Bakıda “Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf” mövzusu müzakirə olunacaq

Bakıda “Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf” mövzusu müzakirə olunacaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 22 noyabr 2010-cu il tarixində Bakı şəhərinin Gülüstan sarayında "Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf" beynəlxalq təhsil konfransı keçiriləcəkdir.

SİA-nın məlumatına görə, beynəlxalq konfrans Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub. Eyni zamanda konfransın keçirilməsində Təhsil Nazirliyi YUNESKO təşkilatı və Microsoft korporasiyasıla yaxından əməkdaşlıq edir.

Konfransın məqsədi Yeni Müstəqil Dövlətlərin təhsil liderlərini bir araya gətirməkdir. Tədbir iştirakçılar arasında təhsil sahəsində əldə olunmuş və texnologiya tərəfindən dəstəklənən bilik və təcrübələrin mübadiləsini, o cümlədən dünya təhsil liderlərinin strategiya, siyasət və praktikasına dair təkliflərini özündə cəmləşdirəcək.

Beynəlxalq Təhsil Konfransı çərçivəsində mütəxəssislər tərəfindən seminarlar təşkil olunacaqdır. Azərbaycan Dillər Universitetində "Ali təhsildə e-tədris", 132-134 saylı təhsil kompleksində "Milli İKT və Təhsil Strategiyasının inkişafı", Elitar Gimnaziyada isə "Müəllim və şagirdlər üçün birin-birə təhsil" mövzusunda seminarlar keçiriləcəkdir. Seminar iştirakçıları həmçinin video-konfranslarda iştirak edəcəklər.

Konfrans çərçivəsində bölgə ölkələri üçün Təhsil Strategiyasında İKT-nin rolu haqqında regional sammit keçiriləcək və təhsil ilə milli iqtisadi strategiya arasında əlaqələr işıqlandırılacaqdır. Konfransda təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, YUNESKO-nun İKT üzrə regional əlaqələndiricisi Tarek Şauki, Macarıstan Respublikasının sabiq təhsil Naziri Balint Magyar, "Microsoft" şirkətinin ümumdünya dövlət-özəl alyansı üzrə baş direktoru Coys Fernandes, İntel Korporasiyasının idarəedici direktoru Brayan Qonsales, Edinburq Universitetinin professoru Çarlz Anderson konfransda təqdimatlarla çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə