Paşinyanın Brüssel səfəri – Rusiyanın intiqamı ağır olacaq

Paşinyanın Brüssel səfəri – Rusiyanın intiqamı ağır olacaq

Şimal ayısı Qafqazdakı forpostunu məhv etmək qərarına gəlib

Ermənistanın baş naziri Nikol Paşinyanın get-gedə daha çox Qərbə doğru hərəkət etməsi artıq belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, onun “məxməri inqilabı” məhz həmin cinahdan idarə olunub. Brüssel və Vaşinqtonun Paşinyanı ciddi-cəhdlə Rusiyadan qorumaq cəhdləri isə demək olar ki, tam şəkildə reallaşmır.

Məsələyə bir az da öncəki zamanlardan yanaşaraq xatırlatmaq olar ki, hələ Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistan müəyyən dərəcədə Qərbə doğru meyllənməyə cəhdlər göstərirdi. Kreml isə öz forpostunu elə-belə, heç nə olmadan buraxmaq fikrində deyildi...

Rusiya baş verənlərə bir anlıq gözünü yumsa da bu, yalnız bir anlıq idi...

Misal üçün, Rusiyanın siyasi beyinləri – tanınmış politoloqları və hərbi ekspertləri Sarkisyanın Qərblə sazişlərə gedəcəyi halda ağır günlər gözləyəcəyi proqnozunu verirdilər. Əslində, belə də oldu. Daha doğrusu, Rusiyadan ucuz qaz alan Ermənistan qısa müddətdə ona olan qiyməti artırdı. Digər tərəfdən, Ermənistandan Rusiyaya idxal olunan kənd təsərrüfatı məhsullarına qadağalar qoyuldu, eləcə də, Rusiyada qeyri-qanuni əmək fəaliyyəti göstərən ermənilərin böyük hissəsi bu ölkədən deportasiya olundu. Artıq, bütün bunlar Serj Sarkisyanın siyasi sonunun yaxınlaşması demək idi.

Lakin bu da nəticə deyildi. Ermənistanda kriminal-oliqarx sisteminin baş alıb-getməsi Şimalın gözündən yayınmırdı və Rusiyanın təminatı ilə fəaliyyət göstərən həmin sistem üzvlərinin, yəni hakimiyyət klanının Rusiya banklarındakı hesablarına müdaxilələrin edilməsi də Sarkisyan rejiminə verilən ultimatum oldu. Beləliklə, Ermənistan prezidentinin hakimiyyətdən uzaqlaşmasına az müddət qalmış onun özünün və emissarlarının Kremllə vəziyyəti normallaşdırmaq cəhdləri, hətta onların yenidən Rusiyanın bayrağı altında qalacaqları vədlərindən boşa çıxmış oldu. Baxmayaraq ki, Rusiya həmin ərəfələrdə cücərən “məxməri inqilabı” dəstəkləmirdi, ancaq digər tərəfdən, Sarkisyanı da dalana dirəmək məqsədindən geri çəkilmirdi. Nəticədə Qərb Nikol Paşinyanı hakimiyyət arenasına qədər gətirib-çıxarmağı bacardı. Necə deyərlər, Rusiya baş verənlərə bir anlıq gözünü yumsa da bu, yalnız bir anlıq idi...

Hesablarında milyardlarla pulları olan kriminal-oliqarx sistemi son anda Şimaldan ciddi dəstək də ala bilər, hətta Paşinyan gözlənilmədən devrilmə təhlükəsini yaşamaq məcburiyyətində qalar

Paşinyan isə yuxarıda da qeyd olunduğu kimi, Qərbə doğru Sarkisyandan fərqli olaraq, daha açıq şəkildə addımlayır. Ancaq onu da unutmaq olmaz ki, Şimal ayısı Nikolun siyasətinə göz yumacaq, əksinə, onun intiqamı daha ağır olacaq. Buna misal kimi, Paşinyanın baş nazir statusuna yiyələnməsindən sonra kriminal-oliqarx sisteminə qarşı müharibə elan etməsi oldu. Halbuki, həmin sistemin arxasında dayanan əsas güc qeyd edildiyi kimi, Rusiya idi. Bu gün istintaqlara cəlb edilənlərin, axtarışa verilənlərin, barələrində şifahi həbs qərarları çıxarılanların sırasında Serj Sarkisyanın da yaxın qohumları var. O cümlədən, Robert Köçəryanın və başqalarının da haqqında istintaq işlərinə başladılıb. Yəni bütün bunlara baxmayaraq, hesablarında milyardlarla pulları olan kriminal-oliqarx sistemi son anda Şimaldan ciddi dəstək də ala bilər, hətta siyasi cəhətdən əks-hücum manevrləri edilməklə, Paşinyan gözlənilmədən devrilmə təhlükəsini yaşamaq məcburiyyətində qalar. Çünki siyasət yalnız gözəl və bəlağətli çıxışlar edib, xalqı cəlb eləməklə bitmir, siyasət həm də əməli şəkildə reallaşdırılmalıdır. Paşinyan hələ ki, bu kimi məsələlərdə özünü doğrulda bilməyib. Əksinə, Rusiya ilə tarana gedərək, vəziyyətin daha da gərginləşməsinə şərait yaradır. Belə olan halda, biz, Qərbin dəstəyi ilə son illərdə hakimiyyətə yiyələnmiş Ukraynanın hazırkı vəziyyətini müşahidə edə bilərik. Daxili siyasi böhran bu ölkədə sadəcə, bitib-tükənmir və hər gün yeni siyasi qalmaqallar müharibə şəraitində olan Ukraynanın ayaqda qalmaq şanslarını azaldır. Nə Brüssel, nə də Vaşinqton Kiyevə verdiyi vədlərini yerinə yetirməyib. Qarşıdan gələn prezident seçkilərində Ukraynada siyasi böhranın daha da genişlənməsi proqnozlaşdırılmaqdadır. Yəni Ermənistanın Paşinyan dönəmi də həmin aqibətə doğru istiqamət almaqdadır...

Paşinyana verilmiş cavabsız sual: “Cənab Paşinyan, əgər siz baş nazir olmasaydınız, övladınızı belə təm-tərqalı şəkildə, mediada reaklam etməklə hərbi xidmətə yollayardınızmı?”

Küçədən gələn baş nazirin siyasi səriştəsizliyi və ilk uğursuzluğu kimi biz may ayında Azərbaycan Ordusunun Naxçıvanda əldə etdiyi möhtəşəm qələbəsini göstərə bilərik. Hətta bütün bunlardan sonra onun gah işğal edilmiş Qarabağ ərazilərinə, gah da Naxçıvana səfər etməsi siyasi reytinqinə heç bir müsbət təsir göstərmədi. Əbəs deyil ki, həmin hadisələrdən sonra Ermənistan ictimaiyyəti yalnız Serj Sarkisyan hakimiyyətini deyil, eləcə də Paşinyan iqtidarını da tənqid atəşinə tutdu. Bütün bunlardan sonra Paşinyanın oğlunu hərbi xidmətə yola salması bu vəziyyəti daha da gərginləşdirdi. Belə ki, erməni sosial şəbəkə istifadəçiləri, eləcə də mətbuatı Nikolun öz oğlunu hərbi xidmətə PR (piar) vasitəsilə yola salmasını “atəşə” tutdu. Onun reytinq qazanmaq xətrinə oğlunun hərbi xidmətə yola salınmasını reklam etməsi birmənalı qarşılanmadı. Hətta ona sual edənlər də tapıldı. Misal üçün, soruşuldu ki, “cənab Paşinyan, əgər siz baş nazir olmasaydınız, övladınızı belə təm-tərqalı şəkildə, mediada reklam etməklə hərbi xidmətə yollayardınızmı?”. Maraqlıdır ki, Nikol Paşinyan bu xarakterli sualları cavabsız qoyub...

Beləliklə, Ermənistanın yeni hakimiyyətinin vəziyyəti hər iki halda yaxşı deyil. Birincisi, Qərb öz maraqlarını vassal Ermənistan vasitəsilə Cənubi Qafqaz regionuna çəkmək arzusuna çatsa belə, Rusiya bu maraqları alt-üst etmək üçün, həmin ölkəni siyasi-iqtisadi blokadaya alıb, onu yenidən öz qarşısında diz çökdürəcək. Bütün hallarda, Ermənistanın mövcud durumu ağır və çıxılmazdır. Paşinyanın Brüssel səfəri bu gerçəkliyin başlanğıcı da hesab edilə bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə