Mahmud Əhmədinejad: “İranla-Azərbaycan əlaqələri iki qonşu və dost ölkə arasında olan münasibətlərdən daha yüksəkdir”

Mahmud Əhmədinejad: “İranla-Azərbaycan əlaqələri iki qonşu və dost ölkə arasında olan münasibətlərdən daha yüksəkdir”

"Azərbaycan-İran qardaşlıq əlaqələri bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmlidir. Bölgədə sülhün qorunub saxlanılmasında, inkişafında iki ölkənin rolu əvəzsiz və böyükdür". SİA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İranla Azərbaycan arasında əlaqələr iki qonşu və dost ölkə arasında olan münasibətlərdən daha yüksəkdir. Eyni zamanda o İranla Azərbaycanı regionda sülhün təminatçısı adlandırıb: "Biz qardaş ölkələrik. Dostluq azalıb çoxala bilər, qardaşlar isə hər zaman qardaş olaraq qalır. Azərbaycanın izzəti, təhlükəsizliyi bizim izzətimiz, bizim təhlükəsizliyimizdir. Bu əlaqələri heç kim qıra bilməz".

 

Çıxışına dünyada mövcud olan sistemin tənqidi ilə davam edən prezident qeyd edib ki, bəşəriyyətə zidd olan bu sistem 100 illər ərzində müxtəlif müharibə və münaqişələrə səbəb olub, düşmənçilik yaradıb. Sistemin sonunun çatdığını söyləyən İran prezidenti ədalət və məhəbbətə hakim olan bəşəri sistemə ehtiyac olduğunu bəyan edib: "Bütün xalqları birləşdirmək, zülmün, işğalçılığın kökünü kəsmək üçün hərəkət etməliyik, zalımların sonu çatıb, onlar tarixdən silinib kitabxanalara göndərilməlidir".

 

Zina ittihamı ilə ölüm hökmünə məhkum olunmuş Səkinə Məhəmmədi Aştiani haqqında məhkəmə hökmünün yerinə yetirilib-yetirilməyəcəyi barədə sualı cavablandıran M. Əhmədinejad bildirib ki, onda olan məlumata əsasən ABŞ-da 53 qadına ölüm cəzası verilib, lakin heç kim bunu ədalətsiz saymayıb: "Səkinə Aştianinin məhkəmə işi hələ davam edir, bu işin araşdırılmasında bir problem yoxdur. Orada verilən hökmün qanuni olduğu deyilir, İranda belə hökm çıxarılanda isə insan haqları pozulması kimi qələmə verilir. Həmin qüvvələr bəşəri məsələlərdən siyasi mənfəət güdür. Nə üçün orada edilən edamlarla bağlı heç kim səsini çıxarmır, İranda isə həyata keçirilməyən şey ətrafında səs küy qaldırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə