Şəhidlər ölmürlər, din pərdəsi altındakı oyunbazlar ölüdürlər

Şəhidlər ölmürlər, din pərdəsi altındakı oyunbazlar ölüdürlər

Gəncədə baş verən hadisələr ictimaiyyətin haqlı olaraq narazılığına və hiddətinə səbəb olub. Hər bir Azərbaycan vətəndaşı bu hadisələrə hüquqi qiymət verilməsini istəyir və günahkarların cəzalandırılacağına əmindir. Ölkədə qarmaqarışıqlıq salmağa, iğtişaşlar yaratmağa, təxribatlar törətməyə maraqlı olan qüvvələrin işfşa olunması və layiqli şəkildə cəzalandırılması indi bütün Azərbaycan ictimaiyyətini maraqlandırır.

Acı sonluğa görə, polisin aksiyada vurulmasına görə bəzi müxalif qüvvələrin belə təəssüf hissi keçirdiyini bəyan etməsinə rağmən başa düşməsi lazımdır ki, millətin başına gələ bilən fəlakətlərə rəvac vermək bu sonluğu doğura bilər. Başa düşmək lazımdır ki, polis də kiminsə balasıdır, qardaşısır. Balaları yetim, anaları ağlar qala bilər. Nə vaxtdan adam öldürmək, vəhşilik demokratiya hesab olunub? Polisə qarşı antipatiyanı təlqin edən kimdir? Asayiş keşikçisini iqtidarın adamı, qulluqçusu, hətta qulu, millətin düşməni kimi təqdim edən kimdir? İqtidardırmı? Polis aksiya iştirakçıılarını əzir, deyib indi rəhmət oxumaq nəyə oxşayır?
Məmur özbaşınalığını bəyənən yoxdur və adi vətəndaşdan tutmuş iqtidar nümayəndələrinə qədər hər kəs bunu pisləyir və bunu bəhanə edib ixtişaş törətmək bu xalqa lazımdır, yoxsa iqtidara? Yaxud polisi qətlə yetirmək Elmarı cəzalandırmaq hesab oluna bilər, yoxsa iqtidarı? Absurd ittihamlar səsləndirməklə, arqumentsiz və şər-şəbədədən ibarət bəyanatlarla yenə də antipatiya yaradan kimdir? Yaxud ixtişaş törədilməsində iqtidarmı maraqlıdır, xalqmı maraqlıdır yoxsa radikallar? Ölkənin Suriyaya çevrilməsini arzulamaq, buna çalışmaq ağıla sığan deyil. Hər kəs, ən sadə vətəndaşdan tutmuş iqtidara, müxalifətə qədər hamı bunun əleyhinə olmalıdır.

Adam öldürmək, vəhşilik demokratiya hesab oluna bilməz və bu əməl nə müsəlmanın, nə də bu millətin əqidəsinə uyğun gəlmir

Adam öldürməklə, vəhşiliklə demokratiya bir müstəvidə qərarlaşa bilməz. Aksiya keçirmək adam öldürmək, qətl törətməklə bir deyil. Söz azadlığı xaos və vandallıq demək deyil. Əgər kimsə günahkardırsa bunun cəzası kəsici-deşici alətlə yox qanunvericiliklə, konstitusiya ilə verilməlidir. Belə şəxsi mühakimələr, kiməsə xəsarət yetirilməsinə əlbəttə ki, ən azından vətəndaşlarının təhlükəsizliyinin təminatı naminə dövlət biganə qalmamalıdır və qalmayacaq da. Dövlət vətəndaşların təhlükəsizliyinin qarantıdır və nəinki polis nəfərinə, hətta hər bir şəxsə qarşı törədilən cinayət əməllərinə görə təqsirlilər tapılıb hüquqi yolla cəzalandırılmalıdır. Cəzalandırılmalıdır ki, hər kəs qanun qarşısında öz məsuliyyətini dərk etsin və ölkə vətəndaşlarının asudə yaşayışı təmin olunsun. Azərbaycan ictimaiyyəti də dövlətdən məhz bunu gözləyir və inanır ki, cinayət əməllərinə görə hər kəs öz cəzasını alacaq.
Adam öldrmək, qətl törətmək nə müsəlmanın, nə də bu millətin əqidəsinə uyğun deyil. Birinin digərini qətlə yetirməsi beynəlxalq hüquq normalarına da, Azərbaycan konstitusiyasına da ziddir və bu hər bir halda qanun pozuntusu hesab olunur. Azərbaycan xalqı qanunlara hörmətlə yanaşır və müstəsna halları nəzərə almasaq qətl hadisələri bizim üçün yaddır. Azərbaycan vətəndaşının öz həmvətəninin, ələlxüsus polisin canına qıymasına inanmaq belə olmur. Görünür, Gəncə hadisələri, polisin qətlə yetirilməsi xarici təsirlərin təzahürüdür və Azərbaycanı gözü götürməyən qüvvələrin növbəti təxribatı, cirkin niyyətləri və planları bu dəfə Gəncədə özünü biruzə verdi.

Yenə də Fars, yenə də molla rejiminin mənfi təsirləri, yenə də ölkəmizdə İranın təxribatları hiss olunur

Vurmaq, döymək, şallaqlamaq bəllidir ki, hardan qaynaqlanır və hüquq normalarının pozulması bir tərəfə, ən adi səhvə görə şallağın, yəni cismani cəzanın hardan idxal olunduğunu da hamı çox yaxşı bilir. “Əlif zəbər ə, bey zəbər bə, tey zəbər tə” deyə bilməyənlərin, yaxud demək istəməyənlərin aqibətinin necə olduğu heç kəsin yaddaşından silinən deyil. Əcnəbilərin seyrə balonlarla çıxdığı bir zamanda mollaların din adından istifadə etməklə, əslində isə dinə heç bir aidiyyəti olmayan cəhaləti, qəddarlığı, cismani cəzaları insanlara aşılanmasında molla rejimindən başqa kimin imzası ola bilər? Orucu Ramazanda tutan, iki gözü qazanda qalan uşağı yazı yazanda kim döyə bilər? Analoji olaraq indi bu vurmaq, yaralamaq, bıcaqlamaq kimi cismani cəzaların, şəxsi mühakimələrin arxasında kimlər dayana biləcəyini məntiqi olaraq təyin etmək çətin deyil. Yenə də Fars, yenə də molla rejiminin mənfi təsirləri, yenə də ölkəmizdə İranın təxribatları hiss olunur.
Qubada, Zaqatalada, Nardaranda və nəhayət Gəncədə baş verən hadisələrin dini komuflyaj altında cərəyan etməsi, hadisələr zamanı zorakılıq, cismani cəza və bu kimi oxşar halların təkrarlanması təsdiq edir ki, bu hadisələr eyni mənbədən qaynaqlanır. Qarışıqlıqlar və təxribatlar zamanı hansı daşı qaldırsalar altından ilan kimi məhz İran çıxır. Hər dəfə bir məsələni ortaya atan, müxtəlif yerlərdə çaxnaşmalar törədən təxribatçıları nə hicab maraqlandırıb, nə də indi Gəncənin icra başçısı Elmar Vəliyevin məmur özbaşınalığı. Başından güllə yarası alan, indi onsuz da canı hayında olan icra başçısı bu silahlı hücumdan bir müddət sonra süni olaraq yaradılan iğtişaşların fərqində belə olmayacaq haldadırsa bu çaxnaşmanın hara hədəfləndiyinin və müəllifinin kimlər olduğunu təxmin belə etmək çoxmu çətindir?
Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov asayişin qorunması, təhlükəsizliyin bərpa edilməsi üçün canlarını fəda ediblərsə, onlar ölməyiblər, şəhid olublar. Şəhidlər ölməzlik məqamına sahibdirlər və bu gün çirkin niyyətli aksiyaların ideya müəllifləri bunu yaxşı bilməlidirlər. Bilməlidirlər ki, şəhid olanlar yox, Kefli İsgəndərin monoloqunda deyildiyi kimi, Şeyx Nəsrullahların marianetinə çevrilənlər, din pərdəsi altında min bir hiylə və məkirli niyyətlərlə ortaya atılan mollalar və oyunlarına alət olanlar özləri ölüdürlər.
Qətl hadisəsi törədən insan dini inancını da, əqidəsini də şübhə altında qoyur və qəlbundə allah xofu olan, yaxud öz imanına hörmət edən kimsə belə bir addımı atmaqdan mütləq çəkinər. İslam dini səbr etməyi, səbrli olmağı, mərhəmət hissini, rəhimli olmağı aşılayır. Sağlam dini dünyagörüşü olan insanlar belə edə bilməzlər. Qətli törədən, polisə qıyan kəslərin nəinki müsəlman, hətta azərbaycanlı olması belə şübhə döğurur. Xəsarət yetirmək, öldürmək terror hadisəsi hesab olunur və müsəlman terrorist ola bilməz. Həmçinin azərbaycanlı kimsənin terrorçu kimi qeydə alınmasının şahidi olan belə olmayıbsa, cinayətkarların kimliyi özü də çox müəmmalıdır.
Azərbaycanda sabitliyi pozmaq istəyən hər kəsin Azərbaycan qanunları qarşısında cavab verməsi vacibdir və hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı lazımı tədbirlər görürlər. Heç şübhə yoxdur ki, həmin insanlar öz layiqli cəzalarını alacaqlar. Bu, Gəncədə ixtişaş törətmək cəhdi, dövlətçiliyə qarşı yönəlmiş hərəkətdir. Bu, Azərbaycanda sabitliyin pozulmasına hesablanmış əməl, xarici qüvvələrin törətdiyi təxribatdır. Hər kəs öz törətdiyi cinayətə uyğun olaraq adekvat cavabını alacağına zərrə qədər şübhə ola bilməz.
Azərbaycandakı ictimai-siaysi qüvvələr, QHT-lər, dini qurumlar, bir sözlə hər kəs bu hərəkətləri pisləyir. Azərbaycan cəmiyyəti Azərbaycan dövlətinin və hökumətinin yanında olduğunu bəyan edir. Bu tək Gəncə ilə bağlı məsələ deyil və Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bir təxribatdır. Məhz buna görə də hər kəsin bu hadisədə öz mövqeyini ortaya qoyması çox zəruridir. Xalqın hər bir nümayəndəsi indi dövlətimizin yanında olmalıdır ki, müstəqilliyimizi və inkişafımızı birgə qoruya bilək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə