Serjik gedir və qalır...

Sarqis Artsruni: “Serj Sarkisyan öz vəzifəsi ilə vidalaşdıqdan sonra nəinki siyasətdən getməyəcək, həmçinin, hakimiyyətin sükanının əlində saxlayacaq”

“Serj Sarkisyan bu gün - Ermənistan cəmiyyətində əks-təəssüratlar buraxaraq, prezidentlik vəzifəsi ilə vidalaşır. Sarkisyan – Ermənistanın 3 prezidentindən biridir ki, öz vəzifəsi ilə vidalaşdıqdan sonra nəinki siyasətdən getməyəcək, həmçinin, hakimiyyətin sükanının əlində saxlayacaq. Artıq kimsə şübhə etmir ki, məhz o, aprelin 17-dən sonra artıq parlament idarəçiliyi olan Ermənistanda baş nazir vəzifəsini tutacaq”. SİA xəbər verir ki, bu barədə Ermənistanın müxalifyönlü 1in.am saytının rus dilli bölməsində siyasi analitik Sarqis Artsruni qeyd edib.

“Kifayət qədər insanlar var ki, onlar Sarkisyanın bioqrafiyasının bu hissəsinin həddindən artıq şişirdildiyini, hətta uydurulduğunu iddia edirlər”

Artsruni öncəki illərə ekskurs edərək, yazır ki, 1988-ci il “hərəkatı” (Dırnaqlar bizimdir və burada DQ-da erməni separatçılığın və ekstremizmin əsası nəzərdə tutulur-R.N.) olmasaydı, Serj Sarkisyan partiya-dövlət rütbəsində mühüm simaya çevrilərdi. SİTAT: “Serj Sarkisyanın marksizm-leninizm ideologiyasına inanmasını çətin deyə bilərik, yaxud, hələ cavanlıq vaxtlarından dövlət işlərinin onu cəlb etməsi qənaətinə gələ bilərik, ancaq o, öz yerini sovet zamanlarında tutmağı bacardı. Serj Sarkisyan 1979-cu ildən 1988-ci ilə qədər Stepanakertin (Xankəndinin-R.N.) şəhər komitəsinin komsomol təşkilatından DQ-ın birinci katibinin birinci müavini statusuna qədər yüksəlib”.

Beləliklə, Sarkisyanın sovet hakimiyyəti zamanındakı sonuncu vəzifəsinin hətta bu gün də onun spekulyasiya etməsinə səbəb olduğunu yazan erməni analitiki onu nəzərdə tutub ki, sözügedən “hərəkatın” ilk günlərindəcə, vilayətin partiya təşkilatları mitinqlərlə bağlı qadağaları aradan qaldırmağa çalışırdılar. Serj Sarkisyan “erməni ümummilli hərəkatı” ilə isti münasibətlərini qurdu və “Artsaxda” (Dırnaqar bizimdir-R.N.) təsirli mövqelərə sahib oldu. SİTAT: “Serj Sarkisyanın rəsmi bioqrafiyasında onun 1989-cu ildən, 1993-cü ilə qədər “DQR”in özünümüdafiə komitəsinə rəhbərlik etdiyi bildirilir. Bu, ehtimala etməyə zəmin yaradır ki, Ermənistanın mövcud prezidenti 4 il “DQR”in “müdafiəsini” (separatçılıq siyasətini-R.N.) koordinasiya edib. Xatırladaq ki, Serj Sarkisyan bu statusunda bir neçə dəfə Ermənistan televiziyasına müsahibələr verərək, həmin dövrlərin müxalifətinə qarşı kəskin fikirlər səsləndirib. Lakin Ermənistanda da, “Artsaxda” da kifayət qədər insanlar var ki, onlar Sarkisyanın bioqrafiyasının bu hissəsinin həddindən artıq şişirdildiyini, hətta uydurulduğunu iddia edirlər. Çünki həmin vaxtlarda “Artsaxda” “Özünümüdafiə gücləri komitəsi” adı altında heç bir orqanın olmadığı vurğulanır”.

Sarqis Artsruni sözügedən analitikasında yazır ki, guya Sarkisyan bir neçə aylıq “Artsaxı” tərk edir və bəzi iddialara görə, Moskvaya gedir. SİTAT: “Bəziləri iddia edirlər ki, Serj Sarkisyan Moskvada olduğu müddətdə belə, “Artsax”ın “özünümüdafiəsinə” aid olan işlərlə məşğul olub, bəziləri isə deyirlər ki, onun Moskvaya getməsi həmin vaxtlar DQ erməniləri arasında üstünlüyə sahib olan Samvel Babayanla arasında olan intriqalarla bağlıdır”.

Analitik yazıda Serj Sarkisyanla bağlı digər ilginc amilə toxunulur. Belə ki, Artsruni yazır: “Bəllidir ki, Serj Sarkisyan 1993-cü ildə Vazgen Sarkisyanın dəstəyi ilə Ermənistanın müdafiə naziri oldu. İnformasiyalara malik olan mənbələr həmçinin yazırlar ki, Sarkisyan çox qısa müddət ərzində Levon Ter-Petrosyanın sevimli nazirlərindən oldu. Deyilənə görə, prezidentlə naziri yalnız partnyorluq və dostluq münasibətləri deyil, eləcə də şahmat oyununa olan sevgi də birləşdirirmiş”.

“Sarkisyanın təyinatı Levon Ter-Petrosyan üçün “öldürücü” oldu: hakimiyyət daxilində balans pozuldu və bu, son anda - 1998-ci ilin fevralında saray çevrilişi ilə nəticələndi”

Erməni analitiki daha sonra yazır: “Serj Sarkisyan 1995-ci ildə milli təhlükəsizlik naziri olur və elə bir zamanda ki, “Vahan Ovannisyan+30” işi ifşa olunur. Deyilənə görə, Serj Sarkisyan bu gün koalisiya əməkdaşlığı etdiyi “Ermənistan Respublikaçı Cəbhəçilər Hərəkatı” terror təşkilatının rəhbərlərini həmin vaxtlar məyus edir. Ümumiyyətlə, Serj Sarkisyan müxalifətə qarşı ən ağır ölçülərin götürülməsi tərəfdarı olaraq çıxış edib. Təsadüfi deyil ki, 1996-cı ildə keçirilmiş rezonanslı prezident seçkilərindən sonra o, DİN və MTN-nin birləşməsi sayəsində supernazir olur. İki nazirliyin birləşməsi və Sarkisyanın təyinatı Levon Ter-Petrosyan üçün “öldürücü” oldu: hakimiyyət daxilində balans pozuldu və bu, son anda - 1998-ci ilin fevralında saray çevrilişi ilə nəticələndi. Bu çevrilişin əsas adamı isə Serj Sarkisyan idi”.

Sarqis Artsruni həmin illərə də toxunaraq yazır ki, Robert Köçəryanın prezidentliyinin ilk ilində Serj Sarkisyan DİN və MTN-nin naziri olaraq qaldı və bununla yanaşı, hakimiyyətin əsas üzvlərindən biri kimi mövqeyini saxladı. SİTAT: “Lakin 1998-ci ilin sonunda və 1999-cu ilin əvvəlində hakimiyyət daxilində münasibətlər pozulmağa başladı. Vazgen Sarkisyan-Karen Dəmirçyan alyansının mövcudluğu və Vazgen Sarkisyanın ətrafından hesab edilən iki generalın – müdafiə nazirinin müavini Vaqram Xoorxoruninin və daxili qoşunların komandanı Artsrun Marqaryanın öldürülməsi Robert Köçəryan-Serj Sarkisyan tandemini məhv etdi. “Miasnutyun” alyansının 1999-cu ilin parlament seçkilərində qələbə qazanması və Vazgen Sarkisyanın baş nazir postuna təyin olunmasından sonra Serj Sarkisyan nazirlər kabinetindəki yerini qorudu. Lakin bu dəfə MTN-dəki nazir vəzifəsini saxlaya bildi. Çünki Vazgen Sarkisyan birləşmiş nazirlikləri buraxmaq qərarı vermişdi.

1999-cu ilin 27 oktyabr qətliamından sonra Serj Sarkisyanın əhatə dairəsi daha da daralmağa başladı. Onu ən azından vəzifəsinə məsuliyyətsiz yanaşdığına görə ittiham edirdilər. Sonda isə “Miasnutyun” alyansının tələbinin ardınca, Serj Sarkisyan istefaya göndərildi və sonrakı altı ayda Ermənistan prezidenti aparatının rəhbəri, eyni zamanda təhlükəsizlik şurasının katibi postları ilə kifayətlənməli oldu”.

“Seçkilərdən qabaq Andranik Marqaryan qəfildən ölür və bundan sonra Serj Sarkisyan onu həm baş nazir, həm də Respublika partiyasının sədri vəzifələri ilə əvəz edir”

Erməni analitiki həmçinin yazır ki, 2000-ci ilin mayından sonra vəziyyət kardinal şəkildə dəyişildi – baş nazir Aram Sarkisyan hakimiyyətdən uzaqlaşdırıldı və Robert Köçəryan həmin hakimiyyəti öz əlində cəmləşdirdi. Serj Sarkisyan sonrakı 7 ildə müdafiə naziri vəzifəsini icra etdi. SİTAT: “2003-cü ilin prezident seçkiləri zamanı Serj Sarkisyan Robert Köçəryanın seçki qərargahına rəhbərlik edib və həmin ərəfələrdə siyasət və ekspert dairələrinə açıq olaraq bildirib ki, o, Köçəryanın xələfi olacaq. Lakin Serj Sarkisyan çox yəqin ki, Robert Köçəryanı hamıdan yaxşı tanıyırdı və onun dəstəyinə deyil, özünə güvənirdi. Serj Sarkisyan demək olar ki, 2007-ci ildə keçirilmiş parlament seçkilərinin Respublika partiyasının proporsional siyahısında Vazgen Sarkisyanın presedentini təkrar edib. Seçkilərdən qabaq Andranik Marqaryan qəfildən ölür və bundan sonra Serj Sarkisyan onu həm baş nazir, həm də Respublika partiyasının sədri vəzifələri ilə əvəz edir. Baxmayaraq, Serj Sarkisyan Robert Köçəryan hakimiyyəti daxilində ən çox təsir etməyə malik şəxs kimi seçilirdi, Köçəryan öz hakimiyyətini xarici işlər naziri Vardan Oskanyana dövr etmək fikrindəydi.

Ancaq Robert Köçəryana iki məsələ mane oldu. Bunlar - birincisi Serj Sarkisyanın rəhbəri olduğu Respublika partiyasının parlament seçkilərində qələbə qazanması, ikincisi isə Levon Ter-Petrosyanın siyasətə dönüşü və prezidentlik ambisiyasını ortaya qoymasıdır. Serj Sarkisyan səsli-küylü prezident seçkiləri nəticəsində və 1 mart hadisələri fonunda dövlət başçısı postuna sahib oldu”.

On illik hakimiyyətdə olduğu dövrdə ölkə əhalisinin sayı azaldı, iqtisadiyyat çökdü, yoxsulluq həddi sosial problemlər durmadan artmağa başladı...

Sarqis Artsruni analitik yazısının sonunda Serj Sarkisyanın hakimiyyətdə olduğu dövrlərdə Ermənistanı sürüklədiyi bəlaları da sadalayıb və qeyd edib ki, onun on illik hakimiyyətdə olduğu dövrdə ölkə əhalisinin sayı azaldı, iqtisadiyyat çökdü, yoxsulluq həddi sosial problemlər durmadan artmağa başladı və s. “Bu gün Serj Sarkisyan prezidentlik postunu tərk edir, lakin hakimiyyəti, hətta iqamətgahını saxlayır. Belə ki, aprelin 17-dən başlayaraq, bu dəfə baş nazir qismində ölkəni idarə edəcək”-deyə erməni analitiki siyasi təhlilini yekunlaşdırıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə