Ermənistan KİV-i: “Yaralı Manvel Azoryan 4 hərbçini qətlə yetirib, 7-ni güllələyib”
Ermənistan KİV-i bir neçə gün əvvəl Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazisində yerləşən hərbi hissələrinin birində 4 nəfərin ölümünə səbəb olmuş hadisənin səbəbkarının adını açıqlayıb. SİA-nın "Aykakan Jamanak"a istinadən verdiyi xəbərə görə, qəzet bunun Manvel Azoryan olduğunu yazıb. Belə ki, məhz M. Azoryan 7 hərbçini güllələyib və intihar etməyə cəhd göstərib. Hazırda onun Xankəndidəki hərbi hospitalda olduğu, ərazinin hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə qorunduğu bildirilir.
Məlumata əsasən güclü mühafizənin səbəbi insident nəticəsində həlak olmuş hərbçilərin qohumlarının oraya basqın edə biləcəyi təhlükəsilə bağlıdır. Qəzet hadisənin telefon və ya radio naqilində yaranmış problemlə əlaqədar adi mübahisə nəticəsində baş verdiyini yazıb. Yaralılardan Sarqis Melkumyanın vəziyyəti ağır olduğundan, onu Yerevana aparıblar. Onun üzərində iki dəfə əməliyyat olunub və vəziyyəti stabil ağır olaraq qalır.
"Qraparak" qəzetində dərc olunan məqaləyə əsasən Azoryanı hərbi postdan 150 metr aralıda 4 güllə yarası ilə tapılıb. Qəzet iddia edir ki, insident isə bilavasitə hərbi postda növbənin çəkildiyi ərazidə baş verib. Belə ki, əsgərlər "CD-pleyer"i bölüşə bilməyiblər və bu, sonda atışmaya səbəb olub.
Qeyd edək ki, hadisə 19 noyabr tarixində, gecə saat 3 radələrində Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazisində yerləşən hərbi hissələrindən birində baş verib.
Atışma nəticəsində 1991-ci il təvəllüdlü Levon Yesayan, 1990-cı il təvəllüdlü Nerses Qaloyan, 1990-cı il təvəllüdlü Narek Saakyan və 1991-ci il təvəllüdlü Nver Sarkisyan həyatını itirib. Hadisə ilə əlaqədar həmin hərbi hissənin 1 hərbçisinin saxlanıldığı bildirilsə də, bu haqda rəsmi açıqlama verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB