Milli Məclisin yaz sessiyasının son iclası başlayıb. SİA-nın xəbərinə iclasda ilk olaraq “Normativ hüquqi aktlar haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb. Qanun layihəsi haqqında məlumat verən Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən yaradılan və parlament tərəfindən qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı təxminən 10-larla qanuna dəyişiklik etmək zərurəti yaranıb.
Komitə sədri bildirib ki, yeni qanun layihəsinin işlənməsi üçün “Normativ hüquqi aktlar haqqında” qanunda məhdudiyyətlər yarandığına görə bura yeni bir maddə əlavə edilməsi təklif edilir.
Təklif edilən 5.4-cü maddədə bildirilir ki, "Ələt azad iqtisadi zonasının ərazisində “Ələt azad iqtisadi zonası haqqında” qanun ilə müəyyən edilmiş hallarda bu Konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir”.
Komitə sədri bildirib ki, bu, Konstitusiya qanunu layihəsidir və qəbul edildiyi təqdirdə 6 ay sonra yenidən səsə qoyulmaq şərti ilə qüvvəyə minəcək.
Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev layihənin əleyhinə çıxıb. O qeyd edib ki, “Ələt iqtisadi zonası haqqında” qanun qəbul ediləndə də bu layihənin əleyhinə olub. Millət vəkili buna səbəb kimi layihədəki bəzi müddəaların Konstitusiyaya zidd olduğunu göstərib.
Deputatın etirazına cavab olaraq spiker Oqtay Əsədov söyləyib ki, qanuna edilən dəyişikliklər Ələt iqtisadi zonanın yaxşı fəaliyyət göstərməsinə yönəlib.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB