"Prezident ölkəmizin mövqeyinin dəyişməz olduğunu bir daha diqqətə çatdırdı" ŞƏRH

"Prezident ölkəmizin mövqeyinin dəyişməz olduğunu bir daha diqqətə çatdırdı" ŞƏRH

“Azərbaycan prezidenti hər zaman olduğu kimi İlham Əliyev ötən gün müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində də çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin dəyişməz olduğunu bir daha diqqətə çatdırdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın münaqişə ilə bağlı yeganə mövqeyi ərazi bütövlüyümüzün təmin olunmasıdır ki, bununla da ölkəmizin işğalçı qoşunlar ərazilərimizdən çıxmalı, ərazi bütövlüyümüz bərpa olunmalı, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdırlar: “Azərbaycan Prezidenti bu mövqeyimizi hər zaman ən yüksək səviyyəli tədbirlərdə insanların diqqətinə çatdırır. Cənab Prezident ötən gün bir daha bəyan etdi ki, Ermənistanın normal yaşaması, bir dövlət olaraq fəaliyyət göstərməsi üçün yeganə çıxış yolu qonşu dövlətlər, xüsusilə də Azərbaycan və Türkiyə ilə düşmənçilik, işğalçılıq siyasətindən əl çəkməsidir. Ancaq bu halda, Ermənistanda normal həyat tərzi mövcud ola bilər. Dövlət başçısı diqqətə çatdırdı ki, əgər Ermənistanın yeni rəhbərliyi özündən əvvəlkilərin yolunu davam etsə və bu siyasətdə əl çəkməsə, o zaman Ermənistan və xalqının vəziyyəti daha da pis vəziyyətə düşəcək”.

E.Məmmədov söyləyib ki, Ermənistan məsələlərə reallıq və obyektivliklə baxmalıdır: “Düşmən ölkə bu gün regionda bütün sahələr üzrə həyata keçiriləm beynəlxalq layihələrdən təcrid olunub. Ermənistan iqtisadiyyatı digər ölkələrin nəzarətinə keçib, siyasəti də ölkədən kənarda müəyyənləşdirilir ki, bu da düşmən ölkənin müstəqilliyini sual altına qoyur. Prezident İlham Əliyev ötən günkü çıxışında bir məqamı qeyd etdi ki, Azərbaycan bu illər ərzində bütün sahələr üzrə inkişaf etmək, çoxsaylı uğurlara imza atmaqla yanaşı, diplomatiya və siyasət sahəsində də düşmən ölkəyə, işğala qarşı kifayət qədər hüququ baza yarada bilmişik. Bu hüququ bazaya bir sıra təşkilatların işğal olunmuş torpaqlarla bağlı qəbul etdikləri sənədlər toplusu daxildir. Bu bizə hüququ bazanı əsas götürərək ərazi bütövlüyümüzün sərhədlərini bərpa etmək üçün güc tətbiq etməyə imkan verir. Əgər Ermənistan rəhbərliyi düzgün düşünməyi bacarsa, o zaman Azərbaycanı bunu etməyə məcbur etməz. Özləri çıxış yolu taparaq, işğalçılıq siyasətindən əl çəkib, silahlı birləşmələrini ölkəmizin ərazilərindən çıxararlar. Azərbaycan ərazisində uzun illərdir yaradılan qeyri-qanuni qondarma, cinayətkar qurum ləğv olunaraq, qonşuluq münasibətləri bərpa olunduqdan sonra Düşmən ölkədə inkişafdan danışmaq mümkündür. Dövlət başçısı iftar süfrəsində etdiyi çıxış ilə bir növ Ermənistan rəhbərliyinə səslənərək bildirdi ki, hadisələrə obyektiv yanaşıb, düzgün fikirləşməyi bacarın. Əks halda sizi bundan dəhşətli fəlakətlər gözləyir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə