63 saylı Sabirabad I seçki dairəsində hazırlıq işləri başa çatıb

63 saylı Sabirabad I seçki dairəsində hazırlıq işləri başa çatıb

Ölkə ərazisində 11 aprel tarixdə keçiriləcək prezident seçkisinə hazırlıqla bağlı yerlərdə vəziyyət necədir? SİA-nın Aran bürosunun əldə etdiyi məlumata görə, 63 saylı Sabirabad I seçki dairəsində 35 seçki məntəqəsi üzrə 41105 nəfər seçici qeydiyyatdadır. Bunlardan 973 nəfəri ilk dəfə səsvermə hüququ qazananlardır.

Bildirilib ki, 11 aprel tarixində səsvermə günü Sabirabad rayonun Qalağayın kənd sakini Əlizadə Elyaz Namiq oğlunun 18 yaşı tamam olduğundan həmin şəxsə MSK tərəfindən xüsusi hazırlanmış vəsiqə təqdim olunacaq. Dairə ərazisində 2 nəfər 100 və 102 yaşında olan seçici var. Seçki gününə məntəqələr lazımı bina şəraiti, seçki sənədləri və avadanlıqlarla tam təchiz edilib. İşıq, telefon əlaqəsi, generator və sairələrini misal göstərmək olar. Hətta əlil arabasından istifadə edən seçicilər müəyyənləşdirilib, bu məqsədlə müvafiq seçki məntəqələrində panduslar quraşdırılıb.

DSK üzrə 396 nəfər müşahidəçi qeydə alınıb. Səsvermədə iştirak etmək üçün yaşadığı ərazidə olmayan 125 nəfər seçiciyə qeydiyyatdan çıxma vəsiqələri təqdim olunub. Bunlardan 80 nəfəri respublikamızın ayrı-ayrı yerlərində təhsil alan tələbələrdir. Səsvermədə şəffaflığın artırılması məqsədi ilə 5 seçki məntəqəsində veb kamera quraşdırılıb. MSK-nın elektron saytı vasitəsi internetə çıxış imkanı olan hər bir vətəndaş səsvermə günü səsvermə prosesini bütünlüklə canlı şəkildə izləmə imkanı əldə edə bilər.

Beləliklə, qaydalara və seçki təlimatlarına uyğun olaraq seçki gününə hazırlıqlar 63 saylı Sabirabad I seçki dairəsinin məntəqələrində başa çatıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə