Bəhruz Quliyev: "Azərbaycan dövlətinin təməlləri sarsılmaz xalq-iqtidar birliyinə söykənir" ŞƏRH

Bəhruz Quliyev: "Azərbaycan dövlətinin təməlləri sarsılmaz xalq-iqtidar birliyinə söykənir" ŞƏRH

"Gəncədə iki polis zabitinin şəhid olması ilə nəticələnən məlum olaylardan sonra bir daha bəlli oldu ki, müstəqil, demokratik və hüquqi dövlətimizə qarşı törədilən təxribatlar daxili və xarici düşmənlərimizin mənfur niyyətlərinin nəticəsidir". Bunu SİA-ya açıqlamasında "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, istər Mingəçevirdə baş vermiş qəzadan, istərsə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsddən dərhal sonra sosial şəbəkələrdə cəmləşmiş dövlət düşmənləri insanları itaətsizliyə, anarxiyaya və zorakılığa çağırmağa başladılar: "Bəli, bu müəyyən olunmuş xarici qüvvələrin bilavasitə sifarişi idi. Sifarişin əsasında isə dayanan əsas amil məhz xalq-iqtidar birliyini sarsıtmaq, bununla da çirkin niyyətlərini reallaşdırmaq idi".

Baş redaktorun sözlərinə görə, baş verənlər kontekstində olan daha bir məqam Avropa ölkələrində "siyasi mühacir", yaxud "dissident" statusu ilə fəaliyyət göstərən "klaviatura qəhrəmanları" ilə bağlıdır: "Onlar bu hadisəni gözləyirmişlər kimi sosial şəbəkələrdə canlı yayımlara çıxıb, aldıqları tapşırıqlarını reallaşdırmağa başladılar və insanların alt şüurlarında belə bir fikir formalaşdırmağa cəhd etdilər ki, guya Gəncədə iki hüquq-mühafizə orqanları əməkdaşının qətlə yetirilmələrindən "təəssüf hissləri" keçirirlər. Aydındır ki, onlar əslində bu qətllərin dolayısı ilə iştirakçılarıdırlar. Əgər belə deyilsə, onlar nəyə görə insanları kütləvi şəkildə itaətsizliyə çağırıb, qanunları pozmağa səsləyirdilər? Yaxud, şəhid düşmüş polis zabitlərimizin fotolarını yayaraq, onların Vətən, dövlət uğrunda ölümlərini məsxərə etməyə hansı adı vermək olar? Budurmu onların "demokratik", "humanist" düşüncə tərzləri? Yaxud, guya Azərbaycanda dindarların hüquqlarını müdafiə etdiklərini iddia edən həmin ucuz ünsürlər din faktorunu bu cürmü görürlər?".

B.Quliyev qeyd edib ki, din pərdəsi altında gizlənən və bu şəkildə fəaliyyət göstərən qruplar sözügedən hadisələrdə insanları mühafizə edən asayiş keşikçilərini qətlə yetirməklə, əslində nə qədər azğınlaşdıqlarını, hətta deyərdim ki, quduzlaşdıqlarını ortaya qoymuş oldular: "Bununla bir daha sübuta yetirildi ki, polis zabitlərimizi vəhşicəsinə qətlə yetirənlər, sabah torpaqlarımızın bütövlüyünü qoruyan əsgərlərimizə qarşı da eyni mənfur addımı ata bilərlər. Ümumiyyətlə, belə kimi halların qarşısını almaq üçün xalqımız daha vahid şəkildə öz dövlətinin, dövlət başçısının ətrafında birləşməlidir. Bu birlik mövcuddur, lakin bu məfhumu daha monolit təməllərə, dayaqlara əsaslandırmaq vacibdir. Çünki ölkəmizin daxili sabitliyini pozmaq istəyən daxili düşmənlərin bir ucu da bilavasitə işğalçı Ermənistana və bu ölkənin havadarlarına gedib-çıxır. Buna isə əsla rəvac vermək olmaz. Bizlər əminik ki, təxribat cəhdlərinin qarşısı bundan sonra da igid, vətənsevər polislərimiz, qanun keşikçilərimiz tərəfindən qətiyyətlə alınacaq. Onlar dövlətimizin maraqlarını öz sinələrini sipər kimi önə çəkərək qoruyurlar. Xalq isə bütün mənalarda öz polisinə güvənir, etibar edir. Məhz bu reallığın özü də dövlət-xalq vəhdətinin məntiqi göstəricisi olaraq dəyərləndirilə bilər.

Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün Azərbaycan dövlətinin inkişaf və tərəqqisinin təminatının baza hissəsində xalq-iqtidar birliyinin dayanmasıdır. Məhz hüquq-mühafizə orqanlarına dəstək verən xalqda pozucu qüvvələrin təxribatının qarşısının alınmasında öz sözünü demiş oldu. Sağlam düşüncəli və sağlam təfəkkürə malik olan ictimaiyyət Gəncədə baş verən son hadisələri hiddətlə qınayır, təxribatçıları və qatilləri isə lənətləyir və bundan sonra da öz dövlətinin və Prezidentinin yanında olduğunu əməli şəkildə sübuta yetirir!".

Bütün xəbərlər Facebook səhifəmizdə