Və ya Rusiya amili hələ ki, bu ölkəni çalxalamaq gücündədir
Mayin 1-də Ermənistanda növbədənkənar baş nazir seçkiləri keçiriləcək və bu məsələ ətrafında yaranmış problemlər hələ də həll olunmamış qalmaqdadır. Xüsusilə, N.Paşinyanın açıq-aşkar Rusiyaya meydan oxuması bu vəziyyəti daha da gərginləşdirə bilər. Ancaq hazırda erməni mediasında da gündəlik şəkildə ilginc məsələlərə toxunulur...
“Hesab edirəm ki, Karen Karapetyan özünün danışıqlar apara bilmək gücünə inanmır və əgər bir insan öz ölkəsində danışıqlar aparmaq gücünə inanmırsa, bəs Qarabağ məsələsi ətrafında necə danışıqlar aparacaq”. SİA xəbər verir ki, erməni qiyamçılarının lideri Nikol Paşinyanın bu sözlərini erməni siyasi şərhçisi Sarqis Artsruni 1in.am saytındakı analitik yazısında K.Karapetyanın N.Paşinyanla danışıqlar aparmaq təklifini rədd etməsinə münasibətini yazarkən qeyd edib.
Nikol Paşinyan Karen Karapetyanın baş nazirliyə namizəd olaraq irəli sürülməsi mümkünlüyünü “Respublika” partiyasının əlindən alıb
Analitik yazır ki, Paşinyanın bu mövqeyi çoxqatlıdır və ilk növbədə “Respublika” partiyasına ünvanlanıb. “Hətta demək olar ki, Paşinyan K.Karapetyana qarşı bu arqumenti ustalıqla istifadə edib ki, həmin arqumenti elə hakim partiyanın üzvləri vaxtilə Karapetyana ünvanlayaraq, parlament Ermənistanında baş nazir vəzifəsinə layiq olmadığını deyirdilər. N.Paşinyan K.Karapetyanın baş nazirliyə namizəd olaraq irəli sürülməsi mümkünlüyünü “Respublika” partiyasının əlindən alıb. Qlobal mənada Paşinyan bütünlüklə hakim partiyanı siyasi və ruhi motivdən uzaqlaşdırıb və “Respublika” partiyasının bir ay öncə Serj Sarkisyan kimi əvəzedilməzi var idisə, bundan sonra nə K.Karapetyan, nə də digər hakim partiya təmsilçisi baş nazirliyə namizəd ola bilməyəcək. Bununla yanaşı, Paşinyan “Respublika” partiyasına həmin motivi sızdırır ki, partiya K.Karapetyanın baş nazirliyə namizədliyini rədd etsin”.
Sarqis Artsruni: “Mayın 1-də ya milli sistemin perpektivləri baxımından inqilab qalib gələcək, ya da əksinqilab baş verəcək – üçüncü respublikanı Rusiyanın işğalına təhvil verməklə”
S.Artsruni həmçinin yazır ki, K.Karapetyan Ermənistan üçün yad biridir və onun hakimiyyəti yalnız barrikadaların və tikanlı məftillərin o biri tərəfində ola bilər. “K.Karapetyan N.Paşinyanla deyil, Moskva ilə danışıqlar aparmağa üstünlük verir – baş nazir olmaq üçün Ermənistanı kapitulyasiya etməkdən ötrü”-deyə erməni şərhçisi qeyd edib: “Mayın 1-də Ermənistan N.Paşinyanla K.Karapetyan arasında deyil, Rusiyanın vassalı, yaxud müstəqillik arasında olmaq üçün seçim edəcək. Mayın 1-də ya milli sistemin perpektivləri baxımından inqilab qalib gələcək, ya da əksinqilab baş verəcək – üçüncü respublikanı Rusiyanın işğalına təhvil verməklə”.
Aram Navasardyan: “Əgər Paşinyan desə ki, “mən xalq namizədiyəm və baş nazir də mən olacağam” bu doğru olmazdı... “
Digər erməni politoloqu, «Gallup International Association» klubunun direktoru Aram Navasardyan isə bildirib ki, N.Paşinyan artıq çox şey edib və qarşısına qoyduğu məsələlərin bir hissəsinin öhdəsindən gəlməyi bacarıb: “O, Serj Sarkisyanın istefasına müyəssər olub və anlaşılandır ki, N.Paşinyan bu kimi pozitiv olaylardan nəticə çıxararaq və anlayır ki, lideri olduğu hərəkat seçkilərdə o qədər səs toplayacaq ki, hakim partiya ümumiyyətlə öz yerini həmin hərəkata təhvil verəcək”.
“Paşinyanın buna nail olub-olmayacağına gəldikdə isə hər bir addımı konstitusiya çərçivəsində atmaq gərəkdir”-deyə qeyd edən erməni politoloqu bildirib ki, əgər Paşinyan desə ki, “mən xalq namizədiyəm və baş nazir də mən olacağam” bu doğru olmazdı...
«Gallup International Association» klubu: “Hakim partiya üzvləri bir halda öz mövqelərini qoruyub-saxlamağa nail ola bilərlər ki, bütün hallarda N.Paşinyana səs versinlər”
Navasardyana görə, mövcud vəziyyətdə hərəkat liderlərinə çətin ola biləcək yeganə məqam “Respublika” partiyasının üzvlərindən Paşinyana səs verməyə razı salmaq məsələsidir: “Əgər Nikol Paşionyan keçid dövrünün baş naziri olarsa, bu elə də həsəd aparılası vəzifə olmayacaq. Çünki onun qarşısında Ermənistanda yığılmış kütləvi problemlərin həlli məsələsi dayanır və o, bu problemləri həll etmək məcburiyyətində qalacaq”.
«Gallup International Association» klubunun direktoru əlavə olaraq bildirib ki, respublikaçılar belə bir vəziyyətdə, yəni bundan sonra öz mövqelərini qoruya bilməyəcəklər. O, hakim partiyanın hökumət üzvlərini vəzifələrindən və parlamentdəki yerlərindən məhrum olacaqlarını da bildirib. Navasardyan təklif edib: “Hakim partiya üzvləri bir halda öz mövqelərini qoruyub-saxlamağa nail ola bilərlər ki, bütün hallarda N.Paşinyana səs versinlər”.
Beləliklə, Ermənistanda bir-birini əvəzləyən hadisələr fonunda problemlərin köklü şəkildə və tezliklə dəyişə biləcəyi elə də mümkün görünmür və xüsusilə, Rusiya amili hələ ki, bu ölkəni çalxalamaq gücündədir. Hər halda mövcud vəziyyət də bunu göstərir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB