idarəçiliyi və təsiri altında olan kütləvi informasiya vasitələri də, ekspertlər də pafosla, hay-küylə Ermənistanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişaf perspektivlərindən dəm vururlar. Lakin Ermənistan-Aİ əməkdaşlığının yüksələn xətlə inkişaf etməsi, yaxud Ermənistan-NATO əlaqələrinin dərinləşməsi üçün tutarlı bir fakt ortaya çıxara bilmirlər. Cual oluna bilər, hər iki qurumla vəd olunan əməkdaşlıq və əlaqələr üçün hansı zəruri şərait mövcuddur? Yaxud, heç bir təbii ehtiyatlara, sərvətlərə malik olmayan, inkişafından söhbət belə gedə bilməyən, əksinə, tənəzzül içində, səfalət içində olan Ermənistanla belə mötəbər qurumun əlaqələrində, əməkdaşlığında qarşı tərəfi nə maraqlandıra bilər? Təbii ki, ortada sağlam heç bir maraq olmadığı təqdirdə bəlli olur ki, din birliyi kimi şovinist bir siyasət ortaya çıxır və pafoslar da məhz bu şovnizmdən qaynaqlanır.

Din birliyi, yaxud nə olsa belə işğalçıların uğursuz siyasətinin nəticəsiz qalacağına şübhə ola bilməz. Ermənilər Rusiya ilə strateji əlaqələrdən hansı məntiqlə, hansı pafosla bəhs edirdilərsə, indi də eyni hay-küy Avropa İttifaqı və NATO ilə əməkdaşlığın inkişaf perspektivlərindən dəm vururlar. Rusiyaya ermənilərin necə xəyanətkarlıq etdiklərinin təkcə ruslar şahidi olmadı, bütün dünya ictimaiyyəti bu xəyanətkarlığı, saymazlığı müşahidə etdi. İndi Rusiyanın din birliyi olsa belə Ermənistana inanacağını, etibar edəcəyini gözləmək olmaz. Məhz Rusiya ilə münasibətlərini hansı müstəviyə daşıdıqlarını nəzərə alsaq çəsarətlə deyə bilərik ki, ermənilərin Avropa İttifaqı və NATO ilə əməkdaşlığının da analoji aqibəti var.

Ermənistanın baş nazirinin iddiaları radikal küçə zorbaçısının fikirlərindən, ritorikası isə sarkisyanın ritorikasından fərqlənmir

Erməni mətbuatı N.Paşinyanın Brüsselə səfəri ilə bağlı tərəflərin qarşılıqlı olaraq geniş əməkdaşlığa can atdıqlarından yazır, hətta Aİ-nin Ermənistandakı nümayəndəsinin belə "Biz N.Paşinyanı isti qarşılayacağıq" fikrini pafosla təkrarlayır, bundan da istifadə etməyə çalışır. Aİ diplomatiyasının rəhbəri Federika Moqerininin Ermənistanla əlaqələri inkişaf etdirməklə bağlı əldə olunan razılığı "uğur tarixi və tarixi imkan" adlandırmasını isə erməni hiyləgərliyi ilə təşviq edərək bunu da böyük perspektivlərə proqnoz, Paşinyanın imici, nüfuzu kimi qələmə verir, təşviq edirlər. Əslində isə Nikolun və onun hakimiyyətinin dəyirmanına su tökən erməni mətbuatının pafosla şişirtdiyində, təşviqat aparmaq məqsədi ilə çox cazibədar qələmə verdiyində qeyri adi heç nə yoxdur və bu tərəflərin əməkdaşlıq etməyə hazır olduqlarının diplomatik şəkildə ifadəsidir. Uğur tarixi, yaxud isti qarşılanma sözləri diplomatik ifadələrdir və dünya ictimaiyyəti belə frazalarla birinci dəfə raslaşmır ki, ermənilər bunu bayraq etməyə çalışırlar.

Ermənilər özləri belə birinci dəfədirmi rastlaşırlar bununla və eyni ritorikanı indi Ermənistan cəmiyyəti və Paşinyan hakimiyyəti tərəfindən qəbul edilməyən Serj Sarkisyan uzun illər işlətmirdimi? Yaxud, Nikolun nə kimi xidmətləri oldu ki, hansı islahatlara imza atdı ki, Aİ tərəfindən belə maraq obyekti olacağına iddialıdır? Küçə adamı, nümayişçi Paşinyan islahatlar bir tərəfə, bu vaxta qədər bir dənə də olsa real, konkret və demokratik fikir belə irəli sürməyib. Analitiklər indiyə qədər Nikolun elə bir fikrini nümunə gətirə bilmirlər ki, demokratiyaya, müasirliyə və səmərəli əməkdaşlığa səsləsin. Onun iddiaları radikal küçə zorbaçısının fikirlərindən zərrə qədər də fərqlənmir və davranışları artıq hamisi olan Rusiya kimi böyük bir dövlətin başçısını da qıcıqlandırır.
İndi Qərbə meyilli kimi özünü göstərən Paşinyanın bu istiqamətdə addım atdığını təsdiq edən bircə dənə fakt belə yoxdur. Heç ola da bilməz. Ermənistanın qondarma baş naziri nə karədir ki, Rusiyanın gözü qarşısında Qərbə tərəf addım ata. Özünün ikihakimiyyətliliyi fonunda Ermənistan özü də bir dövlət olaraq belə Qərbə necə meyl edə bilər? Buna Moskva imkan verərmi? Nikol özü də şahidi oldu ki, kürsüsünü qəti şəkildə əldən vermək niyyətində olmayan Sarkisyan hərbçilərin nümayişçilərə qoşulmasından, yəni, dolayısı ilə Rusiyanın təsirindən dərhal sonra istefa vermək məcburiyyətində qaldı. Bütün bu faktlar belə təsdiq edir ki, Rusiya nəinki Paşinyanın, bütün Ermənistanın bir anda qulağını burmaq iqtidarındadır.

Serj Sarkisyanın dövründə olduğu kimi, ortada yenə də quruca söz var və Nikol indi bu söz yığınını fərqli şəkildə, fərqli tonda ifadə etməyə çalışır ki, bu da yalnız ələ aldığı auditoriyaya hesablana bilər. Paşinyan da yox, elə Ermənistanın özü Rusiya tam nəzarəti altındadır. Bu nəzarət mexanizmi küçə nümayişçisinin ağlına nə gəldi etməsinə imkan verməz. İstənilən anda Ermənistanın yaddaşlardan belə silinməsi Rusiya üçün çox sadə məsələdir. Çünki, məhz rusların himayədarlığı sayəsində formal da olsa, Ermənistan adlı dövlət hələki xəritədə qalır.

Rusiya Ermənistanın oyunlarının qurbanına çevriləcək dövlət deyil və ermənilərin səhvini bağışlamayacaq

Maraqlıdır, Ermənistan iqtisadiyyatının, enerji infrastrukturunun, hərbi qüvvəsinin Rusiyadan asılı olduğu, onun təhlükəsizlik sistemində nə qədər rus təsirinin mövcudluğu halda bu Nikol adlı, bir vaxt beli çantalı küçə nümayişçisi olmuş baş nazir nədən dəm vura bilər? Belə bir ölkə Aİ ilə müstəqil əlaqələri necə qura bilər? Əgər qura bilməzsə bu populist davranış və çıxışlar nəyə lazımdır?

Baş Nazir Paşinyan ordumuzun qüdrətini etiraf etməsə də, 2016-cı ilin aprel hadisələrini də, Naxçıvanda Azərbaycanın uğurlu hərbi əməliyyatlarını və zəfərini də qəbul etmək məcburiyyətindədir. O, həmçinin çox yaxşı başa düşür ki, Azərbaycan ordusu istənilən anda hərbi yolla Qarabağın geri qaytarılmasına qalxarsa Ermənistan bunun qarşısını almaq iqtidarında deyil. Bu baxımdan Nikolun Aİ, həmçinin NATO ilə əməkdaşlıq söz-söhbətləri köhnə nümayişçinin növbəti blefi ola bilər yalnız. Belə danışıqlarla məsələni uzatmağa çalışan Paşinyan göründüyü kimi Serjdən zərrə qədər də fərqlənmir. Erməni hiyləgərliyi bu avantüristə imkan verir ki, bu dəfə Qərbi bu prosesdə daha da fəallaşdırmağa cəhd edərək aranı qızışdırsın. Qərb dövlətləri ilə Rusiya arasında danışıqların necə davam etdirilməsi ətrafında fikir ayrılığı yaranacağına şübhə etməyən Nikol bilir ki, Tərəflərdən hər biri özünü başlıca təşəbbüskar tərəf kimi təqdim etməyə çalışacaqları təqdirdə mənasız söz savaşı ortaya çıxa və Qarabağ məsələsinin müzakirəsi illərlə davam edə bilər. Nəticədə isə ermənilər itirməkdən qorxduğu, Qarabağ məsələsinin həllinin yenə də uzanacağına ümid edirlər.

Məsələ burasındadır ki, Rusiya Ermənistanın, ermənilərin oyunlarının qurbanına çevriləcək balaca bir dövlət deyil və özündən asılı olanların səhvini bağışlamayacaq. Rəsmi İrəvanın ikibaşlı, ələlxüsus Qərb oyunu müəyyən həddə çatanda Kremlin yumruğu mütləq Ermənistan rəhbərliyinin başını endiriləcək. İstənilən anda İrəvanda müəllifi Rusiya olan yeni etiraz dalğası da danılmazdır. Rusiya Ermənistanı mövcud olduğu geosiyasi buxovda saxlamağa qadirdir və buna maraqlıdır da . Bu baxımdan, ermənilərin azadlıq iddialarının da, müxtəlif beynəlxalq təşkilatlara üz tutmasının da nəticəsiz qalacağı gün kimi aydındır. Bir sözlə, Rusiya faktoru ola-ola Ermənistan azad ola bilməz. Məhz buna görə də ermənilərin, onların özlərinə küçədən gətirib baş nazir təyin etdikləri Nikolun səyləri əbəsdir və indi Brüsseldə oynadıqları oyunlar növbəti siyasi blef kimi dəyərləndirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə