Yaxud, Qərb-Rusiya qarşıdurması fonunda daha hansı faktlar üzə çıxır?
Ermənistanda cərəyan edən bəlli proseslərdən sonra Rusiya prezidenti Vladimir Putinin erməni prezident Armen Sarkisyanla yaranmış vəziyyəti müzakirə etməsi ilk öncə belə qənaətə gəlməyə zəmin yaradır ki, hazırda Qərbin hadisələri öz nəzarəti altına alması cəhdləri və həmin cəhdlərin uğurlu nəticələri Kremli ciddi şəkildə narahat etməyə başlayıb. Çünki qiyamçıların lideri Nikol Paşinyan da öz müraciətlərini bilavasitə qərbmeylli tərzdə səsləndirir, bu isə rəsmi Moskvanın forpostu rolunu oynayan vassal Ermənistanın get-gedə əldən çıxması mümkünlüyünü reallaşdırır. Əbəs deyil ki, müzakirələr əsnasında daxili böhranın tezliklə həll edilməsi, bu istiqamətdə cavabdehlik daşıyan siyasi güclərin konstruktiv dialoqa getməsi vacibliyi və s. bənzər məsələlər qabardılıb.
Serj Sarkisyanın baş nazir seçilməsindən sonra onu ilk dəfə məhz Putin təbrik etmişdi
Lakin digər maraqlı məqam erməni mediasının proseslər ətrafında işıqlandırdığı yazı və münasibətlərdir ki, onlardan biri Ermənistanın müxalifətmeylli 1in.am saytında qeyd olunub. SİA xəbər verir ki, saytının analitik yazarı, erməni müəllif Sarkis Artsruniyə görə, formal mənada Rusiya Federasiyasının müttəfiqi sayılan ölkədə baş verən dramatik hadisələrlə maraqlanması anlaşılandır. Halbuki, Moskva rəsmi şəkildə Ermənistanda baş verən olaylara qarışmadığını bəyan edib. “Digər tərəfdən, Moskvanın Ermənistandakı “məxməri inqilaba” verdiyi reaksiyasında digər ilginc mənzərə nəzərə çarpmağa başlayır”-yazan erməni müəllif qeyd edir ki, daha öncələr baş vermiş hadisələrdən fərqli olaraq, Moskva budəfəki hakimiyyət dəyişikliyinə göz yummaq taktikasına - Ermənistan hakimiyyətinə dəstək görtəməməyə üstünlük verdi. Hansı ki, Serj Sarkisyanın baş nazir seçilməsindən sonra onu ilk dəfə məhz Putin təbrik etmişdi.
Rus elitasında Ermənistanı əldə saxlamaq üçün Serj Sarkisyanı qurban vermək barədə ümumi razılaşma da olub
Erməni müəllif digər bir məqama da toxunaraq yazır ki, Moskva sanki S.Sarkisyanın gedişini proqnozlaşdırmışdı hətta dolayısı ilə bu prosesdə iştirakçıya da çevrilmişdi. Belə ki, rus elitasında Ermənistanı əldə saxlamaq üçün S.Sarkisyanı qurban vermək barədə ümumi razılaşma da olub. Məhz bu kimi faktları incələyərkən, Ermənistanın Qərb cinahında yer ala bilməməsi istiqamətində Moskvanın bu kimi planlarının olduğu üzə çıxmaqdadır. “Mümkündür ki, Moskvanın Ermənistanda baş verən qiyamın birinci mərhələsinə loyal yanaşması da özündə bu amilləri ehtiva etməkdədir”- deyə erməni analitiki məqaləsində yazır.
S.Aartsruniyə görə, vəziyyət köklü şəkildə S.Sarkisyanın istefasından sonra dəyişildi. O zamandan sonra ki, Ermənistanda genişlənən siyasi hərəkat bütünlüklə mövcud sistemin ləğv olunması tələbini irəli sürdü: “Məsələ ondadır ki, Ermənistanın kriminal-oliqarx sistemi erməni-rus vassal münasibətlərinin əsas simvoludur. Ermənistanda bu sistem 1999-cu ilin 27 oktyabr və 2008-ci ilin 1 mart qanlı hadisələrində “korrektə” olundu. Putin sadəcə Ermənistandakı hadisələrə ona görə müdaxilə etdi ki, həqiqətən də kriminal-oliqarx sistemin ölkəmizdə məhv olmasından ehtiyat edir. Çünki bu sistem olmasa, erməni-rus münasibətləri radikal şəkildə dəyişilə bilər”.
Rus elitası erməni qiyamı presedentinin Rusiya cəmiyyətinə və Rusiyanın nəzarətində olan Avrasiya İttifaqı ölkələrinə də sıza biləcəyindən ehtiyat edir
Göründüyü kimi, erməni analitiki burada digər bir məsələyə - Ermənistanda uzun illərdən bəri formalaşmış oliqarx-kriminal sistemin dağılma ehtimalının bütövlükdə Rusiyanın maraqlarına xidmət etmədiyinə eyham vurur. Yəni bir tərəfdən Qərbin nəzarətinin güclənməsi, digər tərəfdən isə kriminal sistemin çöküşü Şimal ölkəsində də mövcud olan bənzər sistemə zərbə vura bilər. “Başqa tərəfdən, rus elitası erməni qiyamı presedentinin Rusiya cəmiyyətinə və Rusiyanın nəzarətində olan Avrasiya İttifaqı ölkələrinə də sıza biləcəyindən ehtiyat edir ki, bu da Putinin sözdə siyasi modelinə zərbə vurmaq ehtimalını artırır”-deyə S.Artsruni yazır. SİTAT: “Putin Rusiyanın Ermənistanı total nəzarətində saxlamaq üçün oloqarx sisteminin qorunmasına çalışır. Belə bir vəziyyət söz yox ki, erməni “məxməri inqilabının” motivizə olunmasına yeni güc verir. Bu kontekstdə Karen Karapetyanın baş nazir kimi saxlanılması Ermənistanın “abxaziyalaşdırılmasına” səbəb ola bilər”.
Erməni müəllif Yerevan meydanlarının bundan sonra da davamlı kütlələrlə təmin olunması vacibliyinə toxunur və bu halda Moskvanın müdaxilələrinin reallaşa bilməyəcəyini yazır. Beləliklə, fakt budur ki, Rusiya Ermənistana nəzarətini əlində saxlamaq naminə Qərblə münasibətlərini daha da mürəkkəbləşdirə bilər. Əgər qiyamçıların lideri Nikol Paşinyan bir addım geri çəkilərsə, bu günə qədər əldə etdiyi uğurları bir andaca itirmək təhlükəsini yaşaya bilər. Hətta Ermənistan indikindən də ağır duruma düşüb süqut buxovundan qurtula bilməz. Ümumiyyətlə, son proseslər də bu faktorları açıq-aydın göstərməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB