Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Belarusda səfərdə olub

Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Belarusda səfərdə olub

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda rəsmi səfərdə olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Belarusun fövqəladə hallar naziri Ənvər Barievlə görüşüb. Görüşdə iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində atılacaq addımlar barəsində geniş fikir mübadiləsi aparılıb.

Sonra Belarusun yeni yanğınsöndürmə texnologiyaları və xilasedicilərin təchizatı ilə tanış olan Azərbaycan nümayəndə heyətinə neft rezervuarlarında yanğınların söndürülməsi üçün tətbiq olunan yanğınsöndürmə vasitələri barədə məlumat verilib.

Səfər çərçivəsində Kəmaləddin Heydərov Minskdə Belarus FHN-in Mühəndis-Komandirlər İnstitutunda təhsil alan azərbaycanlı müdavimlərlə görüşüb. Səfərin yekunu olaraq Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında 2006-cı il oktyabrın 17-də Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsi üzrə 2011-2013-cü illər üçün kompleks tədbirlər planı imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə