Azərbaycan və İran prezidentləri arasında təkbətək görüş olub

Azərbaycan və İran prezidentləri arasında təkbətək görüş olub

Noyabrın 17-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad və prezident İlham Əliyevin təkbətək görüşü olub. SİA-nın məlumatına görə, görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub, İran prezidentinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib.

Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Görüşdə ikitərəfli və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda M. Əhmədinejad və Y. Eyyubov arasında qısa protokol söhbəti olub.

Qeyd edək ki, səfərin əsas məqsədi Xəzəryanı ölkələrin sabah Bakıda keçiriləcək sammitində iştirak etmək və iki ölkə arasında münasibətlərə dair Azərbaycan rəsmiləri ilə danışıqlar aparmaqdır.

Bakıya yola düşməzdən əvvəl İran prezidenti Tehranda jurnalistlərə açıqlamasında ölkəsinin digər Xəzəryanı dövlətlərlə əlaqələrinin genişlənməsini alqışladığını qeyd edib. O, sahilyanı ölkələr arasında münasibətlərin güclənməsində Xəzərin böyük potensialının olduğunu vurğulayıb.

M. Əhmədinejadı səfərdə xarici işlər naziri Manuçöhr Mottəki və energetika naziri Məcid Namju müşayiət edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə