Kristofer Smit ermənilərin dəstəkçisi rolunda çıxış edir RƏYLƏR

Kristofer Smit ermənilərin dəstəkçisi rolunda çıxış edir RƏYLƏR

"Bu dinləmələrdə iştirak edən və öz xalqının maraqları əleyhinə çıxışlar edən eminlər, orduxanlar da bilməlidirlər ki, xalq artıq onların kimlərə işlədiyini bilir"

Məlum olduğu kimi, ABŞ-ın Helsinki Komissiyasında Azərbaycandakı seçkilər və fundamental azadlıqlarla bağlı keçirilən dinləmələrdə ölkəmizə qarşı növbəti qərəzli fikirlər səsləndirilib. Məsələyə münasibət bildirən müsahiblərimiz ABŞ-ın Helsinki Komissiyasının Azərbaycana qarşı qərəzini bu təşkilata ermənipərəst Kristofer Smitin rəhbərlik etməsi ilə əlaqələndirdilər.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:

- Vaxtilə Helsinki Komissiyası yeni müstəqilliyə çıxmış Azərbaycan kimi ölkələr tərəfindən fəaliyyəti çox diqqətlə izlənən və bəzi hallarda onun qəbul etdiyi qərarlardan dərs və nümunə götürən bir qurum kimi fəaliyyət göstərirdi. Amma təəssüflər olsun ki, Helsinki Komissiyası az vaxtdan sonra demokratiya yolu ilə gedən xalqların mənafelərindən daha çox dünyanın müxtəlif regionlarında marağı olan müəyyən siyasi lobbi dairələrinin təsiri altında qərarlar qəbul edən quruma çevrildi. Helsinki Komissiyasının Azərbaycanla bağlı indiki münasibəti müəyyən qaranlıq dairələrin təsiri altında qəbul olunmuş eləcə də, ABŞ-ın özünün dövlət maraqlarına hesablanan və bu günün reallıqlarına uyğun olmayan bir mövqedir. Fəaliyyət göstərdiyi 40-45 il ərzində bu komissiyasının fəaliyyətində belə bir dönüş daha çox iki amillə bağlıdır: Birincisi, komissiya getdikcə daha çox müəyyən siyasi lobbi dairələrinin, xüsusilə də, ermənipərəst, erməni lobbisinin təsiri altına düşməyə başladı. Çünki komissiyasının fəaliyyətində biz erməni lobbisinin çox parlaq əlamətlərini görürük. Bir necə dəfə Azərbaycanla bağlı belə qərarlar qəbul olunub. Bununla qurumun heç də müstəqil olmadığını nümayiş etdirib. İkincisi isə, komissiya Azərbaycan reallıqları ilə bağlı müəyyən müzakirələr aparan zaman qərəzli mövqeləri ilə seçilən mənbələrin məlumatlarına önəm verir. Əgər Azərbaycanla bağlı müzakirə aparılanda, birbaşa proseslərin içində olan subyektlərlə işlənilsəydi və həqiqəti üzə çıxartmaq əsas meyil olsaydı, şübhə etmirəm ki, komissiyanın müzakirələri tamam başqa nəticələr ortaya qoya bilərdi. Amma təəssüf ki, Azərbaycandan bu və ya digər səbəblərdən nə vaxtısa üz döndərib getmiş və yaxud Azərbaycandan qisas almaq istəyən xarici dairələrin fikirlərinə daha çox önəm veriblər. Bu, Helsinki Komissiyasının işində əsas tendensiyaya çevrilib. Nəticədə, həm Helsinki Komissiyasının özü qeyri-obyektiv mövqeyə gəlib çıxıb, həm də, faktiki ABŞ-ın bu regionda və Azərbaycandakı dövlət maraqları sual altına düşür. Bununla, həm də Azərbaycanın bu gün malik olduğu reallıqlar təhrif olunub. Hesab edirəm ki, ABŞ-da Helsinki Komissiyasının bu fəaliyyətinə daha sağlam mövqedə təsir göstərməyə çalışan dairələr getdikcə güclənəcəkdir.

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas:

- Məlumdur ki, xarici ictimai təşkilatlar Azərbaycanı hədəf seçiblər. Bu hədəf seçilməyində, məqsədi bizə tam şəkildə aydındır. Yəni bu böyük bir konsepsiyadır. Ümumiyyətlə, türk- müsəlman aləmində olan dövlətlərə qarşı bir necə istiqamətdə basqı var. Bu basqılardan biri də, guya ölkədə demokratiyanın və seçkilərin normal keçirilməməsi ilə bağlıdır. Bu, artıq 20 ildən çoxdur ki, çağırılan bayatıdır. Bu bayatılarla hamı yaxından tanışdır. Bununla onların əsas məqsədi Azərbaycanda nə isə xoşagəlməz bir vəziyyət yaratmadır. Azərbaycanda stabil həyat normalarının davam etməsi bu cür təşkilatlarda çalışan ermənipərəst qüvvələrə sərf eləmir. Onlar təxribatçı hesabatları ilə əldə olunan uğurlara kölgə salmağa çalışırlar. Ancaq məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Çünki xalq aparılan siyasətin düzgün olduğunu bilir və iqtidarın daxili və xarici siyasətini, birmənalı şəkildə dəstəkləyir. Əgər Azərbaycanda keçirilən seçkilər nöqsanlı olsaydı, cəmiyyət bundan məlumatlı olardı. Seçkilərin azad və ədalətli keçirilməsini seçki prosesini yaxından izləmiş çoxsaylı yerli və xarici müşahidəçilər öz hesabatlarında təsdiqləyiblər. Azərbaycan vətəndaşları keçirilən seçkilərdən tam şəkildə razıdırsa, onda bu cür təşkilatların yaydıqları hesabatları, səsləndirdikləri fikirləri Azərbaycana qarşı təxribat hesab etmək və erməni siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Ona görə də, bu təşkilatların hesabatlarını kağız parçası hesab etmək və səsləndirdikləri fikirlərə fikir verilməməlidir. Bir növ "it hürər, karvan keçər" misalındakı kimi baxmaq daha münasib olardı.

"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev:

- ABŞ-ın Helsinki Komissiyasının Azərbaycandakı fundamental azadlıqlar və seçki ilə bağlı dinləmələr keçirməsi ölkəmizin əleyhinə atılmış bir addımdır. Ən azından, bu komissiyanın rəhbəri Kris Smitin fəaliyyət tarixçəsinə nəzər saldıqda, onun daimi olaraq torpaqlarımızı işğal etmiş bir dövlətin dəstəkçisi olduğunun şahidi olarıq. Bu şəxs tarixdə qəsdən ortaya atılmış "erməni soyqırımı" kimi saxta bir iddianın ABŞ tərəfindən tanınması üçün canfəşanlıq edənlərin başında durur. Əgər bu adamlar dünyada fundamental azadlıqlar uğrunda mübarizə aparırlarsa, niyə Şərq ölkələrində yaşamaq hüquqları belə əllərindən alınan körpə uşaqların qurbana çevrildiyi siyasi oyunlara "dur" demirlər. Əgər seçki məsələləri bunlara belə əzizdirsə, niyə bəzi ölkələrdə xalqın seçimi ilə hakimiyyətə gələnləri silahla devirənlərin ayaqları altına qırmızı xalı döşəyirlər? Nədən, ümumiyyətlə, seçki keçirilməyən bəzi dövlət liderləri bunların ən yaxın dostlarıdırlar? Deməli, məsələ fundamental azadlıqlar və ya seçkinin necə keçirilməsi deyil. Məsələ onların ehtikar maraqlarının təmin olunmasındadır. Azərbaycan müstəqil dövlətdir. Dövlətimiz müstəqil daxili və xarici siyasət yürüdür. Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tutur, beynəlxalq hüququn işləməsinin tərəfindədir. Bu addımlar isə özlərini "demokratlar" hesab edən Kris Smit kimi siyasətçilərə sərf etmir. Bütün bu təzyiqlərə baxmayaraq, biz öz yolumuzla irəliləməkdə davam edəcəyik. Çünki demokratik inkişaf yolunu xalqımız könüllü olaraq seçib. Bu dinləmələrdə iştirak edən və öz xalqının maraqları əleyhinə çıxışlar edən eminlər və orduxanlar da bilməlidirlər ki, xalq artıq onların kimlərə işlədiyini bilir. Elin gözü tərəzidir.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə